Nüvə texnologiyaları ərzaq məhsullarının zəhərlənməsi ilə mübarizədə kömək edir

A- A A+

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, dünyada 200-dən çox xəstəliyin yaranma səbəbi bakteriya, virus, parazit və ya kimyəvi maddələrlə zəhərlənən ərzaqların qəbul edilməsidir. Belə ərzaqların üzə çıxarılması üçün son vaxtlar nüvə texnologiyalarına əsaslanan üsullardan daha tez-tez istifadə olunur.

NUHÇIXAN İnformasiya Agentliyi bu barədə BMT-nin saytına istinadla xəbər verir.

İstehlakçılar ərzaqların zəhərlənməsini onların xarici görünüşü, dadı və ya iyinə görə heç də həmişə müəyyən edə bilmirlər. Bu funksiyanı qida məhsullarının təhlükəsizliyi üzrə laboratoriyalarda daha yaxşı yerinə yetirirlər. Atom Enerjisi Üzrə Beynəlxalq Agentlik (MAQATE) BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə tərəfdaşlıqda bütün dünyada olan belə laboratoriyalara hər cür kömək göstərir.

Qida məhsullarının testləşdirilməsində MAQATE-nin köməyi başlıca olaraq baytarlıq preparatları və pestisidlər kimi kimyəvi maddələrin aşkarlanması və onlara nəzarətə öz təsirini göstərir. Bir çox birgə layihələr patogenlərin mikrobioloji testləşdirilməsi və aşkarlanmasını da nəzərdə tutur. MAQATE gələcəkdə öz fəaliyyətinin bu komponentlərini əhəmiyyətli şəkildə genişləndirməyi planlaşdırır.

Salmonellez kimi qida mənşəli bəzi xəstəliklər zoonoz xəstəliklərə (heyvanlardan insanlara ötürülə bilən viruslu xəstəliklər) aid edilir. Salmonella və digər patogenlər istifadə etdiyimiz ərzaqlara fermalarda təhlükəli praktikaların tətbiqi, qida məhsullarının istehsalı və satışı zamanı qeyri-düzgün davranış nəticəsində düşür. FAO/MAQATE Birgə Mərkəzində ərzaq məhsullarının təhlükəsizliyi üzrə mütəxəssis Ceyms Sasanya bildirib ki, bir çox zoonoz xəstəliklərinə yoluxmada qida infeksiyanın əsas ötürülmə kanalı rolunu oynayır.

BMT-nin Ətraf Mühit Proqramının (UNEP) əməkdaşları da bununla razıdırlar. 2020-ci ilin iyulunda onlar COVID-19 virusunun və digər zoonoz xəstəliklərin yaranma səbəbini təhlil edən “Növbəti pandemiyanın qarşısının alınması: zoonoz xəstəliklər – epidemioloji zənciri necə qırmaq” adlı məruzə dərc ediblər. Məruzədə qeyd olunur ki, bütün yeni viruslu xəstəliklərin təqribən 75 faizi insanlara heyvanlardan keçir ki, bu da əsasən vasitəli – qida zənciri vasitəsilə baş verir.

İnfeksiyanın mövcud olmasına baxmayaraq, heyvanlar tamamilə sağlam görünə bilər. Lakin virus insana ötürüldükdən sonra o, sağlamlıq üçün olduqca pis fəsadlar törətməyə qadirdir. “Zoonozun törədicisi olan qida məhsullarının müntəzəm testləşdirilməsini aparmaq çox mühümdür. Növbəti pandemiyanın hansı səbəbdən, harada və nə vaxt başlaya biləcəyini kim bilir? Pandemiya potensialına malik infeksiyaların problemləri öyrənilərkən qida məhsullarının təhlükəsizliyi amili lazımi şəkildə nəzərə alınmalıdır”, - deyə doktor Sasanya vurğulayır.

Ərzaq məhsulları təhlükəsizliyi laboratoriyalarının yaradılması, fəaliyyətinin təmini və təkmilləşdirilməsi məsələlərində ölkələrə kömək etməkdə əsas rolu FAO/MAQATE Birgə Mərkəzi oynayır. FAO və MAQATE-nin ekspertləri belə laboratoriyaların əməkdaşlarını qida məhsulları ilə bağlı təhlükəli amilləri üzə çıxarmağı, həmçinin qidanın tərkibində çirkləndiricilərin miqdarının yoxlanmasını öyrədir.

MAQATE-nin ərzaq məhsullarının təhlükəsizliyi üzrə əlaqələndirdiyi Asiya şəbəkəsi çərçivəsində Banqladeşdəki laboratoriya Asiya-Sakit okean regionundakı digər laboratoriyalarla əməkdaşlığı dəstəkləyir.

Asiya şəbəkəsi tərkibində olan laboratoriyalar informasiya və analitik üsullar mübadiləsi aparır, eləcə də kvalifikasiyanın yoxlanılması proqramlarında iştirak edirlər. Bu, ərzaq məhsulları təhlükəsizliyi problemlərinin regional miqyasda həlli üçün böyük əhəmiyyət kəsb edir və fövqəladə hallara reaksiya verilməsi mexanizmlərinin işlənib hazırlanmasının təməlinə daxil edilə bilər.

FAO/MAQATE Birgə Mərkəzi Latın Amerikası və Afrika kimi digər regionlarda da ərzaq məhsullarının təhlükəsizliyi üzrə şəbəkənin yaradılması və möhkəmləndirilməsinə öz dəstəyini göstərir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: