Əsrin 90 ili və ya 90-ın 4-ü

A- A A+

Yəqin ki, şəhərimizin İstiqlal küçəsində yerləşən böyük, qırmızı daşla örtülmüş binanın yanından hər gün dəfələrlə belədən elə, elədən belə keçmisiz. Binanın böyük sütunlu darvazalarından tez-tez girib-çıxan avtomobilləri, avtomobilə minən, enən jurnalistləri, operatorları, çəkiliş qruplarını görməmiş olmazsınız. Rəsmi tədbirləri, böyük festivalları, beynəlxalq idman və mədəni tədbirləri, muxtar respublikanın ən ucqar yerlərində yaşayan sadə əməkçi insanlardan tutmuş bu diyarın ziyalı insanlarının obrazlarına qədər ən müxtəlif mövzuları və həyatları işıqlandıran verilişləri, filmləri öz tamaşaçı, dinləyici auditoriyasına çatdıran, bu torpaqda yaşayan hər kəsin və artıq muxtar respublika sərhədlərindən kənarda yaşayanların da loqotipindən, maraqlı layihələrindən yaxşı tanıdığı doğma kanaldır NTV - yəni Naxçıvan Teleradiosu.

Muxtar respublikanın ən böyük kütləvi informasiya orqanı olan Naxçıvan Teleradiosunun qapısından ilk dəfə girəndə 18 yaşım var idi. Naxçıvan Radiosunda aparıcı olaraq çalışmaq üçün müraciət etmişdim. Hələ onda universitetin birinci kursunda oxuyurdum. Naxçıvan Radiosunun baş redaktorları olan iki yazıçı-publisist - Akif Axundov və Bayram İsgəndərli səsimi yoxlayıb ədəbi-bədii verilişləri səsləndirməyimi tövsiyə etdilər. Təbii ki, o zamankı düşüncələrimdə, bəlkə hətta xəyallarımda belə nə zamansa bu böyük binada – yaradıcılıq laboratoriyasında müəyyən vəzifələr tutub çalışacağımı, yaradıcılıq prosesinə hansısa töhfələr verə biləcəyimi canlandıra bilmirdim. Düzdür, həmin vaxt radio ilə ilk əməkdaşlığım çox uzun bir dövrü əhatə etmədi. Amma uzun illərdən - təxminən 12 ildən sonra yenidən bura qayıtdıqda yeni dövrün zəngin bir yaradıcılıq abu-havasının içinə düşdüm.

Fəaliyyətimin 3 ilini burda  keçirmək, gənc kadrların əhatəsində hər gün başqa bir macəranın içində, qarışqa kimi qaynaşan əməkdaşlar, xoşagəlim bir təlaş, işləri vaxtında çatdırıb bitirmək, müxtəlif gündəlik çəkiliş prosesləri, qonaqlar, cari işlər, ayrı-ayrı filmlərin hazırlanmasında iştirak, yeni nələrsə öyrənmək həvəsi və öyrəndiklərini öyrətmək məni başqa - yeni bir dünyanın ecazkarlığı ilə tanış etmişdi. Və bir gün bir vaxtlar böyük kollektivinin bir parçası olduğum və düşünürəm ki, harda olmağımdan asılı olmayaraq hər zaman da özümü bu kollektivin bir parçası olaraq hiss etdiyim bu ocaqdan yazı yazacağımı düşünməmişdim. Qismət bu günə imiş...

90 il tarixin gedişatında bəlkə çox da böyük bir zaman kəsiyi, çox uzun bir tarix olmaya bilər. Amma bir mətbuat orqanının – kütləvi informasiya vasitəsinin fəaliyyəti üçün 90 il kifayət qədər böyük rəqəmdir. Xüsusilə də addımladığı yolda özünə yeni yoldaşlar qoşub, yeni insanlar yetişdirib, zamanla ayaqlaşıb, müasir dövrün ən son yeniliklərini də özündə ehtiva edibsə, deməli, bir əsrin astanasına gəlib çıxan ömrünü boşuna yaşamayıb, hədər verməyib.

Fəaliyyətə başladığı ilk vaxtlardan tutmuş blokada illərinin çətinliklərinə qədər, müstəqilliyin ilk illərindən başlayaraq bu günə - medianın müasir inkişaf mərhələsinə qovuşana qədər şərəfli bir yol keçib Naxçıvan Teleradiosu. 1932-ci il aprelin 1-də Naxçıvanda yaradılan Radio Verilişləri Komitəsi bugünkü yaşına, yeni tarixi dövrə qədər maraqlı, zəngin mərhələlər adlayıb. 1963-cü ildə özünə Naxçıvan Televiziyasını, 2018-ci ildə isə "Nuhçıxan" İnformasiya Agentliyini qoşaraq bu yolu daha da böyüdüb, təkmilləşdirib və modern müstəviyə çıxarıb.

Keçmişə qayıtsaq, görərik ki, 80-ci illərin sonları, 90-cı illərin əvvəllərində Naxçıvanla birlikdə Naxçıvan mətbuatı da blokada vəziyyətində idi. Həmin dövrdə Naxçıvanda işləyən görkəmli dövlət xadimi Heydər Əliyev bu diyarda informasiya blokadasını yarmaq üçün mühüm işlər həyata keçirdi. Bunun nəticəsində muxtar respublikada Azərbaycan Televiziyasının yayımı bərpa edildi, Naxçıvan dünyaya açıldı. Naxçıvan Televiziyasının yayımı üçün sistemli tədbirlər həyata keçirildi.

Bu gün isə artıq Naxçıvan bir zaman məkrli siyasət və təcavüz nəticəsində Ermənistan tərəfindən zorla salınan blokadanı informasiya baxımından çoxdan yarıb, düşmənlə aparılan informasiya savaşında cəbhəni bu istiqamətdə darmadağın edib. Əsl intibah dövrünü yaşayan Naxçıvan Teleradiosu bölgənin dünənini, bu gününü lentlərin yaddaşına yazıb tarixləşdirir və gələcək nəsillərə ərməğan edir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən televiziya və radionun fəaliyyətinə yüksək səviyyəli şərait yaradılıb, onun cəmiyyət həyatına təsirinin daha da artmasına nail olmaq baxımından muxtar respublikamızda ardıcıl və məqsədyönlü işlər həyata keçirilib, maddi-texniki bazanın gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər görülüb. Yeni studiya avadanlıqları, video kameralar, avtomobillər, kompyuter dəstləri alınıb, teleradio müasir texniki avadanlıqlarla təchiz edilib, binası yenidən qurulub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 6 fevral tarixli “Naxçıvan Dövlət Teleradiosunun maddi-texniki bazasının möhkəmləndirilməsi və yaradıcılıq işinin təkmilləşdirilməsi haqqında” Sərəncamı müvafiq sahənin inkişafı üçün dövlət qayğısının daha bir nümunəsinə çevrildi.

Bu illər ərzində Naxçıvan Teleradiosunun müstəqil kanalda yayımlanmağa başlaması, analoq yayımın yüksək ­keyfiyyətli rəqəmsal yayımla əvəzlənməsi, televiziyanın saytının təkmilləşdirilməsi, Naxçıvan Televiziyasının ölkəmizdə ilk dəfə olaraq HD formatda yayıma keçməsi həyata keçirilən məqsədyönlü işlərin əyani təzahürünə çevrildi.

Naxçıvan teleradiosu həm də peşəkar kadrların hazırlanması işində fəal şəkildə iştirak edir. Ali Məclis Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamına uyğun olaraq tələbələrin iştirakı ilə keçirilən görüşlər, onların yaradıcılıq işində birbaşa iştirakı yaxşı kadr kimi formalaşmalarında xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda bu məbəddə yetişmiş jurnalistlər muxtar respublikanın bir çox mərkəzi icra hakimiyyəti orqanlarında mətbuat xidməti vəzifələrində, eyni zamanda digər kütləvi informasiya vasitələrində və idarəetmədə uğurla təmsil olunurlar.

90 il bundan əvvəl – 1932-ci il  aprelin 1-də Naxçıvanda yaradılan Radio Verilişləri Komitəsi bu gün gündəlik 16 saat yayımlanan və Azərbaycan haqqında, Naxçıvan Muxtar Respublikası haqqında dolğun informasiyanı internet üzərindən dünyanın hər bir nöqtəsinə çatdırmağa qadir olan "Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinə çevrilib.

90-ın 4-ü

İnformasiya inqilabının təzahürü olan kompüter və internet istənilən formalı informasiyanı yadda saxlamağa, qeyri-məhdud məkanda yaymağa və gələcəyə ötürməyə imkan verir. Müasir veb-texnologiyalar elektron mətbuat orqanlarının daha sürətli formalaşması və yayılmasına şərait yaradır.

2016-cı il oktyabr ayının 17-də Naxçıvan televiziyasının internet saytının istifadəyə verilməsi və televiziyanın internet üzərindən yayımının təmin olunması diyarımızın informasiya blokadasının yarılması yolunda ən böyük addım oldu. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxışında bu məsələyə toxunaraq deyib: “Naxçıvan televiziyasının internet üzərindən yayıma başlaması dövlət müstəqilliyinin bəhrəsidir. Eyni zamanda bu, 25 ildən artıq blokada şəraitində yaşayan muxtar respublikada informasiya blokadasının yarılması deməkdir”.  

90 illik tarixi olan Naxçıvan Teleradiosunun son 4 ilini onunla birlikdə addımlayan "Nuhçıxan" İnformasiya Agentliyi (nuhcixan.az) bu tarixi prosesin davamı və Naxçıvanın informasiya blokadasını çoxdan yarmış kütləvi informasiya vasitələri sistemində bir ilk oldu.

Muxtar respublikamızda mövcud olan informasiya bolluğu informasiyanın daha sürətli toplanması, yayılması və operativ çatdırılması üçün çevik kütləvi informasiya vasitəsinin meydana gəlməsini tələb edirdi. Məhz bu tələbatın nəticəsi olaraq 2018-ci il aprelin 1-də Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsi tərəfindən muxtar respublikanın ilk informasiya agentliyi olan "Nuhçıxan" İnformasiya Agentliyi yaradıldı, onun nuhcixan.az saytı fəaliyyətə başladı.

Yerli və xarici media orqanları üçün muxtar respublikada rəsmi dövlət informasiyasının əsas mənbəyi olan "Nuhçıxan" İnformasiya Agentliyi ölkə, eləcə də muxtar respublika ilə bağlı ən mühüm hadisələr haqqında informasiyaları ictimai-siyasi, regional və beynəlxalq hadisələr barədə xəbərləri, şərh və rəyləri, analitik məqalələri, foto və videoinformasiyaları, infoqrafiya məhsullarını, dövlət orqanlarının rəsmi materiallarını öz kanalları (Naxçıvan Televiziyası, Naxçıvan Radiosu, ntv.az saytı), habelə beynəlxalq internet şəbəkəsi, üzvü olduğu beynəlxalq və regional media qurumlarının, tərəfdaşlıq etdiyi xarici ölkələrin informasiya agentliklərinin saytları və sosial şəbəkələr vasitəsilə yayır. Hazırda "Nuhçıxan" rəsmi xəbərləri 3 dildə - Azərbaycan, ingilis və rus dillərində yayımlamaqla informasiya məkanında öz layiqli yerini qazanıb və minlərlə izləyicinin istinad mənbəyinə çevrilib.

Bu gün muxtar respublika dünya əhəmiyyətli tədbirlərin keçirildiyi mühüm informasiya məkanına çevrilib. İnformasiya məkanında əsas məsələlərdən biri də məhz informasiya təhlükəsizliyinin təmin edilməsi, fasiləsiz informasiya axınının rəqabətqabiliyyətliliyinin qorunub saxlanılmasıdır. Bu işdə Naxçıvan Teleradiosunun, "Nuhçıxan" İnformasiya Agentliyinin və sosial şəbəkələrin imkanlarından geniş istifadə edilir. 2018-ci ilin noyabr ayından etibarən Naxçıvan Radiosunun “YouTube” kanalı üzərindən canlı yayımının təşkil edilməsi radioya minlərlə dinləyici auditoriyası qazandırıb. "nuhcixan.az", "ntv.az" saytlarında gün ərzində davamlı informasiyalar, videomateriallar, fotolar və müəllif yazıları yerləşdirilir, sosial şəbəkələrdəki səhifələri mütəmadi olaraq yenilənir, informasiya yükü artırılır.

Naxçıvan Teleradiosu böyük inkişaf yoluna qədəm qoyub. İstər müasir avadanlıqlar, istərsə də geniş yaradıcılıq imkanları jurnalistlərə muxtar respublikanın bugünkü inkişafının təbliğatçısı olmağa əsas verir. Nuhdabandan başlayan bəşər sivilizasiyasına Naxçıvan Muxtar Respublikası haqqında dolğun informasiyanı qlobal şəbəkə üzərindən çatdırmağa qadir olan Naxçıvan Teleradiosu tarixi prosesin davamı və Naxçıvanın informasiya blokadasını çoxdan yarmış kütləvi informasiya vasitələri sistemində intibahın təzahürüdür.

Yubileyiniz mübarək, doğma kollektiv!

Məmməd Babayev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: