Ötən ay 23 daşınmaz əmlak obyektinə ünvan verilib

A- A A+

Muxtar respublikada daşınmaz əmlakın qeydiyyatı və torpaqlardan səmərəli istifadəyə nəzarət mart ayında da diqqətdə saxlanılıb.

Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq  Məsələləri üzrə Dövlət Xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki,  ötən ay 532 daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alınıb, 384 texniki sənəd hazırlanıb, yeni yaranmış 23 daşınmaz əmlak obyektinə ünvan verilib, 78 torpaq sahəsinin planı və ölçüsü dövlət kadastr kitablarında qeydiyyata alınıb.

Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi məqsədilə Şərur rayonunun Alışar, Şahbulaq, Gümüşlü və Aşağı Yaycı kəndlərinin ərazisində monitorinqlər başa çatdırılıb, müəyyən edilmiş qanun pozuntularının aradan qaldırılması üçün tədbirlər görülüb. Şərur rayonunun Axura, Yuxarı Yaycı kəndlərinin və Kəngərli rayonunun Qıvraq qəsəbəsinin ərazisində isə monitorinqlər davam etdirilib.

Ötən ay səyyar xidmət vasitəsilə 7 yaşayış məntəqəsində 26 vətəndaşın müraciətinə baxılıb, 97 fiziki və hüquqi şəxs elektron xidmətlərdən yararlanıb. Mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və daşınmaz əmlakla bağlı digər əməliyyatların aparılması üçün vətəndaşlardan 1086 ərizə qəbul edilərək icra olunub. 6 ailə təsərrüfatına məxsus həyətyanı təsərrüfat binaları sənədləşdirilib, təsərrüfat fəaliyyəti ilə əlaqədar ailə təsərrüfatlarının icarəsinə verilmiş torpaq sahələri üzərində hüquqlar dövlət qeydiyyatına alınıb.

“2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”na uyğun olaraq Sədərək və Kəngərli rayonlarında meyvə bağlarına, yaşıllıq zolaqlarına dair məlumatlar dəqiqləşdirilərək torpaqların elektron kadastr uçotu informasiya sisteminə daxil edilib. Həmçinin bələdiyyə sədrlərinin, ailə təsərrüfatı başçılarının, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin iştirakı ilə maarifləndirici tədbirlər keçirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: