Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti aprel ayının ilk 15 günü ərzində bir sıra qərarlar qəbul edib.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, Nazirlər Kabineti 2022-ci il 1 aprel tarixində “Minimum istehlak səbətinin tərkibinə daxil olan bir sıra əsas ərzaq mallarının və onların istehsalında istifadə olunan malların muxtar respublika ərazisindən aparılmasının tənzimlənməsinə dair tədbirlər haqqında” Qərar qəbul etmişdir. Həmin Qərara əsasən təzə və ya soyudulmuş iribuynuzlu mal-qara əti, diri iribuynuzlu mal-qara, təzə və ya soyudulmuş kartof (istixanada yetişdirilən faraş kartof istisna olmaqla), dənli bitkilər, qabıqlı, təzə, konservləşdirilmiş və ya suda bişirilmiş quş yumurtaları, bərk halda şəkər qamışı və ya şəkər çuğunduru şəkəri və kimyəvi təmiz saxaroza və digər ərzaq mallarının, eləcə də onların istehsalında istifadə olunan malların gömrük ərazisindən aparılması muxtar respublikada mövcud olan ehtiyatlar və əhalinin müvafiq mallarla qısamüddətli dövrdə təminatı ilə bağlı proqnoz əsas götürülməklə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin müsbət rəyi əsasında həyata keçirilir.
Nazirlər Kabinetinin eyni tarixli digər Qərarı ilə “Naxçıvan Muxtar Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” Qərarında dəyişiklik edilmişdir. Dəyişikliyə görə Naxçıvan Muxtar Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlar (hərbi qurumlar, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat xidmətləri, hüquq-mühafizə və prokurorluq orqanlarında xüsusi təyinatlı və digər avtonəqliyyat vasitələri istisna olmaqla) tərəfindən nəqliyyat vasitələrinin satın alınması zamanı istifadə edilmiş (istismar olunmuş) xidməti minik, xüsusi təyinatlı və digər avtonəqliyyat vasitələrinin satın alınmasına yol verilmir. Eləcə də avtonəqliyyat vasitələrinə ehtiyat hissələrinin alınması və cari təmir xərcləri – avtonəqliyyat vasitələrinin aylıq yürüş həddinə uyğun olaraq yanacaq sərfinin baza xətt normalarına əsasən istismar müddəti 5 ilə qədər olduqda 30 faiz məbləğində, istismar müddəti 5 ildən yuxarı olduqda 40 faiz məbləğində yanacaq xərci hesablanılır.
Həmçinin Nazirlər Kabinetinin 2022-ci il 4 aprel tarixli bəzi qərarlarında dəyişiklik edilmişdir. Həmin normativ-hüquqi aktlardan “Naxçıvan Muxtar Respublikasında dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması Qaydası”nda, eləcə də “Naxçıvan Muxtar Respublikasında dövlət qulluğu vəzifələri üzrə test imtahanından keçmək barədə Sertifikatın Forması”nda dəyişikliklər edilmişdir. Sonuncu dəyişikliyə görə qanunvericiliyə müvafiq olaraq test imtahanından müəyyən edilmiş keçid balını toplayan şəxsə Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq dövlət qulluğunun inzibati vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən Dövlət Qulluğu Sertifikatı verilir.
Bundan başqa, Nazirlər Kabinetinin 2022-ci il 5 aprel tarixli Qərarı ilə Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin tabeliyində olan Dövlət Yerquruluşu, Geodeziya və Xəritəçəkmə Layihə İnstitutunun bazasında Yerquruluşu, Geodeziya və Kartoqrafiya Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılmış, Cəmiyyətin Nizamnaməsi və ştat cədvəli təsdiq edilmişdir.
Eyni zamanda Nazirlər Kabinetinin eyni tarixli digər bir Qərarı ilə “Koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi haqqında” Qərarında dəyişiklik edilmişdir. Müvafiq dəyişikliyə görə Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzi publik hüquqi şəxsin tibbi profilaktik tədbirləri həyata keçirən işçilərinə, pasiyentlərə stasionar tibbi xidmət göstərən və bioloji materialın müayinəsi ilə məşğul olan laboratoriya işçilərinə, həmçinin Səhiyyə Nazirliyinin təcili tibbi yardım xidməti göstərən tibb işçilərinə, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin tibb işçilərinə və koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən digər səhiyyə müəssisələrinin tibb işçilərinin əməkhaqlarına ödənilən əlavənin müddəti may ayının 1-dək uzadılmışdır.
Nazirlər Kabinetinin 2022-ci il 8 aprel tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikasında sudan ödənişli istifadə Qaydaları” təsdiq edilmişdir. Həmin Qaydalara əsasən sudan istifadəyə görə ödəniş təchiz edilən suyun həcmi nəzərə alınmaqla, təsdiq edilən sudan istifadə haqqı (tariflər) əsasında hesablanır. Qanunvericiliyə əsasən ümumi istifadədə olan, istifadəsi hamı üçün mümkün və açıq olan su obyektlərindən fiziki şəxslər öz ehtiyaclarını təmin etmək məqsədilə (çimərlik, qayıqla gəzinti, idman, balıq və digər su bioresurslarının həvəskar ovu, mal-qaranın suvarılması, texniki qurğulardan istifadə etmədən sugötürmə və sair) ödənişsiz istifadə edirlər. Qeyd edək ki, torpaq sahibləri onlara məxsus torpaq sahələrinin hüdudlarında qanunvericiliklə nəzərdə tutulan yerin təkindən istifadəyə görə ödənişlərdən azaddırlar.
Eləcə də Nazirlər Kabinetinin 2022-ci il 12 aprel tarixli bəzi qərarlarında dəyişiklik edilmişdir. Müvafiq dəyişikliyə əsasən “Müsadirə olunmuş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən, banklar tərəfindən verilmiş kreditlərin təminatı olaraq fiziki və hüquqi şəxslər tərəfindən girov (ipoteka) qoyulmuş və şəxsin dövlət xeyrinə imtina etdiyi əmlakın açıq hərraclarda satılması qaydalarının təsdiq edilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikasında müsadirə edilmiş,sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın və dəfinələrin uçotu, qiymətləndirilməsi,saxlanılması, istifadəsi və satışı barədə Əsasnamə”nin təsdiq edilməsi haqqında” qərarlarında dəyişikliklər edilmişdir.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2022-ci il 14 aprel tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrində təhsilalanların geyim formalarının təsvirləri” təsdiq olunmuşdur. Adıçəkilən Qərara əsasən təhsilalanlar geyim forması ilə valideynləri və ya digər qanuni nümayəndələri tərəfindən təmin edilirlər.
Qəbul olunan normativ-hüquqi aktların tam mətni ilə Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktların Dövlət Reyestrində (www.huquqiaktlar.nakhchivan.az) tanış olmaq mümkündür.