Naxçıvan həmişə heyran edir - (I yazı)

A- A A+

Novruz tətili günlərində bir neçə qonağımla birlikdə Naxçıvana getmişdik. Onların arasında bu gözəl diyara bir neçə dəfə gələnlər də var idi, ilk dəfə gələnlər də. Naxçıvan Beynəlxalq Hava Limanından ayrılıb mənzil başına yön alan andan qonaqlar arasında maraqlı söhbətlər, diskussiyalar başladı. Mən isə, hələlik, bu söhbətlərin dinləyicisi, arada verilən sualları cavablandıran şəxs idim.

İlk təəssürat: təmizlik

Naxçıvana ilk dəfə gələn qonaqlarımın ilk təəssüratları yolların, yol kənarlarının, Naxçıvan şəhərinin təmizliyinə heyranlıqları oldu. Yəni söhbət əsnasında elə hey bundan danışırdılar. Artıq bir neçə dəfə burada olan qonağım isə, “Naxçıvan hər zaman belə təmizdir, ilin bütün fəsillərində burada olmuşam, necə deyərlər, gül gülü çağırır, bülbül bülbülü. Hələ siz buraya yayda gələsiniz, hava limanından düz mənzil başınadək yol kənarlarındakı rəngbərəng güllər adama yoldaşlıq edir”.

Yolumuz uzun idi, hava limanından Şahbuz rayonunadək. Naxçıvan şəhərindən çıxdıq, rayona doğru heç də görüntülər dəyişmirdi, əksinə maşınımız şüşə kimi yollarla dağların qoynuna sığınan, dəniz səviyyəsindən min metrlərlə yüksəklikdə yerləşən Şahbuza doğru irəlilədikcə təmiz dağ havasının fonunda ətrafdakı təmizlik, yolboyu sıra ilə düzülmüş binalar, səf-səf ağaclar, bir də mənzil başınadək maraqla soruşduqları, cavabı “qaz kəməri” olan, dağların sinəsinə ilan kimi sarılan sarı borular qonaqlarımı daha çox heyran edirdi. Bərdə şəhərindən olan qonaq, “Kaş ki, bizim də şəhərimizdə buradakı təmizliyin yarısı olardı”,- deyib gileylənirdi. Elə onun bu giley-güzarı məni xəyalən illər öncələrin Naxçıvanına götürdü. O Naxçıvana ki, indi ondan əsər-əlamət belə qalmayıb. O Naxçıvana ki, bir vaxtlar burada yaşayan insanlar da bu qonaqlar kimi gileyli-güzarlı idilər. Məgər Naxçıvan həmişəmi belə abad, gözəl, təmiz olub? Xeyr, burada görülən işlərin uzun illər şahidi olduğum üçün bunu qonaqlarıma da anlatmağa başladım:

Vaxt var idi ki...

Vaxt var idi ki, bax bu hava limanından Şahbuz rayonuna olan 20-25 dəqiqəlik yolu bir saata, saat yarıma getməli olurdun. Daşlı-kəsəkli yollar, hələ hava yağışlı-qarlı olanda daha dəhşətli vəziyyətdə-palçıqdan keçilməz olurdu. Tez-tez avtomobil qəzaları baş verirdi. Ucqar kəndlərdə yaşayan insanlar xüsusilə əziyyət çəkirdilər. Çünki kəndlərdə heç bir şərait yox idi. Onlar bazarlığa Naxçıvan şəhərinə (çünki rayonlarda bazar yox idi) gəlir, hansısa bir sənəd almaq, xəstəxanada müayinə üçün rayon mərkəzinə enməli olurdular. Bu isə həm maddi, həm də vaxt baxımından onlara sərf etmirdi. İnsanlar olmazın çətinlikləri ilə üz-üzə qalırdılar. Bu, o dövr idi ki, sovet imperiyasının buxovlarından təzəcə azad olmuşduq. Elə yeri gəlmişkən, onu da vurğulayım ki, bütün bunlar sovetlər birliyinin ölkəmizə göstərdiyi biganə münasibət, regionların tamamilə nəzərdən kənarda qalması, insan amilinə hörmətsizliyin nəticələri idi.

Kənd zəhmətkeşlərinin bərbad yol və yaşadıqları ərazidə bazarın yoxluğu ucbatından qara yazdan min bir əziyyətlə istehsal etdikləri məhsul payızda əllərində qalırdı. Bu məhsulları bərbad, həm də baha başa gələn yollarla Naxçıvana- bazara gətirməklə kəndli heç bir gəlir əldə etmirdi. Buna görə də öz istifadə edəcəyi qədər istifadə edir, qalan məhsul isə xarab olub, zəhmətkeş insanların əziyyətini əllərində qoyurdu.

Dəfələrlə şahidi olmuşuq ki, ucqar dağ kəndlərində xəstənin həyatı bu yollardaca yarımçıq qalıb. Onu vaxtında xəstəxanaya çatdırmaq mümkün olmayıb.

Bütün bunların ardınca isə 1988-ci ildən sərhədlərimizdə başlanan erməni qalmaqalı, elektrik enerjisinin, qaz xəttinin tez-tez dayandırılması, Bakı-Naxçıvan qatarına basqınların edilməsi, maşinistlərin döyülməsi, günlərlə qatarların işləməməsi naxçıvanlılar üçün yeni çətinliklər yaratmağa başlayırdı. Onlar hələ xəbərsizdilər ki, bu bərbad yollar, bu uzaq xəstəxanalar, bazarlar, saatlarla yollarda itirdikləri vaxt çox yaxın gələcəkdə başlarına gətirilənlərin kölgəsində qalacaq. Naxçıvanı yeni təhlükə gözləyirdi. Nə idi bu təhlükə?

Blokada

Artıq 1989-1990-cı illərdə Naxçıvanda blokada çoxdan başlamışdı. İki il ərzində ayrı-ayrı vaxtlarda qatarların işləməməsini, eletrik, qaz xətlərinin kəsilməsi günlərini hesablayanda bir il idi ki, Naxçıvan blokada şəraitində yaşayırdı. Elektrik enerjisinin, təbii qazın yoxluğu, qatarların işləməməsi bütün istehsal müəssisələrinin fəaliyyətinin dayanmasına səbəb olmuşdu. Artıq haqqında danışdığımız yollarda hərdənbir avtomobillər görünə bilirdi. Rayonlardan Naxçıvana marşrut avtobusları dayandırılmışdı. Çünki yanacaq yox idi. İnsanlar evlərində yandırmağa heç nə tapmırdılar. Onlar soyuqdan donurdular. Bu, hələ blokadanın ilk ili idi. Bir azdan ərzaq qıtlığı, ümumiyyətlə yanacağın yoxluğu qarşısında dəhşətli bir həyat var idi. Naxçıvan günü-gündən məhvə doğru gedirdi. Bir tərəfdən ermənilərlə bütün sərhədlərində, xüsusilə Sədərəkdə qanlı müharibələr gedir, bir tərəfdən region informasiya blokadasına məruz qalmışdı, digər tərəfdən isə aclıq, səfalət hökm sürürdü.

Naxçıvan həmin dövrdə bu çətinlikləri naxçıvanlılarla birlikdə yaşayan, çıraq işığında fəaliyyət göstərən ulu öndərimiz Heydər Əliyevin dediyi kimi, “Taleyin ümidinə buraxılmış tənha ada”nı xatırladırdı.

Naxçıvanın da, naxçıvanlıların da bu qara günlərdə üzlərinə yalnız bir günəş doğdu. O günəş ki, doğulması ilə bu qədim diyarın və onun sakinlərinin xilaskarına çevrildi. Bu barədə Azərbaycan Respublikasının Prezidenti cənab İlhаm Əliyev deyir: “Sovet İttifaqının dağıldığı ərəfədə və ondan sonra Naxçıvan çox ağır günlər yaşayıb. O illərdə ancaq ulu öndər Heydər Əliyevin əzmkarlığı, qətiyyəti və siyasi bacarığı Naxçıvanı böyük bəlalardan qorudu. Azərbaycana edilmiş hərbi təcavüzdən – 1990-cı ilin 20 Yanvar faciəsindən sonra Heydər Əliyev sovet rəhbərliyini kəskin şəkildə ittiham etdi və Sovet İttifaqı Kommunist Partiyasından çıxdı. Bundan sonra ona qarşı böyük təzyiqlər başlandı. O, məcbur olub Moskvadan Bakıya döndü. Ancaq Bakıda o vaxtkı rəhbərlik təzyiqləri davam etdirirdi və Heydər Əliyev öz Vətəninə, doğulduğu yerə – Naxçıvana gəldi. Onun gəlişi Naxçıvanı böyük bəlalardan qurtardı. Naxçıvanlılar Heydər Əliyevi qorudular, Heydər Əliyev isə Naxçıvanı qorudu”.

Bəli, əgər blokadanın ilk ilində ulu öndər şəxsi nüfuzu, qonşu dövlətlərlə yaratdığı iqtisadi əlaqələr sayəsində naxçıvanlıları məhv olmaq təhlükəsindən qorudusa, sonrakı iki ildə burada böyük quruculuq işlərinin təməlini qoydu. Naxçıvan bütövlükdə yenidən qurulmağa başlandı. Sonrakı illərdə bu siyasətin uğurla davam etdirilməsi və müvəffəqiyyətlə həyata keçirilməsi isə bu gün Naxçıvanı buraya gələn hər kəsin heyrət etdiyi diyara çevirdi.

O diyara ki...

Bax gördüyünüz, bəyəndiyiniz, heyran qaldığınız bu yollar muxtar respublikanın ən ucqar kəndlərinədək uzanır. Dövlətimizin başçısı bu barədə deyir: “Bütün şəhərlər artıq magistral yollarla bir-birinə bağlanıbdır və Naxçıvanda olan hər bir insan bunu görür. Yollar çox keyfiyyətlə tikilir, mən bu yolların açılışlarında iştirak etmişəm, bəzi yollar çoxdan istismara verilib, amma buna baxmayaraq keyfiyyət də yerindədir”.

Bu kəndlər həmin kəndlər idi ki, 20-25 il əvvəl orada çayxanalar bir-biri ilə çiyin-çiyinə söykənmişdi. İnsanlar torpaqdan əl götürüb, günlərini həmin antisanitariya ocaqları olan çayxanalarda keçirirdilər. Buradakı rütubət, tüstü insanların çiyərlərini sıradan çıxarmaq üzrə idi. Ulu öndərin 1992-ci ildə Naxçıvanda başladığı torpaq islahatının uğurla davam etdirilməsi, insanların şüuruna maarifləndirmə toxumlarının səpilməsi kəndlinin torpağa meylini elə bir şəkildə dəyişdi ki, o, şüurlu şəkildə anladı ki, torpaq onun üçün ən faydalı iş yeridir. Bu cür düşünən insanlar çayxanalarda itirdiyi saatları torpağına sərf etməklə torpaq sahibinə çevrildi. Həmin torpaq sahibləri indi Naxçıvanın tanınmış iş adamları, sahibkarlardır.

Kənd zəhmətkeşlərinin məhsullarını realizə etmələri üçün bazarlar fəaliyyətə başladı, hər həftənin şənbə-bazar günləri kənd təsərrüfatı məhsulları yarmarkaları təşkil olundu ki, təsərrüfat sahiblərinə məhsullarını burada sərbəst şəkildə satmalarına hərtərəfli şərait yaradıldı. Bunun ardınca kənd adamlarının maşın-texnika, gübrə, su, subsidiya, güzəştli kreditlərlə təmin olunması, müxtəlif kənd təsərrüfatı məhsulları festivallarının keçirilməsi torpağı alın təri ilə suvaran insanların maraqlarını daha da artırdı, onları torpağa qırılmaz tellərlə bağladı. Çünki blokadanın ilk illərində qazanc dalınca başqa ölkələrə gedən, işsizlik ucbatından ailə yanında üzü qara olan, maddi vəziyyətin aşağı olmasına görə övladına toy edə bilməyən insanlar bunları ard-arda həyata keçirdikcə, özlərinə yeni evlər tikib, maşınlar aldıqca gördülər ki, torpaqdan səmərəli iş yeri yoxdur.

Bütün kəndlərdə yeni məktəblər, mədəniyyət müəssisələri, həkim ambulatoriyaları, feldşer-mama məntəqələri tikildi. Xidmət orqanları bir mərkəzdə-kənd mərkəzlərində birləşdirildi. Kənd sakinləri daha vaxt sərf edib rayon mərkəzinə hansısa bir sənəd ardınca, müayinə, peyvənd üçün getmədilər, bunu yaşadıqları ərazidəcə həll etdilər.

Rayon mərkəzləri və şəhərlər başdan-başa yenidən quruldu, prospektlər, küçələr, parklar yaradıldı. Bütün xidmət obyektləri təzələndi, sovet dövründən qalma nə vardısa, yeniləndi. Dəfələrlə şahidi olmuşuq ki, böyük şəhərlərdən Naxçıvanın xəstəxanalarında olan mütəxəssislər buradakı tibbi avadanlıqların onlarda olmadığını vurğulayıblar. Xarici qonaqlar kəndlərdəki məktəbləri universitet binalarına bənzədiblər.

Bəli, dövlətimizin qayğısı, dövlətçiliyə sadiq insanlar sayəsində Naxçıvan blokada şəraitində yaşaya-yaşaya zamana meydan oxudu. Təbii qazla təmin olundu. Öz təbii resurslarına doğru yol alaraq elektrik enerjisi istehsalçısına çevrildi. Prezident İlham Əliyevin də dediyi kimi: “Yollarla, elektrik təchizatı, qazlaşdırma ilə bağlı – bütün istiqamətlər üzrə muxtar respublikada görülən işlər məni çox sevindirir. Təkcə onu demək kifayətdir ki, qazlaşdırmanın səviyyəsi artıq 100 faizə çatıb. Elektrik enerjisi ilə təchizat 100 faizə çatıb və Naxçıvanda çox böyük enerji potensialı yaradılıb. Vaxtilə Naxçıvanda işıq yox idi, enerji yox idi. Azərbaycandan gələn xətlər də Ermənistan tərəfindən kəsilmişdi. İndi isə Naxçıvan özünü elektrik enerjisi ilə tam təmin edir və bərpaolunan mənbədən istifadə edir. Bu, çox önəmlidirÇünki bu, Naxçıvanın gözəl təbiətinə və ekoloji vəziyyətinə töhfə kimi qəbul edilməlidir”.

Hər addımda gözəllikləri ilə heyran edən Naxçıvan ötən illərdə həm də turistlərin üz tutduğu diyara çevrilib. Məşhur Ordubadı, Əshabi-Kəhfi, Duzdağı, Şahbuzunun Batabatı, Ağbulağı-burada yaradılan dağ-xizək mərkəzi Naxçıvanın təbii gözəllikləri üzərinə yeni gözəlliklər əlavə edib. Düşünürəm ki, min dəfə söyləməkdənsə, bir dəfə görmək daha məsləhətlidir.

Blokada Naxçıvanı və “Sənaye ili”

Heyranedici cəhətlərdən biri isə Naxçıvanla bağlı bütün yazılarımda vurğuladığım kimi, blokada şəraitində inkişafa bu dərəcədə nail olunmasıdır. Bu il Naxçıvanda “Sənaye ili”dir. Çox maraqlıdır, deyilmi? Blokada Naxçıvanı və “Sənaye ili”. İllər sonraların araşdırma mövzusu olacaq bu nailiyyətlər qürur hissi doğurur. Naxçıvan dünyaya bir yenilik bəxş edir: blokadada yaşaya-yaşaya inkişafın da ola biləcəyi möcüzəsini.

Statistikaya nəzər salaq. Ötən il ümumi daxili məhsul istehsalı 3 milyard 16 milyon 315 min manat, bir il öncəki göstəricidən 2,4 faiz çox olub. Hər bir nəfərə düşən ümumi daxili məhsul əvvəlki ilə nisbətən 3,4 faiz artaraq 6525 manat, orta aylıq əməkhaqqının məbləği isə 548,8 manat təşkil edib. Ümumi daxili məhsulun tərkibində ilk yeri 27 faizlə sənaye sahəsi tutur. Ötən il muxtar respublikada bir il öncəki göstəricini 1,7 faiz üstələyən həcmdə - 1 milyard 69 milyon 655 min 700 manat dəyərində sənaye məhsulu istehsal olunub. Burada özəl bölmənin payı 92,3 faizdir. Sənayenin inkişafı məqsədilə təsərrüfat subyektlərinə 2021-ci ildə 11 milyon 276 min manat kredit verilib. 194 layihə üzrə istehsal və xidmət obyektləri yaradılıb, yaxud yaradılması davam etdirilib. Naxçıvanda 384 növdə məhsul istehsal olunur.

2021-ci ildə muxtar respublikada sahibkarlara verilən 38 milyon manatdan artıq kreditin 13 milyon 875 min manatı yeni istehsal sahələrinin yaradılmasına və ya genişləndirilməsinə, 24 milyon 161 min 100 manatı isə fərdi sahibkarlığın inkişafına sərf olunub. 52 hüquqi və 2389 fiziki şəxs qeydiyyata alınıb. 2021-ci ildə bir il öncəyə nisbətən 5,3 faiz çox, yəni 573 milyon 380 min manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunub.

Təkcə 2021-ci ildə muxtar respublikada 355 sosial və inzibati obyekt tikilərək və ya yenidən qurularaq istifadəyə verilib, 149 obyektdə tikinti və yenidənqurma işləri davam etdirilib. Əhalinin həyat səviyyəsinin yaxşılaşması fərdi yaşayış evlərinin tikintisinə də müsbət təsir göstərib və ötən il əhalinin şəxsi vəsaiti hesabına 376 min 661 kvadratmetr yaşayış sahəsi istifadəyə verilib.

Ötən il mayın 10-da Naxçıvana səfəri zamanı dövlətimizin başçısı cənab İlham Əliyev bölgənin sürətlə inkişaf etdiyini və bütün sahələr üzrə işlərin müsbət istiqamətdə getdiyini vurğulayaraq demişdir: “Sənaye potensialı inkişaf edir, artır. Naxçıvan Muxtar Respublikası son 20 il ərzində iqtisadi artımın templərinə görə rekordsmendir. Ümumi daxili məhsul 10 dəfədən çox artıb”.

Bəli, ümummilli liderimizin başladığı uğurlu siyasətin dövlətimizin uğurla davam etdirməsinin təntənəsidir bu gün Naxçıvan. Niyə də hər kəsi heyran etməsin ki...

Mətanət Məmmədova

P.S. Səhəri gün isə Türkiyə Respublikasına gedirdik. Sədərək gömrük-keçid məntəqəsinədək yolboyu göz baxdıqca uzanan sıx yaşıllıqların müzakirəsi gedirdi. Bu barədə ikinci yazıda.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: