NUHÇIXAN İnformasiya Agentliyi arıçı Natiq Məmmədovun arıçılıqda yaz qayğıları ilə bağlı tövsiyələrini oxucularına təqdim edir.
Artıq arıçılıq mövsümü başlayıb. Bu il yaz aylarının soyuq və şaxtalı keçməsi arıçılarımız üçün arzu olunan hal hesab edilməsə də, onları qarşıda əsas gəlir dövrü gözləyir. Təbiətin şıltaqlığına baxmayaraq, erkən yazdan başlayaraq arıxana əsas gəlir dövrünə hazırlanmalı, bol məhsulun təməli yaz aylarında qoyulmalıdır. Arı ailəsi nə qədər güclü olsa, inkişaf bir o qədər sürətlə gedər. Başqa sözlə, güclü arı ailələrində arılar daha çox yaşayır. Belə ki, 8-20 min arısı olan arı ailələrində arılar orta hesabla 30 gün, yazın ortalarında 35-40 gün yaşayır. Zəif arı ailələrində isə arıların yaşama müddəti müvafiq olaraq 26-30 günə enir. Əlverişli şəraitdə güclü arı ailələrinin yazın sonu, yayın əvvəlinə gündəlik artımı 8-10 faizə çatır. Belə ailənin beçə verməsinin qarşısını almaq lazımdır ki, bu ailə gəlir dövründə zəif olmasın.
Arıları geniş, ikimərtəbəli pətəklərdə saxlamaq beçəvermənin qarşısını almağa, daha güclü ailələr yetişdirməyə və nəticədə əsas gəlir dövrü çoxlu əmtəəlik bal almağa şərait yaradır.
Erkən yazda arıxanada ailələrə baxış günəşli, sakit və havanın temperaturu 15 dərəcədən artıq olan günlərdə aparılmalıdır. Bu zaman ailənin gücü, ana arının varlığı və yaxud səmərəliliyi, işçi arıların, yumurta və sürfənin vəziyyəti, yem ehtiyatı yoxlanmalıdır. Yem ehtiyatı az olan pətəklərə şəkər şərbəti vermək lazımdır. Şərbət pətəklərə qablarda qoyulur. Arıların şərbətə batmaması üçün qabın içərisinə taxta parçaları, yaxud quru ot salmaq lazımdır.
“Pətəklərə şəkər şərbətinin verilməsində məqsəd ana arının yumurtaqoyma qabiliyyətini artırmaqdır. Yazda ana arı nə qədər çox yumurta qoyarsa, arı ailəsi güclü, arıların sayı isə çox olar. Bu isə məhsul istehsalında əsas göstərici sayılır”,-deyə arıçı Natiq Məmmədov bildirib. O qeyd edib ki, arıxanada qışlamadan sonra ehtiyat ana arı olduqda arı ailəsi artımı almaq üçün güclü ailələri yazın ortalarından ikiyə bölmək olar. Bu şərtlə ki, sonra bu yeni ailələri yenidən bölməyəsən. Ailəni ikiyə bölmək üçün mayalanmamış ana arıdan və yetkin ana yuvalarından da istifadə etmək olar. Amma bu vaxt ailəni tən ikiyə yox, digər nisbətdə bölmək lazımdır. Ana arının mayalanmasından və yumurtaqoymaya başlamasından sonra ailəni güclü ailələrdən götürülmüş möhürlü sürfələrlə gücləndirirlər.
Arıçı erkən yazda arı yeşiklərinin yeniləri ilə əvəz olunmasını da əsas şərtlərdən hesab edir. Deyir ki, yaz yoxlanışı zamanı pətəklərdə arı xəstəliklərinin olub-olmamasına nəzarət etmək də vacibdir. Arı xəstəliklərinin vaxtında aşkarlanmaması, xəstəliklərə qarşı mübarizə tədbirlərinin görülməməsi arı ailəsinin məhv olmasına gətirib çıxarır. Xəstəliklər nəticəsində zəifləmiş ailələrdə məhsuldarlıq da aşağı düşər. Pətəkdəki arakəsmələr, çərçivələrin üstü, pətəyin daxili divarları və uçuş bacasının ətrafı arıların ifrazatı ilə çirklənibsə, bu, nozematoz və ya ishal xəstəliyinin göstəricisidir. Bu xəstəlik arıların bağırsağında inkişaf edir. Xəstə arıların uçma qabiliyyəti azalır, şan üzərində dayana bilməyib pətəyə tökülərək onun içərisində və ətrafında sürünürlər. Xəstəliyin müalicəsində nozemat, nozematol, fumaglin, okstetrasiklin, bitsilin kimi preparatlardan istifadə olunmalıdır. Yaz yoxlamasından sonra yuvada çərçivələr elə düzülməlidir ki, arılar keyfiyyətli qidalanaraq yaxşı inkişaf edə bilsin. Eyni zamanda ana arının yumurta qoyması üçün lazımi şərait yaradılmalı, yuva üstdən və yandan qızdırıcı materialla əhatə olunmalıdır.
Muxtar respublikada qədim köklərə malik olan arıçılıq sahəsi bu ərazinin təbii iqlim şəraiti, zəngin bitki örtüyü sayəsində günü-gündən inkişaf etməkdədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 noyabr 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın icrası arıçılıq təsərrüfatlarının inkişafına zəmin yaradıb. Bundan əlavə arıçılıq təsərrüfatlarının inkişafı üçün subsidiyaların, dərman preparatlarının verilməsi, Naxçıvan şəhərində ənənəvi “Arıçılıq məhsulları – bal” satış-yarmarkasının keçirilməsi arıçılar üçün geniş imkanlar açır. Naxçıvan balı dadı, ətri, görünüşü, həmçinin bir sıra keyfiyyət göstəricilərinə görə artıq dünyanın bir çox ölkələrində tanınmaqdadır. Balla yanaşı, vərəmum, çiçək tozu, güləm, arı südü və digər arıçılıq məhsulları da yüksək tibbi əhəmiyyətə malikdir.
“Şərqin səhəri” qəzeti