Şərur rayonunda medalların təqdimatı olub - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Şərur Rayon İcra Hakimiyyətində Vətən Müharibəsində şəhid olanların ailə üzvlərinə, qazilərə və müharibə iştirakçılarına medallar təqdim edilib.
Tədbirdə əvvəlcə Vətən uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov qeyd edib ki, parlaq qələbəmizlə nəticələnən Vətən Müharibəsində qüdrətli Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında yüksək peşəkarlıq nümayiş etdirdi, düşmənə sarsıdıcı zərbələr vuraraq tarixi ədaləti bərpa etdi. Qanlı döyüşlər zamanı Şərur rayonu üzrə 38 hərbçi canını qurban verərək şəhid olub, 16 hərbçi isə qazi adını qazanıb.
Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsinin rəisi, polkovnik-leytenant Həsən Məmmədov bildirib ki, torpaqlarımızın ərazi bütövlüyü uğrunda şücaət göstərən hərbçilərimizə, şəhidlərimizin ailə üzvlərinə hər zaman dövlət qayğısı göstərilir. Bu gün şəhid ailələrinə, müharibə əlillərinə və müharibə iştirakçılarına “Xocavəndin azad olunmasına görə” medallarının təqdim edilməsi də bu qayğının bir hissəsi və davamıdır.
Sonra Vətən Müharibəsi şəhidlərinin ailə üzvlərinə, qazilərə və müharibə iştirakçılarına medallar təqdim olunub.
Tədbirdə iştirak edən şəhid ailələrinin üzvləri və digər iştirakçılar göstərilən diqqət və qayğıya görə minnətdarlıq ediblər.
Ərhan Novruzov