Dəfn üçün müavinətin təyin edilməsi və ödənilməsi şərtləri

A- A A+

Sosial sığorta hadisəsi baş verdikdə sığortaolunanlar Dövlət Sosial Müdafiə Fondu tərəfindən əmək pensiyası və məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərlə təmin olunurlar. Bu müavinətlərdən biri də dəfn üçün müavinətdir. Məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslər (sığortaolunanlar) və əmək pensiyaçıları vəfat etdikdə qanunvericiliklə müəyyən edilmiş şəxslərin dəfn üçün müavinət almaq hüququ vardır. Əmək pensiyaçısı vəfat etdikdə dəfn üçün müavinət vəfat edənin qeydiyyatda olduğu ünvan üzrə Dövlət Sosial Müdafiə Fondu qurumları tərəfindən, sığortaolunan vəfat etdikdə isə sığortaedənin uçotda olduğu Dövlət Sosial Müdafiə Fondunun qurumları tərəfindən onun ailə üzvlərinə və ya onu dəfn etməyi öhdəsinə götürən şəxslərə verilir. Dəfn üçün müavinət məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir və müavinətin əhaliyə çatdırılması xərcləri Fondun vəsaiti hesabına aparılır.

Dəfn müavinətini almaq üçün sığortaedən tərəfindən göndəriş məktubu, dəfn üçün müavinətlə bağlı haqq-hesab cədvəli, müavinət təyin edən komissiyanın protokolunun surəti, vətəndaş vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən verilmiş ölüm haqqında arayış  (ölüm haqqında arayışın arxasında komissiyanın səlahiyyət verilmiş üzvünün imzası ilə müavinətin təyin edilməsi və miqdarı haqqında qeydlər edilməli), ölüm şəhadətnaməsinin surəti, bələdiyyə tərəfindən verilmiş arayış (vəfat edəni dəfn etməyi öhdəsinə götürən şəxs barədə məlumat), dəfn xərcini çəkən şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti təqdim edilməlidir. Dəfn müavinətinin alınması üçün müvafiq sənədlər sığortaedən tərəfindən rəsmiləşdirildikdən sonra Dövlət Sosial Müdafiə Fondunun qurumlarına təqdim edilməlidir.

Sığortaolunanlar üzrə dəfn üçün müavinətin məbləği sosial müavinətlərə dair qanunvericiliklə, əmək pensiyaçıları üzrə dəfn üçün müavinətin məbləği əmək pensiyaları haqqında qanunvericiliklə müəyyən edilir. Müavinəti almaq üçün müraciət müddəti məhdudlaşdırılmır. Vəfat etmiş şəxs eyni zamanda həm sığortaolunan, həm də əmək pensiyaçısı olduqda, dəfn üçün müavinətin biri - məbləğcə daha böyüyü ödənilir. Vəfat edən şəxsin vəfat etdiyi tarixdə qanunvericiliklə müəyyən edilmiş dəfn üçün müavinətin məbləğinə uyğun olaraq vaxt məhdudiyyəti olmadan ödənilir. Qanunvericiliyə əsasən əlilliyə və ailə başçısını itirməyə görə əmək pensiyaları müəyyən müddət üçün təyin edilir. Bu səbəbdən pensiyaçı göstərilən müddət bitdikdən sonra vəfat etdikdə, onların vəfatı ilə əlaqədar dəfn üçün müavinət təyin olunmur.

Məlumat üçün bildirək ki, sığortaolunanlar vəfat etdikdə onu dəfn etməyi öhdəsinə götürən şəxsə dəfn üçün müavinətin məbləği cari ildən 350 manat məbləğində müəyyən olunub. Əmək pensiyaçıları vəfat etdikdə isə əmək pensiyasının minimum məbləğinin üç misli məbləğində, yəni hazırda mövcud olan şərtlərə uyğun olaraq 720 manat məbləğində dəfn üçün müavinət ödənilir.

 

                         Naxçıvan Muxtar Respublikası

                      Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidməti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: