Oruc Həzrəti Adəmdən (ə.s) bəri bütün peyğəmbərlərə və onların ümmətlərinə vacib buyurulub. İslam dinində oruc müsəlmanlara Uca Yaradan tərəfindən hicrətin ikinci ilində – Şaban ayının 13-də möminlərə mərhəmət olaraq bəxş edilib. Bu barədə müqəddəs kitabımız olan “Qurani-Kərim”də buyurulur: “Ey iman gətirənlər, sizdən əvvəlkilərə yazıldığı kimi sizə (də) oruc yazıldı və qərara alındı ki, bəlkə (ruhunuz qüvvətlənsin və nəfsi istəkdən) çəkinəsiniz. Bir neçə gün tutmadığınız günlərin sayı qədər digər günlərdə oruc tutun. Və oruc tutmağa taqəti olmayan kəslər (qocalar, azyaşlılar və ağır xəstələr oruc tutmaya bilərlər və onlar) üçün (oruc tutmadığı hər günün müqabilində) bir yoxsula (bir “müdd”, yəni 750 qram) yemək vermək onun kəffarə (cərimə) və əvəzidir”. (“əl-Bəqərə” surəsi, 183-184) Ayələrdən aydın olur ki, oruc tutmaq insanlar üçün vacib əməl kimi buyurulub. Oruc tutmaq iman gətirən şəxslərin Uca Yaradan qarşısında dini vəzifələrini və vicdani borclarını daha dolğun şəkildə yerinə yetirmələri üçün bir fürsətdir. Oruc tutmaq sübh əzanından şam əzanına qədər orucu batil edən işlərdən çəkinmək deməkdir. Oruc tutan şəxs Allaha, İslam Peyğəmbərinə yalandan istinad, qeybət etməməli, qulağını, gözünü və qəlbini Allahın bəyənmədiyi işlərdə qorumalı, yemək və içməkdən, zinadan çəkinməli, qatı tozu udmamalı, yediyi qidanı qəsdən qusmamalıdır. Oruc tutan şəxs bilməyərəkdən və ya unudaraq bir şey yeyərsə, orucu batil olmaz. Oruc tutan şəxs həddi-büluğa çatmalı, müsəlman olmalı və psixi cəhətdən heç bir problemi olmamalıdır. Ardıcıl bir neçə gün səhər-axşam heç nə yemədən oruc tutmaq bəyənilməyən əməldir. Obaşdanlığa (sahur) qalxıb yemək müstəhəbdir və Həzrəti Məhəmməd (s.a.v.) buyurub: “Obaşdanlıqda yemək yeyin, çünki onda bərəkət vardır”.
Orucun həm tibbi, həm ictimai, həm də mənəvi-əxlaqi baxımdan faydaları çoxdur. Məsələn, bir il ərzində dayanmadan fəaliyyət göstərən həzm sistemi oruc tutmaq sayəsində dincəlir, özünü bərpa edir, yeni qüvvə toplayır. Bədəndə toplanan mikrob mənbəyi olan zərərli piylər əriyib azalır, mədə-bağırsaq xəstəlikləri riski azalır. Bu barədə Peyğəmbərimiz (s.a.v.) buyurub: “Oruc tutun ki, sağlam olasınız”. Müqəddəs Ramazan ayı həm də insanları birlik və bərabərliyə, xoş əməllər həyata keçirməyə çağırır. Oruc tutmada bir müddət dünya nemətlərindən uzaq olan şəxs yenidən onları əldə etdikdə sevinir, həm də Allaha şükür etməyi öyrənir. Bu ayin həm də insanı sağlamlaşdırır. Bu mübarək ayda iftar süfrələri verməklə insanlar həm də bir-birinə yaxınlaşır, onların iradəsi möhkəmlənir, əxlaqi cəhətdən kamilləşir, dinimizin bəyənmədiyi bütün pis işlərdən çəkindirir.
Təqvimə görə, aprelin 19-u, 21-i, 23-ü və 27-si Qədr gecələri olacaqdır. Ramazan bayramı isə may ayının 2-si, 3-nə təsadüf edir və həmin günlər bayram namazı qılınacaq. Bu bir faktdır ki, heç bir qanun, məcəllə, tələb, əxlaq məktəbi və ya psixoloji proqram insan ruhunu oruc qədər nəzarətdə saxlaya bilmir. Ramazan ayı boyunca oruc tutan müsəlmanların imkanı varsa, bayram namazından öncə (adambaşına 5-10 manat pul və ya 3 kiloqram buğda və ya onun pulunu) yoxsul müsəlmanlara, fəqirlərə, öz kasıb qohumlarına, qonşularına “fitrə zəkatı” verməsi vacibdir. Yeri gəlmişkən, qeyd edək ki, ölkəmizdə və onun Naxçıvan Muxtar Respublikasında İslami dəyərlərə böyük hörmət və ehtiramla yanaşılır, mərasim və ayinlər dini dəyərlərimizə uyğun təşkil olunur. Qədim diyarımızda hər il Ramazan ayının İslami qaydalara uyğun şəkildə keçirilməsi təmin edilir. Bu ayda iftar süfrələrinin açılması, dindarların bir araya gətirilməsi müqəddəs ayinlərimizin təbliğində mühüm rol oynayır. Bu tədbirlərin Naxçıvan şəhəri ilə yanaşı, muxtar respublikanın rayon mərkəzlərində və kənd yaşayış məntəqələrində də təşkili birliyin, xeyirxahlığın, İslam dininə böyük ehtiramın ifadəsi kimi diqqət çəkir. Azərbaycan xalqı olaraq həm də ona görə qürurluyuq ki, birlik və bərabərlik nümayiş etdirərək torpaqlarımızı düşmən işğalından azad etmişik. Müzəffər Ali Baş Komandanımızın uzaqgörən siyasəti, şəhidlərimizin və qazilərimizin cəsarəti və qəhrəmanlığı sayəsində uzun illər düşmən tapdağı altında olan torpaqlarımızda azan səsi duyulur, dağıdılan məscidlərimiz bərpa olunur. Bu il yaranmasının 270 illiyini qeyd etdiyimiz tarixi Şuşa şəhərindəki Gövhər ağa məscidindən azan səsinin Qarabağ torpağına yayılması, namaz qılınması, ibadət olunması dosta sevinc, düşmənə göz dağıdır. Bu həm də tarixi ədalətin bərpa olunması, Azərbaycan xalqının uzun illər etdiyi duaların qəbul olunması deməkdir. Qoy Allah, Vətənimizə daimi sülh, firavanlıq, inkişaf və sabitlik nəsib etsin!
Qasım Qasımov
Babək Rayon Dini İcmasının sədri
“Şərqin səhəri” qəzeti