Tələbələr gömrük orqanlarında təcrübədə olublar - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin hamiliyinə verilən Naxçıvan Dövlət Universitetinin “Dünya iqtisadiyyatı” ixtisası üzrə IV kurs tələbələri gömrük orqanlarında təcrübə keçiblər. İki aya yaxın davam edən təcrübə müddətində tələbələrə gömrük orqanlarının vəzifələri, hüquqları və funksiyaları, hüquq-mühafizə fəaliyyəti, qaçaqmalçılıq və gömrük işinə dair cinayətlərin anlayış və mahiyyəti, gömrük orqanlarının büdcə öhdəliyi, gömrük dəyərinin müəyyən edilməsi üsulları və gömrük ödənişləri, gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sistemi və elektron gömrük xidmətləri, gömrük prosedurlarına dair ümumi qaydalar, gömrük nəzarəti və rəsmiləşməsi ilə bağlı məşğələlər keçirilib. Tədris olunan mövzular üzrə Culfa, Şahtaxtı, Naxçıvan Şəhər və Naxçıvan Gömrük Ekspertizası idarələrində praktik məşğələlər olub.
Təcrübənin son günündə tələbələr Komitənin Hədəflərin müəyyənləşdirilməsi mərkəzinin fəaliyyəti ilə tanış olublar. Məlumat verilib ki, 2012-ci ildən fəaliyyət göstərən mərkəzdə müşahidə kameraları və proqram təminatları vasitəsilə gömrük orqanlarındakı iş prosesinə nəzarət olunur. Gömrük nəzarət forması olaraq Qlobal Mövqetəyinetmə Sistemi - GPS qoşulmuş nəqliyyat vasitələri göndərən gömrük orqanından təyinat gömrük orqanına qədər nəzarətdə saxlanılır. Müəyyən olunmuş marşrut xəttindən kənara çıxan və yolda ləngiyən nəqliyyat vasitələri GPS monitorinq sistemi vasitəsilə aşkar edilərək müvafiq tədbirlərin görülməsi təmin olunur. Mərkəzdə gömrük orqanlarından keçən nəqliyyat vasitələrinin və vətəndaşların əl yüklərinin rentgen təsvirlərinin təkrar analizinin həyata keçirilməsi imkanı yaradılıb.
Sonra Sədərək dövlət sərhədindən buraxılış məntəqəsinin müasir infrastrukturu və fəaliyyəti ilə tanışlıq olub. Diqqətə çatdırılıb ki, yaradılan şərait işin müasir tələblər səviyyəsində səmərəli təşkilinə, malların, nəqliyyat vasitələrinin və vətəndaşların gömrük sərhədindən asan və sürətli formada keçidinin təmin olunmasına imkan yaradır. Ölkəyə giriş və ölkədən çıxış istiqamətlərinin hər birində 6 hərəkət zolağı vardır. Tanışlıq zamanı sərhədi keçən nəqliyyat vasitələrinin qeydiyyatı, müayinə prosesi, gömrük nəzarətində tətbiq olunan texniki nəzarət vasitələri, rentgen-baxış qurğuları, sərnişin keçid zallarında gömrük işinin təşkili, malların bəyan olunması və rəsmiləşdirilməsi ilə bağlı ətraflı məlumat verilib. Tələbələr yük və minik nəqliyyat vasitələrinin rentgen nəzarət qurğularından keçirilməsini izləyib, gömrük əməkdaşlarının işi ilə əyani tanış olublar.