Ötən ay 220 fiziki şəxs məcburi dövlət sosial sığorta ödəyicisi kimi qeydiyyata alınıb

A- A A+

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən cari ilin mart ayında  da əhalinin sosial müdafiəsinin gücləndirilməsi  məqsədilə aparılan işlər  davam etdirilib.

Fondun mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, ötən ay pensiya və müavinətlərin ödənişinə ayrılan vəsaitin 73,4 faizi məcburi dövlət sosial sığorta haqqı olaraq muxtar respublikada yığılıb, 1 hüquqi şəxs və 220 fiziki şəxs məcburi dövlət sosial sığorta ödəyicisi kimi uçota alınıb.

Məcburi dövlət sosial sığorta haqqı üzrə 12 milyon 303 min 200 manat vəsait yığılaraq fondun xəzinə hesabına köçürülüb ki, bu da nəzərdə tutulan məbləğdən 18,7 faiz çoxdur.

Müvafiq dövrdə "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq 122-si yaşa görə, 15-i əlilliyə görə, 17-si ailə başçısını itirməyə görə olmaqla, pensiya hüququ yaranan 154 vətəndaşa əmək pensiyası təyin olunub. Pensiya təyin olunan vətəndaşlardan 144 nəfərinə qanunvericiliyə əsasən ilk dəfə təyinat olub, 10 nəfərinə isə pensiya növündə dəyişiklik edilib. Fərdi uçot sistemində də işlər davam etdirilib və yeni əmək fəaliyyətinə başlayan 364 sığortaolunana şəxsi hesab açılıb.

Ümumilikdə, əmək pensiyalarının ödənilməsinə 16 milyon 380 min manat, məcburi dövlət sosial sığorta haqqı üzrə ödəmələrə isə 375 min manat vəsait xərclənib.

Ötən ay, həmçinin Azərbaycan Respublikası Prezidentinin "Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında" 2022-ci il 4 mart tarixli Sərəncamına uyğun olaraq 2022-ci il yanvarın 1-dək pensiya təyin edilmiş qulluq stajına görə əlavələr alan 4247 əmək pensiyaçısına 2022-ci ildə aylıq əmək pensiyası məbləğlərinin 10 faizi məbləğində maddi yardım ödənilib.

Bundan əlavə, deputatların, hərbi qulluqçuların, məhkəmə və hüquq-mühafizə orqanlarının əməkdaşlarının icbari şəxsi sığortası sahəsində müvafiq işlər görülüb, sığortaedənlər tərəfindən 303 min 334 manat vəsait fondun xüsusi hesabına köçürülüb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: