Tanrı və insan möcüzəsi: Əshabi-Kəhf - FOTOLAR
Həsən Bəsri həzrətlərinin yaşadığı şəhərin zalım bir valisi vardı. Vali bir gün adamlarını göndərir ki, gedib Həsən Bəsri həzrətlərini həbs eləsinlər. O da bir vaxtlar şagirdi olan Həbibi Əcəmi həzrətlərinin daxmasında gizlənir. Valinin adamları gəlib qəzəblə:
– Həsən Bəsrini gördün? – deyə soruşur.
O da çox təmkinlə:
– Hə, – deyir.
– Haradadır?
– Mənim bu daxmamda.
Adamlar daxmaya girirlər, ancaq Həsən Bəsrini tapa bilmirlər. Çölə çıxıb Həbibi Əcəmi həzrətlərinə:
– Ya şeyx, niyə yalan danışırsan? – deyirlər.
– Mən yalan danışmıram. Siz görə bilmirsinizsə, mənim günahım nədir?
Adamlar təkrar daxmaya girib axtarırlar, yenə tapa bilməyib çıxıb gedirlər. Onlar gedəndən sonra Həsən Bəsri həzrətləri:
– Ey Həbib! Bilirəm ki, məni Rəbbim sənin hörmətinə onların gözündən gizlətdi. Ancaq mənim yerimi niyə onlara söylədin? Sənin müəllimin olmuşam, üstündə haqqım yoxdur?
Həbibi Əcəm həzrətləri bu cavabı verir:
– Ey ustadım! Onlar mənim hörmətimə görə deyil, doğru danışdığımıza görə sizi tapa bilmədilər. Bilirsiniz ki, dürüst bəndələrin yardımçısı Allahdır. Əgər yalan desəydim, sizi də, məni də tutardılar.
Bu oxuduğum hekayə dürüstlüyü ən yaxşı şəkildə izah edir. Deyirlər, dürüst adam yalan danışmaz, and içməz. Kəlməsi həqiqət olar. Bu fani dünyada elə insanlar da var ki, gərək bu adamları and-amanla inandırasan. Dilimizdə andlar çoxdur. “And olsun Yaradana”, “And olsun peyğəmbərə”, “And olsun ki vicdanıma”.. və “And olsun Əshabi-Kəhfə!”.
Hələ uşaqlığımdan “Əshabi-Kəhf haqqı” sözünü çox eşitmişəm. Babam Kamal müəllim bizi tez-tez aparardı bu müqəddəs məkana. Övladlarının bir neçəsi Bakıda yaşayır. Hər dəfə onlar kəndə gələndə babamın ilk işi quyruğu yağlı bir qoçu götürüb Əshabi-Kəhfdə qurban kəsmək idi. Demək olar ki, hər il Əshabi-Kəhfə qurban deyirdi. “Dumanın qurbanı”, “Mətinin qurbanı”, “Turqanın qurbanı”,- deyib ailəliklə Əshabi-Kəhfə üz tuturduq. O zamanlar bu "istirahət mərkəzi”nin yolu kələ-kötür, təmirsiz idi. “UAZ”la, “Niva” ilə bir təhər bu yolu gedirdik. Həmkəndlimiz Sahib əminin sovetdən qalma bir maşını var idi. Ən çox ondan istifadə edərdik. Hələ yadımdadır ki, bir dəfə Sahib əminin dilindən arı sancmışdı. Əshabi-Kəhfdə bal arısından tutmuş yabani arılara, milçəklərə qədər var idi. Çünki bəzi insanların düşüncəsizliyi buraları "istirahət mərkəzi”nə çevirmişdi. Hərə bir yanda bir manqal yandırar, istədikləri kimi heyvan kəsər, qalıqlarını da hara gəldi atardı. Beləcə bu tarixi abidəyə milçəklər, arılar, həşəratlar hücum etmişdi. Nə bir ağac var idi, nə də ki yaşıllıq.
Dua ən güclü silahdır.
"Allahım, səni and verirəm bu müqəddəs ziyarətgaha, sən günahlarımızı bağışla. Bu yerləri bərpa edənlərə kömək ol. Mənim ürəyimdəki istəkləri qəbul elə..."
Yaşlı bir nənə əllərini göyə açıb bu duaları edirdi. Mən isə Əshabi-Kəhf təbiətinin gözəlliyinə baxır, quşların səsini dinləyir, sakitliyin həzzini yaşayırdım. Burada səssizliyi pozan təkcə balaca uşaqların səs-küyü idi. Ətrafın təmizliyi bura gələn hər kəsi heyran qoyur. Bakıdan gələn bir xanımın səsini eşidirəm: "Ay Allah, necə də təmiz havası var, elə bil cənnətdir. Çək havanı ciyərlərinə, çək".
Bəzən yorğun olanda, mənəvi qidalara, dua etməyə ehtiyacım olanda Əshabi-Kəhfə gəlirəm. Artıq bu adətimizə çevrilib, iş yoldaşım Razimlə həftə sonu bura gəlirik. Razim məndən yaşca böyükdür. O, daha yaxşı xatırlayır bu yerlərin mənzərələrinin vaxtilə ürəkaçan olmadığını, ziyarətə gələnlərin "Cənnət bağı”na, "Damcıxana”ya kəndirlə qalxdığını. Razimlə oturub bir çay içirik. Bu arada, Əshabi-Kəhfin yaxşı samovar çayı olur. Bu dağlarda bitən dərman bitkiləri, şəfalı otlar çaya ayrıca bir dad qatır. Burda indi yalnız çay içmək üçün çayxana fəaliyyət göstərir.
Bir zamanlar insanların "istirahət mərkəzi”nə çevirdiyi müqəddəs ocaq indi “Əshabi-Kəhf” Dini Mədəni Abidə Kompleksinə çevrilib. Bu müqəddəs məkan gündə yüzlərlə ziyarətçini- turisti, əcnəbini, yerli sakinləri qəbul edir. Həftə sonları isə burda daha çox adam olur. Maraqlıdır ki, muxtar respublikaya gələn qonaqların da ilk ziyarət etdiyi yerlərdən biri məhz Əshabi-Kəhf olur.
Əshabi-Kəhfi turistlər üçün fərqli edən cəhətlər:
1. Əshabi-Kəhf müqəddəs Qurani-Kərimdə adı çəkilən, təkallahlığın ilk bərqərar olduğu yerlərdəndir. Mənəvi zənginlik tapmaq istəyənlər, ruhən paklananlar, Tanrıya daha yaxın olmaq niyyətində olanlar bu müqəddəs məkanı bir saatlıq da olsa ziyarət edə bilərlər. Buna görə bu abidə dini turizm baxımdan çox əlverişlidir.
2. Əshabi-Kəhf həm də Paleolit dövrünə aid tarixi abidədir. Bu möcüzəvi mağaralarda qədim insanlar yaşayıb. Qədim Naxçıvanın tarixi incisi kimi çox dəyərlidir. Tarixi turizm sevənlər bura üz tuta bilərlər.
3. Bu Tanrı möcüzəsi həm də insan möcüzəsidir. Əvvəllər Əshabi-Kəhfdə heç bir ağac bitməyib. Ərazinin təbiəti çox kasıb olub. Amma insan əlinin zəhməti bu yerləri indi cənnətə çevirib. Əshabi-Kəhfdə yaşıllıq sahələri genişlənib, yol kənarlarında yüzlərlə ağac əkilib. Hazırda bu ziyarətgah ağacların, yaşıllığın içində gizlənib. Təbiəti, havası və iqlimi bura gələn qonaqları heyran qoyur.
4. Bu ziyarətgahın kosmik görüntüsü, yəni göydən quşbaxışı mənzərəsi də maraqlıdır. “Google-Map”in axtarış səhifəsindən Əshabi-Kəhfə baxanda digər dağların fonunda burada fərqli landşaft və relyef diqqətimizi çəkir. Kilometrlərlə sahədə sanki ərəb əlifbası ilə yazılmış hansısa bir “cümlə” görünür. Yuxarıdan baxanda qaranlıq dərələr, şaxələnən kanyonlar hansısa sehrli yazını təşkil edir. Müxtəlif mənbələrdə Əshabi-Kəhfdə həm də su quyularının, gizli yolların və qədim süxurların olması barədə məlumatlar var.
Dünyada Əshabi-Kəhfin bir neçə yerdə olduğu barədə məlumatlar var. Ancaq Qurani-Kərimdə verilən işarələr, günəşin çıxma və batma bucağı məhz bu müqəddəs ziyarətgahın Naxçıvanda yerləşdiyini sübut edir. Hər gün yüzlərlə qonağı qəbul edən ziyarətgah paklığın, mənəviyyatın və hüzurun ünvanıdır. Tanrıya yaxın olmaq istəyənlər, nicat tapmaq arzusunda olanlar elə müqəddəs Ramazan ayı bura üz tuta bilərlər.
Mətin Kamal
Naxçıvan televiziyasının əməkdaşı