Xalq təqvimi və inanclarda erkən yaz dövrü

A- A A+

Xalqımızın məişət və mədəniyyət həyatında mühüm bir hissəni təşkil edən el bayramı Novruzun yekunlaşması ilə ta qədimdən maldar və əkinçi ata-babalarımızın təsərrüfat həyatında qızğın dövr başlayıb. Bundan sonra görülən işlər xalq təqviminə əsasən müəyyənləşdirilib. Qeyd edək ki, əvvəllər yaz-tarla işləri “Novruz topu”nun atılması ilə başlayardı. Martın 21-də yazın girməsinə baxmayaraq, havalar şıltaqlıq edir, bəzən qar yağır, bir neçə gün soyuq olur. Bu zaman istər heyvandarlıqda, istərsə də əkinçilikdə çətinliklər yaranır. El arasında baharın ilk ayı “qara yaz” adlanır. Çünki bu dövrdə qış azuqəsi tükənir. Çöldə heyvanın otlaması üçün o tələf olmur. Qara yazın özü də bir neçə yerə bölünür və onlara müxtəlif adlar verilib. Bəzi yerlərdə martın 6-dan aprelin 6-na kimi olan dövrə “murdar üşüyən ay”, aprel ayının 15-nə kimi olan dövrə isə “qarnın borcu”, “qarnın mərdi” deyirlər. Rəvayətə görə, mart ayında havanın qərarsız olmasına, çöldə heyvanların yeyəcək tapa bilməməsindən narahat olan qarı martın çıxmasına sevinir. Sevinci yerə-göyə sığmayan qarı martın arxasınca deyinir:

 Əldən aldın yorğanım,

 Dərdə düşdü oğlağım.

 Borca getdim samana,

 Pislik qaldı yamana.

 Mart gözüvə barmağım,

 Yaza çıxdı oğlağım.

Belə rəvayət olunur ki, bunu eşidən mart hirslənir, apreldən 15 gün borc istəyir. Aprelin 15-nə kimi havalar yenidən soyuyur, qar yağır. Təbiəti uzun illər müşahidə edən babalarımız “qara yaz” çıxana kimi ehtiyatlarını üzməz, ev üçün yanacaq, mal-heyvan üçün isə yem ehtiyatı saxlayardılar. Atalarımız demişdir ki, bu dövr üçün 40 şələ odun, 40 çuval saman saxlamaq lazımdır. Aprelin 10-15-nə qədər soyuqların tam sovuşmadığı dövr xalq tərəfindən “kərnəbut” (kərnəvurt) da adlandırılıb. El arasında deyərlər ki, bu vaxta qədər Naxçıvanda basdırılmış üzüm və narın üstünü açmazlar. Bəziləri kərnəbutun Novruzdan 10 gün, bəziləri isə 15 gün sonra olduğunu deyirlər. Yaşlı sakinlərin sözlərinə görə, aprelin 5-7-nə kimi olan dövrə “camışqıran” dövr də deyiblər. Belə bir məsəl vardır ki, qorx aprelin beşindən, öküzü qoyar işindən. Uzun illərin müşahidəsinə əsasən, aprel ayının 5-i və ona yaxın günlərdə havanın dəyişkən keçdiyinin, temperaturun aşağı düşdüyünün şahidi oluruq. Belə bir nəticəyə gəlmək olar ki, “kərnəbut” və “camışqıran” xalq təqvimləri eyni dövrləri əhatə edib, Novruz bayramından 15 gün keçən vaxta düşür. Ata-babalarımız feneoloji müşahidələrə əsasən, bu dövrdə yağan qar, yağış, doluya da müəyyən adlar qoymuşlar. Yazın girməsi ilə əlaqədar köçəri quşlar isti ölkələrdən qayıtmağa başlayır. Müşahidələrə görə, yazın ilk günləri sığırçınlar gələr, bu vaxt qar əriyər, havalar istiləşərdi. Lakin axşamlar su donardı. Xalq arasında leyləyin gəlməsinə də xüsusi diqqət yetirilirdi. Leyləyin gəlişi insanlar arasında sevincə səbəb olurdu. Keçmişdə ilk dəfə leyləyi görən uşaqlar ata-analarına muştuluğa qaçardılar. Valideynlər uşaqların muştuluğunu verdikdən sonra “Leyləyin ağzında nə gördünüz?” deyə soruşardılar. Əgər leyləyin ağzında “sünbül”, “ot” olduğunu desələr, ilin məhsuldar olacağı, “sümük, çöp gördük” desəydilər, ilin quraq keçəcəyi güman edilirdi. Xalq arasında belə inam formalaşıb ki, leylək gələn gün az da olsa, qar yağmalıdır. Ona görə Novruzdan sonra yağan qara “leylək qarı” deyərlər. Bir də belə bir deyim vardır ki, leyləyin yumurtasının üstünə qar yağmazsa, bala çıxarmaz. Bundan başqa, xalq təqviminə görə, martın yeddisi ilə aprel ayının yeddisi arasında əsən küləklər “boz külək” adlanır. Bəzən hava quraq keçməklə yanaşı, rütubətsiz, isti, quru küləklər də əsir. Bu isə “qara yel” adlanır. Erkən yazda mülayim küləklərin əsməsi ilə ağaclar tumurcuqlayır. Bu cür küləyə “tumurcuq açan” külək deyilir. Yazda yarı qar, yarı dolu formalı yağıntı düşür ki, buna “çoban yarması” deyirlər. Bəzən günəşli havada qısamüddətli yağış yağır və buna “tülkü toyu”, “qurd quzulaması” deyilir. Qeyd edək ki, yazda təbiətlə bağlı bir çox inanclar da mövcuddur. İnama görə, göy guruldamasa, çöldə bitən pencərləri yemək düzgün deyildir. Digər bir inanca görə, bu dövrdə çox yağış yağdıqda palçıqdan kökə düzəldib təndirə yapardılar ki, yağış kəssin. Bu gün təbiətdə baş verən dəyişikliklər onu göstərir ki, xalq təqvimindəki dövrlər əsassız deyil. Onların hər biri ata-babalarımızın sınağından, müşahidəsindən keçərək günümüzədək gəlib çatıb.

                                                                   “Şərqin səhəri” qəzeti

                                                     Etnoqrafik materiallar əsasında

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: