I Qarabağ müharibəsində dünyaya gələn oğullar Vətən müharibəsində qəhrəman oldular

A- A A+

Şəhid atasının dedikləri…

O günləri yaxşı xatırlayıram. Erməni vandalları sərhəddə tez-tez münaqişələr törədirdilər. Artıq vəziyyət günbəgün ağırlaşırdı. Müharibənin ilk “siqnalları” gəlirdi. Məhləmizdəki qoca nənələr həyəcanla bir-birinə “eşitmisən, müharibə başlayır yenə” deyirdi. Hiss olunurdu ki, qorxur, təşviş keçirirlər. Ağsaqqallar isə müharibənin gətirəcəyi bəlalardan danışırdılar...

Onların qorxusunu anlamaq o qədər də çətin deyildi. Kəndimizdəki qocaların çoxu II Dünya müharibəsində atasını, qardaşını, həyat yoldaşını, nişanlısını və ya digər yaxın qohumlarından birini itirmişdi.

Tağı 1992-ci il müharibəsi zamanı, Sədərək döyüşlərinin qızğın vaxtında doğulmuşdu. Həmin vaxtlar kəndimiz tez-tez top atəşinə məruz qalırdı. Günlərimizi səngərlərdə keçirirdik. Elə vaxtlar olurdu ki, döyüşlərin qızğın vaxtı, bir neçə gün postlarda qalmalı olurduq. Evə dincəlmək üçün gələndə isə Tağını qucağıma alaraq dəfələrlə evdən həyətə, oradansa top mərmilərindən qorunmaq üçün zirzəmiyə qaçırtmışdım. Həmin illərdə Naxçıvan, xüsusilə Sədərək rayonu çox ağır günlər keçirirdi. Həm ərzaq qıtlığı, həm də müharibənin ağırlığı rayonda yaşayan insanları çətinliklərlə üz-üzə qoymuşdu. Bəzən günlərlə mərmi yağışının altında gündəlik işlərimizi görməyə məcbur qalırdıq.

Tağı təhsilə Sədərək kənd 1 nömrəli tam orta məktəbdə başlamışdı. Orta məktəbi bitirib, hərbi xidmətə yollandı. Hərbi xidməti Ordubad dağlarının yüksəkliklərində layiqincə yerinə yetirib evə qayıtdı. Hərb işini çox sevdiyi ücün Heydərabad qəsəbə tam orta məktəbində hərbi rəhbər kimi fəaliyyət göstərdi. 2019-cu ildən isə müddətdən artıq həqiqi hərbi xidmətdə kiçik çavuş kimi xidmətə başladı. Həmin ildən Xüsusi Təyinatlı Qüvvələrin 3 aylıq təməl kursundan keçdikdən sonra xüsusi təyinatlılar sırasında xidmət edib.

Oğlum həmişə doğma Qarabağımızın işğal altında olmasından narahatlıqla danışardı. Deyərdi ki, hər kəs bir vətəndaş kimi dərk edir ki, evsiz bir insanın rahat yaşamağı mümkün olmadığı kimi, Vətənsiz insanların da hüzur və səadət içərisində yaşamağı mümkün deyildir. Azərbaycan xalqının Vətəninə olan sevgisi və bağlılığı isə tarixi bir gerçəklik, xalqımızı digər xalqlar arasında üstün edən ən ali xüsusiyyətlərdəndir. Bu bizə şanlı tariximizin ən qiymətli miraslarından biridir.

Tağı istər məktəbdə hərb sənətini tədris edərkən, istərsə də hərbi xidmətdə olan zaman deyərdi ki, bir gün gələcək indiki gənc nəslin nümayəndələri Qarabağda tarix yazacaqlar. İşğal altında olan torpaqlarımız yağı düşməndən təmizlənəcək. Onların şücaəti, qəhrəmanlığı dünya hərb tarixinə qızıl hərflərlə yazılacaq.

Elə də oldu... Tarixə II Qarabağ müharibəsi kimi düşən əzəli ata-baba torpaqlarımızın işğaldan azad olunması üçün keçirilən uğurlu hərbi əməliyyatlarla Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin böyük sərkərdəlik məharəti nəticəsində işğal altındakı torpaqlarımız rəşadətli ordumuzun şücaəti və şəhidlərimizin qanı bahasına azad edildi. Şanlı Azərbaycan Ordusu mənfur düşmənlə 44 gün qəhrəmancasına savaşıb ona diz çökdürdü. Bu müharibə Azərbaycan xalqının şanını-şöhrətini özünə qaytardı. Xalq olaraq qürurumuzu, vüqarımızı, inamımızı özümüzə qaytardı.

Belə oğullardan biri də mənim oğlum Tağı oldu. Vətən müharibəsində Naxçıvan xüsusi təyinatlısı kimi iştirak edən Tağı bu yolda qəhrəmancasına şəhid oldu. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”, “Xocavəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olundu. Atası kimi onun adına o təltifləri almaq böyük qürur idi. Tağının bizə bir əmanəti də var. Oğlu Yusif. Onu Vətənə sədaqətli, millətə xeyirli, Azərbaycana layiqli övlad kimi böyütmək bizim borcumuzdur.   Tağıya son sözüm onun məzarı üstündə oldu:

– Oğul vətəndaş olduğunu o zaman sübut edir ki, Vətən torpaqları işğal altına düşməsin deyə valideynlərinin və ailəsinin taleyini bir an belə düşünmədən canını Vətənə qurban verə! Övlad ona deyərəm ki, anaların, qız - gəlinlərin namusunu qorumaq üçün canından keçə, ürəyi düşməndən qisas almaq üçün döyünə! Bütün bu hisslərin səndə olması ilə fəxr edirəm. Fəxr edirəm ki, sən belə bir oğul oldun! I Qarabağ savaşında anadan olan, II Qarabağ savaşında döyüşərək şəhadətə yüksələn şəhidim,  haqqını bizə halal et!

                                                                           İlham  Abdullayev

Şəhid atası

“Oğuz yurdu” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: