Şərur rayonunda Ümumdünya Vərəmlə Mübarizə Günü qeyd edilib - FOTOLAR
Ümumdünya Səhiyyə Təşkilatının qərarı ilə hər il martın 24-də Ümumdünya Vərəmlə Mübarizə Günü qeyd edilir. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu münasibətlə Şərur rayonunda tədbir keçirilib.
Şərur Rayon Mərkəzi Xəstəxanasında keçirilən seminarda xəstəxananın baş həkimi Adəm İmanov rayonda əhalinin sağlamlığının qorunması istiqamətində görülən işlərdən danışıb.
Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanserinin baş həkimi Günay Quliyeva bildirib ki, muxtar respublikamızda səhiyyəyə olan diqqət və qayğı vərəmlə mübarizə xidmətinin gücləndirilməsində də öz əksini tapır. Vərəmlə mübarizə üzrə Tədbirlər Proqramının davamlı icrası vərəm əleyhinə müəssisələrin maddi-texniki bazasının gücləndirilməsini, vərəmin müayinə, diaqnostika, müalicə və profilaktikası üzrə yeni müasir üsulların tətbiqini təmin edir.
Qeyd olunub ki, muxtar respublikamızda görülən qabaqlayıcı tədbirlər nəticəsində 2000-ci illə müqayisədə ilkin xəstə sayı 2021-ci ildə 4 dəfə azalaraq 39 nəfərə düşüb.
Tədbirdə dispanserin həkimləri Məmmədəli Ələkbərov vərəm xəstəliyinin aşkarlanması strategiyası və İlqar Rzayev uşaq və yeniyetmələrdə vərəm intoksikasiyası barədə məruzə ediblər. Çıxışlarda uşaq və yeniyetmələrdə vərəm intoksikasiyalarının yayılmasının qarşısının alınması, vərəm xəstəliyinin diaqnostikası və müalicəsinin yaxşılaşdırılması, xəstəliklərlə bağlı əlilliyin və ölüm hallarının azaldılması yollarından bəhs olunub. Həmçinin xəstələrin vərəm əleyhinə preparatlarla davamlı təminatı, vərəm əleyhinə xidmətin kadr potensialının gücləndirilməsi, xəstəliyin profilaktikasında ana südünün rolu, dərmanlara davamlı vərəm xəstəliyi, onun yaranma səbəbləri və qarşısının alınması məsələləri barədə də məlumat verilib.
Qeyd edək ki, Vərəmlə Mübarizə Gününün keçirilməsinin başlıca məqsədi hər şeydən əvvəl xəstəlik barəsində əhalinin məlumatlılığını artırmaqdır.
Pediatr və vaksinatorlar ilə birlikdə keçirilən tədbirdə dinləyiciləri maraqlandıran suallar cavablandırılıb və seminar iştirakçılarına bukletlər paylanılıb.
Adilə Səfərova