Yaycı kəndində soyqırımı qurbanlarının xatirəsi anılıb - FOTOLAR
1918-ci ilin mart hadisələri zamanı Culfa rayonunun Yaycı kəndinin sakinləri də erməni vandallarının törətdiyi amansız soyqırıma məruz qalıb. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatı tərəfindən kənddə keçirilən tədbirdə bu qanlı tarixi səhifəyə bir daha nəzər salınıb, soyqırımı qurbanlarının xatirəsi anılıb.
Tədbir iştirakçıları əvvəlcə Yaycı kəndində soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidənin önünə gül dəstələri qoyub, onların əziz xatirələrini bir dəqiqəlik sükutla yad ediblər.
Sonra 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Yaycı kəndinin qəhrəmanlarının məzarları ziyarət edilib, şəhidlərimizin məzarlarına tər qərənfillər düzülüb, Vətən oğullarının xatirəsi yad edilib.
Kənd mərkəzində davam edən tədbirdə Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Qadir İbrahimov bildirib ki, təcavüzkar ermənilər tərəfindən xalqımıza qarşı 200 ilə yaxın bir dövrdə yeridilən soyqırımı Naxçıvandan da yan keçməyib. 1918-ci ilin iyununda Naxçıvana hücum zamanı Culfanın Yaycı kəndi də soyqırıma məruz qalıb. Həmin vaxt 4 minə yaxın əhalisi olan Yaycı kəndi talan edilib, 2000-dən çox kənd sakini qətlə yetirilib. Eyni zamanda rayonun digər bölgələrində - Əbrəqunus, Qazançı, Bənəniyar, Camaldın, Ərəzin, Kırna kəndlərində də dəhşətli qırğınlar törədilib.
Qadir İbrahimov vurğulayıb ki, bu hadisələrin əsl mahiyyətini ümummilli lider Heydər Əliyevin 1993-cü ildə yenidən siyasi hakimiyyətə qayıdışından sonra açmaq mümkün olub. Həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin bilavasitə rəhbərliyi və göstərişi ilə 2007-ci ildə Yaycı soyqırımı qurbanlarının şərəfinə abidə ucaldılıb. Bu tarixi abidə gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsində rol oynayır, tariximizin hər səhifəsini diqqətlə öyrənməyi təbliğ edir, erməni faşizminin iç üzünü dünyaya bir daha açır.
Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini Sara Hüseynova 1918-ci il 31 Mart soyqırımının ağır nəticələrindən və 44 günlük Vətən müharibəsində qazanılan böyük qələbədən ətraflı bəhs edib.
Anım tədbirində Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublikası Təşkilatı Veteranlar şurasının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Fərəc Fərəcov, Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranlar Şurasının sədri Qurban Qurbanov, Saltaq kənd tam orta məktəbinin direktoru Sevinc Mustafayeva, Yeni Azərbaycan Partiyası rayon təşkilatının gənc üzvü, Dizə kənd tam orta məktəbinin müəllimi Nənəxanım Əliyeva çıxış ediblər.
Ərhan Novruzov