Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Ordubad rayonunun Vənənd kənd mərkəzində keçirilən müşavirədə muxtar respublikamızda ailə təsərrüfatlarının inkişafına göstərilən dövlət qayğısından, rayonda aqrar sahədə həyata keçirilən tədbirlərdən, qarşıda duran vəzifələrdən danışılıb.
Tədbirdə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar, torpaqlardan səmərəli istifadə sahəsində qanunvericiliyin tələblərinə diqqət yetirilməsinin vacibliyi vurğulanb. Həmçinin ailə təsərrüfatlarında istehsal olunan məhsulların təbliği və təşviqi, meyvə və tərəvəzlərin, bostan məhsullarının qurudulması, qablaşdırılması və etiketlənməsi, habelə yaz əkinlərinin əkin atlaslarına uyğun aparılması və növbəli əkin sisteminin tətbiqi ilə bağlı ailə təsərrüfatçılarına geniş məlumat verilib.
Sonda mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb və bukletlər təqdim olunub.
Qeyd edək ki, seminar –müşavirə Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti, Kənd Təsərrüfatı Nazirliyi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutu, eləcə də Ordubad Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilib.