Milli ənənələrə yolçuluq və ya “Novruz qatarı” - FOTOLAR

A- A A+

21 mart, baharın yurdumuza qədəm qoyduğu, təbiətin oyandığı, ağacların çiçək açdığı - uzun sözün qısası, el dili ilə desək, qanın qaynayıb- qarışdığı bir vaxtda əməkdar artist, jurnalist, aktyor və ən əsası tələbələrinin ən sevimli müəllimi Səməd Canbaxşiyev tərəfindən gələn zəng. Bayramdan əvvəlki sonuncu dərs günümüzdə Ordubada gəzinti olacağı, Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun təşkilatçılığı ilə “Novruz qatarı”nın yola düşəcəyi  barədə bizə məlumat verən müəllimimiz bizdən də tələbələrin gedə biləcəyini söyləmişdi. Amma yer məhdudiyyəti olduğuna görə dəqiq bir məlumat verməmişdi bizə. Çünki “Qatar” muxtar respublikanın demək olar ki, çox geniş sayda gənclərini əhatə edirdi.  Daha sonra qrupdan iki tələbəyə xəbər verərək Səməd müəllim, bizə, Naxçıvan Dövlət Universitetinin Jurnalistika ixtisasının II kurs tələbələrinin də  həmin gəzintiyə qatıla biləcəyimizi söylədi. Doğrusunu desəm, mənim üçün gözlənilməz oldu bu xəbər. Çünki əslən Xaçmazdan  olduğuma görə məni daha çox maraqlandırır  Naxçıvanın adətləri.

Bir gün əvvəldən gedəcəyimiz dəqiqləşdi: mən və kurs yoldaşım Püstə Əhmədova. Səhər saatlarında yola düşəcəkdik. Getdikcə həyəcan artırdı, ailəmizdən uzaqda,  qonaq olduğumuz yerdən də qonaq getməyi xəyal edirdik. Artıq həmin gün yetişdi, 22 mart, səhər saatları və Naxçıvan dəmir yolu vağzalının önündə toplaşdıq. Hava soyuq olsa da gənclər bu qədim vağzala sanki bir qaynar həyat gətirmişdilər. 

Bir müddət sonra hamı öz yerində əyləşdi və zövqlə, bayram əhval-ruhiyyəsi ilə bəzədilmiş “Novruz qatarı”nda yolçuluq başladı. Qeyd edim ki, “Novruz qatarı” ideyası ilk dəfə Naxçıvanda Gənclər Fondu tərəfindən bir neçə il əvvəl reallaşdırılıb, qəbul edilib və sevilib. Layihəyə uyğun olaraq  Naxçıvandan Ordubada xüsusi qatarda, dəmir yolu ilə səfər təşkil edilir və bayram əhval-ruhiyyəli gənclər yol boyu əylənirlər. Beləliklə,  biz də  söhbət, rəqs edib, müxtəlif mahnılar oxuya-oxuya yeni-yeni insanlar tanımışıq. Bir deyim var ki, bir insanı tanımaq üçün onunla yol yoldaşı olmaq gərəkdir. Biz də bizə sözün əsl mənasında stimul verən, yenicə 50 illik yubileyini qeyd etməsinə baxmayaraq ruhu gənc olan Səməd müəllim ilə yol yoldaşı olduq.

Yolçuluğumuz başladığı andan  gördüyümüz hər şey maraqlı gəlirdi.  Ətəyindən  keçdiyimiz Naxçıvan dağlarının gözəlliyini yazmaq ilə anlatmaq mümkün deyil. Qırmızı-qəhvəyi rəngdə gah yaxınlaşan, gah uzaqlaşan uca dağlar, duman bürümüş yamaclar və yenicə yaşıllaşmağa başlayan Culfa, Ordubad düzləri göz oxşayırdı. Bizimlə birlikdə yol gedən  Araz çayı da ayrı gözəllik qatırdı bu “Novruz qatarı”na. Hər daşında, torpağında tarixin sirlərini həkk eyləyən bu o taylı- bu taylı yollar insanı uzaq keçmişə aparırdı. Bir anlıq "kaş ki ikiyə bölünməsəydik" düşüncəsinin köksünü ötürdüm içimdə. Yolüstü tarixi ötən əsrin ilk on illiyinə söykənən Culfa stansiyasında dayandıq. Burada klassik  memarlıq üslubunda inşa edilən vağzal binasının fonunda  şəkil çəkdirməmək mümkünmü? Vağzalın tarixi, keçmişi, təkcə Azərbaycanı deyil, keçmiş SSRİ-ni İranla və Yaxın Şərqlə birləşdirən  bu nəqliyyat qovşağının haqqında məlumat alırıq müəllimimizdən.  

Yol sərgüzəştlərimiz isə yazmaqla bitməyəcək qədər gözəl və səmimi idi.  Yolumuzu daha maraqlı  edən  burada musiqiçilərin, Novruz bayramının atributu olan Kosa və Keçəlin şən oyunu,  ən əsası Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun əməkdaşlarının və könüllülərin diqqət, qayğısı idi. 180 gəncin, necə deyərlər qulluğunda durmaq ayrıca hünər istəyir. Ən çox diqqəti çəkən isə müasir gənciliyimizin öz milli mahnılarımızı əzbər bilməsi, ürəkdən ifa etmələri oldu. Hələ Qarabağı azad etdikdən sonra ürəkdən,  fəxrlə oxuyuruq musiqi inciləri sayılan bəstələrimizi. “Qarabağ”, “Azərbaycan”, “Xudayar təsnifi”ni eşitmək başqa zövq verirdi hər kəsə. Üzərində “Kosa”, “Keçəl”, “Bahar qız” yazılan vaqonlardan ətrafa yayılan şən mahnılar, rəqslərin musiqiləri sanki çölləri, dağları da bayram əhval-ruhiyyəsinə kökləyirdi. Nəhayət, maraqlı və şən keçən yolçuluğun sonunda Ordubad şəhərinə çatdıq.    

Ordubaddan olan bir qrup gənc və ziyalı bizi stansiyada qarşılamağa çıxmışdı. Qatarı tərk edib gənclər üçün hazırlanan avtomobillərlə  Ordubadın qədim adəti  “Xanbəzəmə” mərasimi keçirilən “Sərşəhər” məhəlləsinə gedirik. Etiraf edim ki, ilk dəfə olduğum Ordubad  hər bir daşında keçmişi, tarixi və milli memarlığı  yaşadan  olduqca gözəl və qədim bir şəhər təəssüratı yaratdı məndə. 

Hələ o zamana məxsus dəvələrin asanlıqla keçməsi üçün hündür tikilən uca tağlı qapılar, evlərin darvazalarında qadınların və kişilərin ayrı-ayrı istifadə etməsi üçün vurulan taqqılbab və zəncirbablar, çiy kərpicdən inşa edilən hündürlüyü hardasa az qala 8-10 metrə çatan əski evlər, dar, amma səliqəli küçələr,  evlərin tikintisində zəlzələnin qarşısını almaq üçün divarlarda hörülən ağac, taxta parçaları, Sərşəhər məscidinin şəbəkə pəncərələri diqqətimi çəkir. Bütün gördüklərim sanki məni orta çağların Azərbaycan şəhərinə aparır. Ulu öndər Heydər Əliyevin “Ordubad Azərbaycanın incisidir” kəlamını indi dərk edirəm, bütün bunları öz gözümlə görəndən sonra. Məscid, çinar, kəhriz və meydan. Bunlar da Ordubadın özünəməxsusuluğudur. Heyrətlənməmək mümkün deyil. 

Bütün bunlardan sonra isə məni təəccübləndirən “Xanbəzəmə” adətidir. Novruz bayramından sonra 3 gün davam edən bu əski ənənə nə yaxşı ki bu gün Ordubadda yaşayır. Bu adətə əsasən əhali arasından bir nəfər  xan seçilir, onu meydanda xüsusi olaraq qurulan taxtda əyləşdirirlər. Bu zaman isə meydanda insanlar onun qarşısında oynamalı, musiqi ifa etməli, onu əyləndirməlidir. Lakin xan gülsə bu oyun pozula bilər. O zaman onu hovuza atmaq kimi cəza gərəkirmiş. Həmçinin xanın xüsusi geyimi olur, o kürsüdə əyləşdirilir. Biz də həmin yerə ilk gələn zaman, xan bizi salamladı, daha sonra gələn qonaqlarla  şəkil çəkdirməyə başladı. Sonda isə gəldiyimiz gənclər  hazırladıqları fləşmobu təqdim etdilər. Onun ardınca yallı və digər milli rəqslərimizi ifa etməyə başladılar. Bir sözlə xanın özünün dediyi kimi, Naxçıvan şəhərindən  gələn qonaqlar onu daha yaxşı əyləndirdilər. 

Artıq getmək vaxtı idi. O qədər oyun, fləşmobdan sonra heç kimdə yorğunluq hiss olunmurdu. Əksinə qayıdanda da yenə  eyni  enerji ilə oxuduq, oynadıq.

“Novruz qatarı” etiraf edim ki, mükəmməl bir ideyadır. O,  olduqca gözəl hisslər bəxş etdi  mənə, həm ruhuma, həm də dünyagorüşümə. Necə deyərlər, çox oxuyan yox, çox gəzən çox bilər. Yeni yerləri gəzdikcə, onları kəşf etdikcə milli adət-ənənəmizin  zənginliyinin şahidi oluruq. Doğulduğumuz torpaqda hələ yüzlərlə kəşf etmədiyimiz adət- ənənələrimiz var ikən gəzməyə xarici ölkələrə üz tutmağımıza məncə ehtiyac yoxdur.  

Bu qədər mükəmməl adət, ənənələrlə dolu olan  Novruz bizim milli bayramımızdır, təbiətimizin oyandığı, baharın müjdəçisi olan bayramımızdır, birlik, həmrəylik bayramımızdır. Bunu Naxçıvandan Ordubada gedən “Novruz qatarı” bir daha sübut etdi. 

NDU, Jurnalistika ixtisası üzrə II kurs tələbəsi

Xumar Mikayılova

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: