Batabat meşəsinin qiymətli sərvəti

A- A A+

Nə zaman ki, bahar gəlir, təbiət canlanır, ağaclar yaşıllaşır, çiçəkləyir, meşə örtüyünün altından bitkilər baş qaldırır və meşə canlanmağa başlayır. Ancaq palıd ağacı hər şeydən xəbərsiz, əzəməti və vüqarıyla nəyisə gözləyir, qış paltarını hələ də soyunmur. Baharın son günləri meşə bitkilərinin ən aktiv dövrü olsa da, palıd ağacının həyatında bu günlər sanki həyatın başlanğıc günləridir. Maraqlıdır, meşələrimizin bu vüqarlı ağacı nə üçün həyata bu qədər gecikir? Nəyi gözləyir? Sanki təbiətin qəribə şıltaqlıqları olduğunu duyur. Dəfələrlə baharın ortalarında havaların soyumasını, hətta qar yağması nəticəsində qısamüddətli şaxtaların olmasını müşahidə etmişik. Ehtiyatlı bahar strategiyası ilə istiliksevən palıd həyatını bu bədbəxt hadisədən “sığortalamadığı” üçün belə şaxtaların onu tamamilə məhv edəcəyini sanki dərk edə bilir və gözləyir. Nəhayət, onun bahara tabe olan inkişaf vaxtı yetişir. Şişərək çatlayan tumurcuqlardan ilk yarpaq çırtlayır və sürətlə inkişafa başlayır. İncə yarpaq toxuması nisbətən  sərt pulcuqlarla  örtülmüş tumurcuqların arasında gizlənir. Tumurcuq pulcuqları boz və ya qırmızımtıl rəngdədir ki, bu da onun tərkibində zəngin antosian olduğunu göstərir. Hüceyrə şirəsindəki bu qırmızı piqment yarpaqları rəngləyir və günəş şüalarının infraqırmızı dalğalarını udaraq yarpaqları qızdırır ki, bu da onları yazın ilk şaxtalarından qoruyur.

Palıd yarpaqladığı vaxt çiçəkləyir. Çiçəklər çox kiçik, yaşıl rəngdə olur. Çox sayda erkək çiçəklər qısa sırğa çiçək qrupunda toplanır. Dişi çiçəklər qırmızı dişicik ağızcığı olan kiçik çiçəklər olub, çox zəif nəzərə çarpır. Zərif çiçəklər küləklə hərəkətə gəldikdə tozcuqları tökərək mayalandığından-külək vasitəsilə tozlanma getdiyindən çiçəklər iysiz və əlvan rəngdən məhrum olurlar. Payıza doğru dişi çiçəklərdən yaşıl qozalar əmələ gəlir ki, onlar da tədricən yetişdikcə rənglərini dəyişərək tündləşir. Toxum qozanın içərisində yerləşir ki, bu da toxumu qışın şaxtasından qoruyur. Toxum cücərmə qabiliyyətini ancaq yaza qədər saxlaya bilir. Buna görə də palıdı çoxaltmaq üçün ancaq təzə toxumları əkmək lazımdır. Palıd qozaları çox qidalıdır. Onun tərkibində çox nişasta, şəkər, yağ var. Ona görə də quşlar və heyvanlar onları həvəslə yeyirlər. Payızın sonlarına doğru yetişmiş qozalar ağacdan tökülməyə başlayır. Torpağa düşmüş palıd qozalarının üzəri xəzan vaxtı palıd yarpaqları ilə örtülür. Yaza qədər bu yarpaqlar qozaları şaxtadan qoruyur və nəm saxlayır. İstilər düşdükcə nəm qozalar cücərir. İşıqsevən palıdın payızda yarpaqla bərabər üzərindəki kiçik yaşıl zoğları da tökülür. Bu, qanunauyğun bir haldır. Sanki palıd öz çətirini şəffaflaşdırır. Meşədə günəşə doğru can atan palıd inkişaf etdikcə əzəmətli gövdə yan budaqlardan belə məhrum olaraq ancaq uc hissədə özünə sanki günəşi görə biləcək qədər kiçik bir çətir saxlayır. Açıq yerlərdə isə palıd ağacının qol-qanadı yaxşı inkişaf edir və çətir torpağa qədər əyilərək gövdəni gizlədir. Hündürlük artdıqca ağacların boyları kiçilir. Subalp çəmənliklərində yerə yayılmış formalarına rast gəlinir. Yaşıl ağacların gövdəsi tutqun boz rəngli, yarıqlı qalın qabıqla örtülüdür. Cavan budaqlarının qabığı bozumtul-gümüşü rəngdədir. Tünd yaşıl, qalın əksyumurtaşəkilli, kənarı dərin parçalanmış yarpaqları var. Beş metrdən artıq dərinliyə çatan güclü kök sisteminin olması sayəsində quraqlığa çox dözümlü ağacdır. Hətta şoran torpaqlarda da inkişaf edə bilir. Bu səbəbdən səhralaşmanın qarşısını almaq üçün yeni meşə zolaqlarının salınmasında palıd tinglərindən istifadə etmək müsbət nəticə verə bilər. Palıd qabığı aşı maddələri ilə zəngindir və şiddətli büzücü dada malikdir. Cavan palıd ağaclarının qabığından dərinin aşılanmasında və rənglənməsində, boyaqçılıqda müxtəlif rənglərin alınmasında istifadə edilir. Xalq təbabətində palıd qabığından boğaz xəstəliyi zamanı qarqara üçün, yanıqlarda, don vurmada, diş ağrısında, məlhəm şəklində irinli yaraların sağalmasında və digər dərman qarışıqlarında istifadə olunur. Palıd qabığından alınmış ekstraktdan qanaxmalar zamanı, mədə-bağırsaq xəstəliklərində, qurğuşun, mis duzları və göbələklərlə zəhərlənmə zamanı, qaraciyər xəstəliklərində, sidik yolları və sidik kisəsinin soyuqlaması zamanı istifadə olunur. Palıd ağacının oduncağı  möhkəmliyinə, cilalanma qabiliyyətinə, hava, torpaq və suya qarşı davamlı olduğundan çox böyük təsərrüfat əhəmiyyətinə malikdir. Bu keyfiyyətlərinə görə gəmiqayırmada, aviasiyada, mebel sənayesində tikinti materialı kimi şöhrət qazanıb. Belə qiymətli ağacları qorumaq, onları çoxaltmaq təbiətə olan bir qayğıdır və təbiət insanın bu qayğısını zaman-zaman həmişə qiymətləndirəcəkdir.

                                                     İntizam Əhmədov

         Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkının elmi işçisi

“Oğuz səsi” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: