Muxtar respublika gömrük orqanlarının əməkdaşları üçün təlimlər başa çatıb - FOTOLAR
Muxtar respublika gömrük orqanlarının əməkdaşları üçün “Fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilən yüklərin müayinəsi, sərnişin keçid zallarında işin səmərəli təşkili və vətəndaşlarla rəftar” mövzusunda təlimlərin ikinci mərhələsi keçirilib. Komitənin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, Naxçıvan gömrük sistemində xidmətin keyfiyyətinin artırılması məqsədilə ardıcıl olaraq həyata keçirilən təkmilləşmə və ixtisaslaşma proqramı çərçivəsində təşkil olunan təlimlərə Sədərək, Culfa, Şahtaxtı və Hava limanı gömrük postlarında xidmət edən 90 əməkdaş cəlb olunub.
Üç ay davam edən təlimlər zamanı əməkdaşlara rentgen qurğusunun istismarı zamanı təsvirlərin analizi qaydaları, rentgen qurğusu operatorlarının diqqətinin artırılmasına dair üsullar, təcrübədə aşkarlanmış faktlar üzrə təsvirlərin analizi, stasionar və portativ metal detektorlardan istifadə qaydaları, qanunvericiliyə əsasən gömrük sərhədindən keçirilməsi qadağan olunan və mülki dövriyyəsi məhdudlaşdırılan mallar, əşyalarda gizli saxlanc yerləri, sərnişin keçid zallarında işin səmərəli təşkili və vətəndaşlarla rəftar mövzularında dərslər və praktik məşğələlər keçirilib.
Təlimlər zamanı tədris olunan mövzular üzrə əməkdaşların bilik və bacarıqlarının real iş prosesində praktiki yoxlanılması və qiymətləndirilməsi həyata keçirilib.
Martın 30-da Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində sözügedən təlimlərdə yüksək nəticə göstərmiş əməkdaşlarla görüş keçirilib.
Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səhət Həbibbəyli dövlətimiz tərəfindən gömrük orqanlarında uğurla həyata keçirilən infrastruktur və struktur islahatları ilə yanaşı, kadr potensialının gücləndirilməsi üçün də ardıcıl işlərin görüldüyünü qeyd edib. Vurğulanıb ki, gömrük orqanlarında yaradılan yüksək iş şəraiti, ən müasir texniki nəzarət vasitələrinin işdə tətbiqi xidmətin yüksək səviyyədə təşkilinə imkan yaradır. Kadrların ixtisaslaşması və peşəkarlıq səviyyəsinin artırılması gömrük nəzarətinin keyfiyyətini daha da yüksəldir. İstər avtonəqliyyat vasitələri üzərində gömrük baxışının aparılması, istərsə də fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilən yüklərin müayinəsi, sərnişin keçid zallarında işin səmərəli təşkili və vətəndaşlarla rəftar mövzularında keçirilən təlimlərin müsbət nəticələri özünü iş prosesində, o cümlədən hüquqpozmalara qarşı mübarizə sahəsində aşkarlanan faktların sayında da göstərir.
Komitə sədri vurğulayıb ki, budəfəki təlimlərin Sədərək Gömrük İdarəsində real iş prosesi çərçivəsində keçirilməsi bu sahədə yeni bir yanaşma olmaqla təlimin keyfiyyətinin artmasına, əməkdaşların işə münasibətinin və vətəndaşlarla ünsiyyətinin real müstəvidə qiymətləndirilməsinə imkan yaradıb. Təsdiq olunmuş tədbirlər planına əsasən il ərzində müxtəlif mövzularda təlimlər davam etdiriləcək.
Komitənin Hədəflərin müəyyənləşdirilməsi bölməsinin rəisi, gömrük xidməti polkovnik-leytenantı Rahil Tahirli keçirilmiş təlimlərlə bağlı məlumat verərək bildirib ki, təlim iştirakçıları real iş prosesində gömrük nəzarətindən keçən vətəndaşların və onların əl yüklərinin müayinəsini aparıb, “TİP” proqramı əsasında şərti təhlükəli predmentləri müəyyən etməyə çalışıblar. Ayrıca, "Sinfox" proqram təminatı vasitəsilə əməkdaşların rentgen təsvirlərinin analizi üzrə bilik səviyyəsinin ikinci – “Yüksək” mərhələ üzrə qiymətləndirilməsi aparılıb. Bundan əvvəl keçirilmiş birinci mərhələ ilə müqayisədə təlimin daha çətin olan ikinci mərhələsində yüksək nəticə göstərənlərin sayının iki dəfə çox olması əməkdaşların öz işlərində ixtisaslaşmasının və peşəkarlıq səviyyəsinin artırılmasının göstəricisidir.
Sonra təlimlərdə yüksək nəticə göstərmiş əməkdaşlara sertifikatlar verilib.
Komitənin sədri Səhhət Həbibbəyli sonda gömrük nəzarətinin keyfiyyətinin artırılması, texniki nəzarət vasitələrindən səmərəli istifadə, riskin düzgün qiymətləndirilməsi, gömrük sərhədindən sürətli keçidin təmin olunması üçün tədbirlərin bundan sonra da davam etdiriləcəyini, muxtar respublikanın milli və iqtisadi təhlükəsizliyinin etibarlı şəkildə qorunacağını vurğulayıb.