Palauda keçirilən “Bizim okean” konfransının gedişində UNESCO-nun baş direktoru Odre Azule Ümumdünya İrs Siyahısına daxil edilmiş mərcan riflərinin qorunması ilə bağlı fövqəladə tədbirlər planının hazırlandığını açıqlayıb.
Bu barədə NUHÇIXAN İnformasiya Agentliyi BMT-nin Xəbərlər xidmətinə istinadla xəbər verir.
UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş mərcan rifləri Fransanın ərazisinə bərabər olan yarım milyon kvadratkilometrdən çox sahəni əhatə edir və müstəsna biomüxtəliflik nümayiş etdirirlər. Riflər karbon tullantılarının udulmasında mühüm rol oynayır və sahil xəttini fırtına və eroziyadan qoruyurlar. Yüzdən çox yerli xalqların icmalarının həyat fəaliyyəti birbaşa riflərdən asılıdır.
Mərcan riflərinin vəziyyəti ilə bağlı son məlumatlar bu gün ciddi narahatlıq doğurur. Riflər ilkin olaraq düşünüldüyündən daha sürətlə rəngini itirirlər - solurlar. Bu "solmuş" mərcanlar xəstəliklərə qarşı həssasdır və belə mərcanlarən məhvolma təhlükəsi getdikcə artır.
Bu il ilk dəfə olaraq, kütləvi mərcan solması La Ninya hadisəsinin təsirinin ənənəvi sərin dövründə baş verib. Bu tendensiya davam edərsə, Ümumdünya İrs Siyahısına daxil edilmiş bütün riflər bu əsrin sonuna qədər yox ola bilər.
Okeanın istiləşməsi bütün dünyada mərcan rifləri üçün çox ciddi təhlükədir. İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Ekspertlər Qrupunun məlumatları təsdiq edir ki, dövlətlər 2015-ci ildə imzalanmış Paris Sazişində göstərilən hədəflərə nail olmaq üçün karbon qazının tullantılarını kəskin şəkildə azaltmalıdırlar.
Çirklənmə, həddindən artıq həcmdə balıq ovu və ya yaşayış mühitinin məhv edilməsi də mərcan rifləri üçün təhlükə yaradır. UNESCO bu unikal ekosistemləri qorumaq üçün ehtiyatları səfərbər edir.
"Palauda keçirilən "Bizim okean" konfransı ilə əlaqədar olaraq, mən mərcan riflərinin yoxa çıxmasının qarşısının alınması üçün beynəlxalq səviyyədə səylərin səfərbərliyinə çağırıram və inkişaf etməkdə olan ölkələrdə Ümumdünya İrs Siyahısına daxil edilmiş riflərin dayanıqlığının artırılması üzrə UNESCO-nun fövqəladə tədbirlər planının hazırlanması ilə bağlı açıqlama verirəm. UNESCO mərcan riflərinin qorunub saxlanması üzrə Qlobal Fondla birgə bu planı maliyyələşdirməyə kömək edəcək", – deyə Odre Azule bildirib.
Mərcan riflərinin qorunub saxlanması üzrə UNESCO ilə Qlobal Fond arasındakı tərəfdaşlıq riflərdə iqlim dəyişikliyinə uyğunlaşma strategiyasına investisiyaların artırılmasına imkan verəcək. Tərəfdaşlar inkişaf etməkdə olan ölkələrdə yerləşən Ümumdünya İrs Siyahısına daxil edilmiş 29 rifdən 19-na dəstəyin prioritetlərinin müəyyən edilməsi üçün imkanları tədqiq edəcəklər.
Bu yeni plan 2018-ci ildə "Bizim okean"ın əvvəlki sammitində UNESCO və tərəfdaşları tərəfindən start verildiyi "Dayanıqlı riflər" təşəbbüsünə əsaslanacaq. Son dörd il ərzində bu təşəbbüs Avstraliya, Belize, Fransa (Yeni Kaledoniya) və Palauda Ümumdünya İrs Siyahısından olan dörd rifdə həyata keçirilib.