Bu ilin ilk üç ayında Azərbaycanda yeni doğulan uşaqlara qoyulan adların statistikası müəyyənləşib.
NUHÇIXAN İnformasiya Agentliyi Ədliyyə Nazirliyinin saytına istinadla xəbər verir ki, 2022-ci ildə doğulan oğlan uşaqlarına ən çox Hüseyn adı qoyulub. Bu ad üç ayda 326 uşağa verilib. Statistikaya əsasən, oğlan adlarında sonrakı yerləri Uğur (306), Əli (297), Yusif (270, Məhəmməd (201), Ömər (176), Murad (172), Raul (163), Tunar (140) və Ayxan (128) tutur.
Bu il qız uşaqlarına ən çox Zəhra adı verilib (321). Qız uşaqlarına ən çox qoyulan digər adlar Zeynəb (258), Məryəm (244), Aylin (231), Fatimə (200), Mələk (193), Nilay (183), İnci (171), Nuray (170) və Dənizdir (163).
Son beş il ərzində də oğlan və qız uşaqlarına ən çox müvafiq olaraq, Zəhra və Yusif adları verilib. Beş il ərzində 8 min 899 uşağa Zəhra, 8 min 797 qız uşağına isə Yusif adı qoyulub.
Qeyd edək ki, il ərzində yeni doğulan uşaqlara verilən adlarla bağlı məlumat Ədliyyə Nazirliyinin təqdim etdiyi elektron xidmətlər sırasında “Azərbaycan adları barədə məlumat” bölməsində yerləşdirilib. Vətəndaşlar bu elektron xidmətdən istifadə edərək yeni doğulmuş uşaqlara ad verərkən həmin adın mənası, onunla bağlı statistik məlumat əldə edə bilərlər. Ədliyyə Nazirliyinin elektron xidmətlərindən qurumun rəsmi internet saytı (www.exidmet.justice.gov.az) və ya “Elektron hökumət” portalı vasitəsilə yararlanmaq mümkündür.