Yazın əvvəllərində yerdən topa-topa çıxan çirişin yarpaqları yaşıl rəngin ən tünd çalarlarında olur, formasına görə erkən yazda qar altından boy göstərən nərgizi xatırladır. Kökləri kəndirəbənzər, təxminən 25 santimetr uzunluğunda olur və lətlidir. Sarı və qırmızı rəngdə olan çiçəkləri gözəl görünüşə malikdir.
NUHÇIXAN İnformasiya Agentliyi tibbi mənbələrə istinadla xəbər verir ki, çiriş aprel ayında çiçəkləyir, iyun ayında isə toxum verir. Orta dağ qurşağından, yüksək dağ qurşağına qədər daşlı-çınqıllı yamaclarda və kolluqlarda yayılır. Onu mart-aprel aylarında yarpaqları 6-15 santimetr uzunluğunda olarkən toplayırlar. Lakin havalar mülayim keçəndə fevralın axırlarında da yığmaq olar. Həmin vaxt bitkinin yarpaqları selik və C vitamini ilə zəngin olur.
Çiriş köklərindən hazırlanan yapışqandan cildləmədə, papaq və çəkmə istehsalında istifadə edilir və həmin yapışqana su dəyməyəndə uzun illər öz keyfiyyətini saxlayır.
Xalqımızın qədim kulinariya mədəniyyətində çirişdən hazırlanan kətə və qutab özünəməxsus dadı ilə seçilir. Kətə və qutab bişirmək üçün ona soğan, dağkeşnişi və quzuqulağı əlavə edilərək doğranır, qarışığa azacıq duz qatılaraq adi qaydada kətə, yaxud qutab bişirilir. Çiriş kətəsi mədə-bağırsaq, xüsusən kolit xəstəliyi zamanı müsbət təsir göstərir.
Çirişin yarpaqlarından hazırlanan buğlama, sıyıq, kətə, qutab və başqa xörəklər orqanizmin müxtəlif vitaminlərlə təmin edilməsi və möhkəmlənməsi üçün daha çox faydalıdır.
Çiriş tozu təzə beçə balı ilə qaynadılır və azacıq qatılaşana yaxın götürülür. Hazırlanan məlhəm sınıq və çıxıqlarda, çiban və dolama tipli irinli yaraların müalicəsində istifadə edilir.