Yol-nəqliyyat hadisələri və onların baş vermə səbəbləri

A- A A+

Son yüzillikdə ictimai həyatın ən dinamik inkişaf edən sahələrindən biri də nəqliyyat sahəsidir. Bütün sahələrdə olduğu kimi nəqliyyatın inkişafı da özünəməxsus problemlərlə müşahidə olunur ki, həmin problemlərin ən birincisi təhlükəsizliklə bağlıdır. Nəqliyyat vasitələrinin sürətlə artdığı dövrdə yol hərəkəti qaydalarının da əhəmiyyəti artmaqdadır. Statistika göstərir ki, hər il dünyada yol nəqliyyat hadisələri zamanı təxminən 1 milyondan çox insan həlak olur, yaralanların sayı isə bundan təxminən 20 dəfə çox olur. Araşdırmalardan görünür ki, bu  göstəricinin mütləq əksəriyyətinin səbəbi insanların yol hərəkət qaydalarına və nəqliyyat vaistələrindən təhlükəsiz istifadə qaydalarına məhəl qoymaması və onları pozmasıdır.

Yol-nəqliyyat hadisəsi dedikdə- küçə və yollarda nəqliyyat vasitələrinin hərəkəti prosesində baş verən, insanların həlakına və ya müxtəlif dərəcəli bədən xəsarəti almasına, həmçinin nəqliyyat vasitələrinin, yolların, qurğuların zədələnməsinə və ya başqa maddi zərər dəyməsinə səbəb olan hadisələr başa düşülür. Təcrübədə ən cox rast gəlinən yol-nəqliyyat hadisələrinə:nəqliyyat vasitələrinin toqquşmasını, aşmasını, hərəkətdə olan nəqliyyat vasitəsinin dayanmış nəqliyyat vasitələrinə və yaxud yol ətrafı qurğulara dəyməsini, piyadanı və ya velosipedçini vurmasını, heyvanları vurmasını misal göstərmək olar.

Yol-nəqliyyat hadisələrinin baş verməsinin əsas  səbəblərinə gəldikdə isə: sürücülər tərəfindən sürət həddinin və nəqliyyat vasitələri arasındakı ara məsafəsinin düzgün seçilməməsi, ötmə və manevr qaydalarının düzgün aparılmaması, yol nişanlarının və yolun nişanlanma xətlərinin tələblərinə əməl etməmək, nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə və yorğun halda idarə olunması, hərəkət zamanı mobil telefondan və ya digər cihazlardan istifadə etmək, işıqforun siqnallarına məhəl qoymamaq,  nəqliyyat vasitəsinin texniki nasazlığı, eyni zamanda piyadaların yol hərəkəti qaydalarını pozması  ilə baş verə bilər.

Bir sözlə, yol-nəqliyyat hadisələrinin hansı səbəbdən baş verməsindən asılı olmayaraq, piyadalarımız qaydalara riayət etməli, sürücülərimiz isə daim diqqətli olmalı və sükan arxasında əyləşərkən düşünməlidir ki, onların məsuliyətsizliyi, diqqətsizliyi və ya ani səhvi həm özünün, həm sərnişinlərin, həm də digər yol hərəkəti iştirakçılarının həyatına son qoya bilər. Ona görə də yol-nəqliyyat hadisələrinin baş verməməsi üçün sürücülər istənilən halda yol hərəkət qaydalarına əməl etməli, mümkün olan bütün təhlükəsizlik tədbirlərini görməli və idarə etdiyi avtomobili daim saz vəziyyətdə saxlamalıdır.

 

Ayaz İsmayılov

Polis kapitanı

 DİN-in DYPİ-nin Təbliğat üzrə baş inspektoru

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: