Muxtar respublikada telekommunikasiya sahəsində yeni texnologiyaların istifadəsi, xidmət şəbəkəsinin müasir standartlara uyğunlaşdırılması və müasir telekommunikasiya xidmətlərinin qurulması istiqamətində irimiqyaslı layihələr icra olunur. Bu da rabitə xidmətlərinin yaxşılaşdırılması, əhatə dairəsinin genişləndirilməsi, göstərilən xidmətlərin keyfiyyətinin artırılmasında əvəzsiz rola malikdir. Bu tədbirlər çərçivəsində yaşayış məntəqələri fiber optik xətt və sürətli internetlə təmin olunur. Bunlarla yanaşı, müasir tələblərə cavab verən yeni avtomat telefon stansiyaları quraşdırılır, habelə bir sıra yerlərdə aztutumlu telefon stansiyaları yüksək montaj tutumuna malik yeni nəsil avtomat telefon stansiyaları ilə dəyişdirilir, bir sıra yerlərdə telefon stansiyalarının internet tutumları da artırılır.
Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, həyata keçirilən tədbirlərin davamı olaraq Naxçıvan şəhərinin İlqar Ələkbərov, Məhəmməd Füzuli və İstiqlal 73 ünvanında fiber optik kabel şəbəkəsinin genişləndirilməsi, abonentlərin sürətli internetlə təmin olunması məqsədilə fiber-optik paylayıcı şkaflarda təmir-bərpa işləri aparılır.
Təmir-bərpa işləri zamanı mövcud olan müxtəlif tutumlu yararsız xətlər istismardan çıxarılaraq müasir standartlara cavab verən fiber-optik kabellərlə əvəzlənir, rabitə xətləri texniki normalara uyğun vəziyyətə gətirilir və yaranmış nasazlıqlar aradan qaldırılır.
Həyata keçirilən tədbirlər abonentlərin keyfiyyətli rabitə və internet xidmətləri ilə təmin olunmasına șərait yaradacaq.