NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “Ailə dəyərlərimiz film və fotolarda” mövzusunda VII muxtar respublika yaradıcılıq müsabiqəsi elan edir. Müsabiqədə iştirak etmək istəyən telejurnalist və rejissorlar, ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri, həvəskar və professional fotoqraflar öz film və fotolarını şəxsiyyət vəsiqələrinin surəti və müvafiq anket ilə birlikdə 2022-ci il 30 iyun tarixədək Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə təqdim etməlidirlər.
Müsabiqəyə təqdim edilən işlər xalqımızın ailə dəyərləri, adət-ənənələri, ənənəvi ailə münasibətləri və ailə mədəniyyətinin təbliği, ailənin bütövlüyünü təşkil edən amillər və ailənin uzunömürlü olmasının sirləri, nümunəvi ailələrin təbliği, yeniyetmə və gənclərin yaşlı nəslə ehtiram və hörməti, ailə quran tərəflərin onun bütövlüyü üçün əzmkarlığı, qohum və erkən nikahların, zərərli vərdişlərin yaratdığı fəsadlar, övladını tək böyüdən nümunəvi valideynin fədakarlığı, qonaqpərvərlik ənənələrimizin təbliği ilə bağlı olmalıdır.
Müsabiqədə bir müəllif 1 yaxud son hədd 5 film və foto ilə iştirak edə bilər.
Film 5 dəqiqədən artıq olmalı, CD və ya elektron daşıyıcılarda (1 ədəd diskdə və ya flaşkartda) təqdim edilməlidir. Foto isə 5-dən artıq olmamaq şərti ilə CD və ya elektron daşıyıcılarda 20x30 santimetr və daha böyükölçülü rəngli və ya ağ-qara kağız formatda olmalıdır.
Müsabiqəyə təqdim edilən işlər yeni olmalı, heç bir tədbirdə iştirak etməməlidir.