Şagirdlər arasında tibbi müayinələr aparılır - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən muxtar respublikanın şəhər və rayon məktəblərində təhsil alan şagirdlər arasında vərəmin erkən diaqnostikası məqsədilə “Tuberkulin” test sınağı və ildə iki dəfə aparılan tibbi müayinələrə start verilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan şəhərində fəaliyyət göstərən tam orta məktəblərdə keçirilən kütləvi “Tuberkulin” test sınağına I-VI sinif şagirdləri cəlb olunub. Naxçıvan Şəhər Uşaq Xəstəxanasının poliklinika şöbəsi tərəfindən 1 həkim və 2 tibb işçisindən ibarət vaksimator briqadası bu məqsədlə Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbdə tibbi sınaqlar aparıb.
Gələcəyimiz olan uşaqların sağlamlığının təmin edilməsi məqsədilə muxtar respublika məktəblərində ildə 2 dəfə keçirilən dərindən tibbi müayinələr isə ilkin olaraq Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbdə keçirilib. Müxtəlif ixtisaslı həkimlərdən ibarət həkim briqadasının cəlb olunduğu tibbi müayinələr növbəti günlərdə digər məktəblərdə də davam etdiriləcək.
Leyla Cəfərzadə