Naxçıvanda sosial qayğıya ehtiyacı olan uşaqlarla bayram tədbiri keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan şəhərindəki “Sahil kafe”də Novruz bayramı münasibətilə şəhid və qazi övladlarının, sağlamlıq imkanları məhdud istedadlı gənclərin iştirakı ilə tədbir keçirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin sosial müdafiəsi naziri Nicat Babayev bildirib ki, muxtar respublikada sosial qayğıya ehtiyacı olan uşaqlara göstərilən yüksək dövlət qayğısının ifadəsi olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamları ilə bu sahədə Dövlət Proqramları təsdiq olunub və ötən dövr ərzində uğurla icra edilib. Sağlamlıq imkanları məhdud uşaqların təhsil müəssisələrinə cəlbi istiqamətində kompleks tədbirlər həyata keçirilib, onların tibbi reabilitasiyası istiqamətində yeniliklərin tətbiqi diqqət mərkəzində saxlanılıb. Nazir bildirib ki, son dövrlərdə keçirilən sosial əhəmiyyətli tədbirlərdə, şəhid və qazi övladlarının iştirakına da xüsusi önəm verilib.

Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev iştirakçıları Novruz bayramı münasibətilə təbrik edərək bildirib ki, Vətən müharibəsində şəhid və qazilərimizin göstərdiyi şücaət gənclərimiz üçün vətənpərvərlik məktəbidir. Bildirib ki, bu məktəbi öyrənmək, şəhidlərimizin xatirəsinə hörmətlə, qazilərimizə diqqət və qayğı ilə yanaşmaq hər birimizin vətəndaşlıq borcudur. Bu gün təşkil olunan tədbir də bu amala xidmət edir.

Tədbirdə istedadlı sağlamlıq imkanları məhdud gənc Nail Nəvai və sosial könüllü Fatma Bağırova muxtar respublikada gənclərə yaradılan şəraitdən söz açıblar.

Tədbirin bədii hissəsində sağlamlıq imkanları məhdud şəxslərdən ibarət “İnam” və sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlardan ibarət “Ümid” musiqi qruplarının ifaları təqdim edilib.

Tədbirin davamında Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində keçirilən məşğələlərdə istedadları ilə fərqlənən uşaqlar musiqi və şeir nümunələri səsləndiriblər. Sosial könüllülər və sağlamlıq imkanları məhdud gənclər tərəfindən birgə hazırlanan milli rəqs nümunələri və səhnəciklər iştirakçılarda xoş ovqat yaradıb.

Qeyd edək ki, tədbirin sonunda sözügedən kateqoriyalardan olan 80-ə yaxın uşağa bayram hədiyyələri də təqdim olunub.

Aygün Hüseynova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: