Daha 30 ailə sosialyönümlü layihədən yararlanıb - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 28 yanvar tarixli Sərəncamı ilə təsdiq olunmuş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha 30 sosial qayğıya ehtiyacı olan ailə müəyyənləşdirilib. Özünüməşğulluq proqramı çərçivəsində növbəti aktivlər təqdim olunub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bununla bağlı keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Nicat Babayev Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təsdiq etdiyi müvafiq dövlət proqramlarının icrası çərçivəsində özünüməşğulluğa cəlb olunmuş ailələrin təsərrüfatlarında qısa müddət ərzində artımlar olduğunu və həmin ailələrin sosial rifah halının xeyli yaxşılaşdığını deyib. Sonra özünüməşğulluqları təmin edilmiş ailə təmsilçilərinə müvafiq sənədlər təqdim olunub.

Özünüməşğulluq proqramının bu mərhələsində 12 ailənin hər birinə 2 baş iribuynuzlu, 11 ailənin hər birinə 20 baş xırdabuynuzlu, 5 ailəyə mini yerşumlayan aqreqat, 1 ailəyə südsağan aqreqat və su motoru, 1 ailəyə isə inkubator və quş tükü təmizləyən aparat verilib. Özünüməşğulluğu təmin edilmiş ailələrin üzvlərindən 15 nəfərini əlilliyi olan şəxs, 1 nəfərini çoxuşaqlı, 1 nəfərini nikahı pozulan şəxs, 4 nəfərini müharibə veteranı, 3 nəfərini isə şəhid ailəsi üzvləri olan şəxslər təşkil edib.

Həmçinin təsərrüfatını nümunəvi şəkildə inkişaf etdirdiyinə görə Kəngərli rayon Xok kənd sakini Əsgər Abdullayev həvəsləndirmə tədbirlərinə cəlb edilib və bu məqsədlə ona otdoğrayan aqreqat verilib.

Tədbirdə iştirak edən vətəndaşlar göstərilən diqqət və qayğıya görə minnətdarlıq edib, verilmiş aktivlərdən səmərəli istifadə edəcəklərini bildiriblər.

Adilə Səfərova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: