Dünya Səhiyyə Təşkilatının mütəxəssisləri profilaktikanın onkoloji xəstəliklərin yayılmasına qarşı ən effektiv mübarizə üsulu olduğunu bildiriblər.
NUHÇIXAN BMT-nin informasiya mərkəzinə istinadən xəbər verir ki, hər beş kişidən biri və hər altı qadından biri ömürlərinin hansısa mərhələsində xərçəngə tutulacaq. Bunu Dünya Səhiyyə Təşkilatının mütəxəssisləri 2018-ci ilin göstəricilərinə əsaslanaraq bildiriblər. Lakin, bu xəstəliyin bir neçə növündə qeydə alınan geriləmələr və dünya səhiyyəsinin inkişaf etməsi onkoloji xəstəliklərdən əziyyət çəkən bəzi insanların ömrünü uzatmağa kömək edir.
Mütəxəssislərin hesablamalarına görə bu il bütün dünyada 18 milyondan artıq insana xərçəng diaqnozu qoyulub və bu xəstəlikdən ölənlərin sayı 9,6 milyona çatıb. Lakin ümidverici statistika da var: ilkin diaqnozdan sonra beş il yaşayanların sayı 43,8 milyona çatıb. Yəni, xüsusilə inkişaf etmiş ölkələrdə tibb irəliləməyə davam edir. Ümumilikdə bu xəstəlik yaşla əlaqədardır-xərçəng riski yaşla bərabər artır.
Onkoloji xəstələrin demək olar ki, yarısı Asiya ölkələrinin payına düşür. Bu da əsasən yer kürəsi əhalisinin 60 faizdən çoxunun dünyanın bu hissəsində yaşaması ilə əlaqədardır. Dünya əhalisinin yalnız doqquz faizindən ibarət olmasına baxmayaraq, Avropalılar bu göstəricinin 23,4 faizini təşkil edir.
Ümumi göstəricilərə əsasən inkişaf etməkdə olan ölkələrə nisbətən aparıcı dövlətlərdə xəstələnmə sayı bir neçə dəfə çoxdur. Lakin buna baxmayaraq Afrika və Asiyada yerləşən, az inkişaf etmiş ölkələrdə bu xəstələrin sağalma şansı daha azdır.
Ən geniş yayılmış onkoloji xəstəliklərin ilk üçlüyünü ağciyər, döş və bağırsaq xərçəngləri təşkil edir. Xərçəngin bu növləri öldürücü ilk beş xəstəlik siyahısına da daxil edilib.
Onkoloji xəstələrin təxminən beşdə biri ağciyər xərçəngindən vəfat edir. İkinci yerdə düz bağırsaq, mədə və qaraciyər xərçəngi durur. İlk beşliyi isə süd vəzi xərçəngi tamamlayır.
Lakin bəzi ölkələrdə onkoloji xəstəliklərin bir neçə növündə geriləmələr müşahidə edilir. Belə ki, Şimali Amerika və Avropanın şimalında yerləşən ölkələrdə kişilər arasında ağciyər xərçənginin azaldığı müşahidə olunur. Burada tütün əleyhinə mübarizə öz töhfələrini verməyə başlayıb. Bu ölkələrdə aparılan profilaktik tədbirlər qadınlarda uşaqlıq boynu xərçənginin azalmasına səbəb olub.
Buna baxmayaraq ekspertlər ağciyər xərçənginin sayının artması barəsində həyəcan təbili çalırlar. Bu sahədə ən yüksək göstərici Şimali Amerika, Avropanın şimal və qərb bölgələri-xüsusilə Danimarka və Niderland, eləcə də Çin, Avstraliya, Yeni Zelandiyada qeydə alınıb.
Ümumilikdə Dünya Səhiyyə Təşkilatının mütəxəssisləri profilaktik tədbirləri bu xəstəliklə mübarizədə ən yaxşı vasitə hesab edirlər.
Məqalənin müəllifləri-Xərçəngin Öyrənilməsi Üzrə Beynəlxalq Agentliyin mütəxəssisləri 185 ölkənin, 36 onkoloji xəstəlik üzrə statistik göstəricilərini analiz ediblər. Araşdırmanın cavablar təcrübə keçən həkimlər üçün nəzərdə tutulan xüsusi jurnalda dərc olunub.