Naxçıvan gömrükçülərinin sayıqlığı nəticəsində narkotik qaçaqmalçılığı cəhdinin qarşısı alınıb - FOTOLAR
Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində Naxçıvan gömrükçüləri tərəfindən daha bir uğurlu əməliyyat həyata keçirilib. Narkotik qaçaqmalçılığı faktı Şahtaxtı dövlət sərhədindən buraxılış məntəqəsində qeydə alınıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin Mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına, oradan da təyinat ölkəsi Almaniya Federativ Respublikasına gedən “Mercedes Benz” markalı nəqliyyat vasitəsinə risk meyarı əsasında xidməti itin tətbiqi ilə gömrük baxışı həyata keçirilib. Xidməti itin reaksiyası nəticəsində yük nəqliyyat vasitəsinin qoşqusunun sandıqçasında olan ehtiyat hissənin içərisindən ümumi çəkisi 5 kiloqram 180 qram olan narkotik vasitə-“tiryək” aşkarlanıb.
Faktla bağlı Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin İstintaq bölməsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə (qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsi) cinayət işi açılıb.