Muxtar respublikamızın böyük yaşayış məntəqələrindən olan Nehrəm qəsəbəsində istixana üsulu ilə hər il orta hesabla 200-250 hektar sahədə bostan məhsulları əkilir, sahələrdən bol məhsul yığılır. İndi Naxçıvan - Culfa magistralı boyu, daha dəqiq desək, Pürcüvar düzündə addımbaşı rast gəlinən nehrəmli torpaq mülkiyyətçiləri böyük həvəslə çalışırlar.
Qarpızın Türkiyədən gətirilmiş məhsuldar “Adana”, qovunun isə “Torpedo”, “Kolxoznik” və “Özbək” sortlarını əkən təsərrüfatçılar bol məhsulun təməlini qoyurlar. Təxminən iki ay sonra isə onların əkib - becərdiyi qarpız – qovun məhsulları satışa çıxarılacaq.
Qeyd edək ki, bu sahədə ixtisaslaşmış ailə təsərrüfatçıları mövsümündə qarpız doşabı, mürəbbəsi, turşusu, qovun arağı da hazırlayırlar. Muxtar respublikada təşkil olunan yarmarka və festivallarda belə təbii və keyfiyyətli məhsullara böyük alıcı marağı var.