Türkiyənin Bursa şəhərində keçiriləcək Türk Dövlətləri Təşkilatının (TDT) İkinci Diaspor Forumu açılışa hazırdır. 2022-ci ildə türk dünyasının mədəniyyət paytaxtı elan edilən Bursa şəhəri türk dünyasının diaspor qurumlarına uğurla ev sahibliyi edir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, rəsmi şəxslərin, türk dünyasını təmsil edən ziyalıların və diaspor fəallarının iştirakı ilə keçiriləcək forumda təmsil olunan Azərbaycan, Türkiyə, Qırğızıstan, Qazaxıstan, Türkmənistan və Özbəkistan nümayəndə heyətləri artıq görüşlərə başlayıblar.
Türk Dövlətləri Təşkilatı ilə Türkiyə Mədəniyyət Nazirliyinin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsi tərəfindən birgə təşkil olunan tədbirdə Azərbaycanı Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun rəhbərliyi ilə geniştərkibli nümayəndə heyəti təmsil edir.
Bu Forum Türk Dövlətləri Təşkilatına üzv ölkələrin diaspor məsələlərinə məsul nazirlik və qurumları arasında təcrübə mübadiləsi proqramıdır.
İkigünlük Forumda TDT-nin diaspor sahəsində gördüyü işlər təhlil ediləcək, qarşıya qoyulan vəzifələr ətrafında müzakirələr aparılacaq. Tədbirdə türk dövlətlərində diasporçuluğun tarixi və müasir vəziyyətinə dair panellər, eləcə də nümayəndə heyətləri arasında ikitərəfli görüşlər nəzərdə tutulub.
Qeyd edək ki, Türk Dövlətləri Təşkilatının 2022-ci il üçün diaspor sahəsində Birgə Fəaliyyət Planı qəbul olunub.