Muxtar respublikada həyata keçirilən sosial-iqtisadi islahatların tərkib hissəsi kimi əhalinin rifahının və kommunal-məişət şəraitinin yaxşılaşdırılması diqqətdə saxlanılır, yaşayış məntəqələrində yeni içməli su sistemləri qurulur. Bu tədbirlərin davamı kimi, Culfa rayonunun ən böyük kəndi olan Yaycını içməli su ilə təmin etmək üçün ötən ilin avqust ayından başlanılan içməli su şəbəkəsinin qurulması layihəsi üzrə işlər uğurla davam etdirilir.
Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən verilən məlumata əsasən, Gilançay yatağından müxtəlif diametrli borularla 16 baxış quyusu olan 520 metrlik kaptaj və ətrafında selyönəldici bəndin tikintisi başa çatıb. Kaptajdan su anbarlarına qədər plastik borularla 2,8 kilometr xətt, kənddə isə 58 kilometr daxili su şəbəkəsi çəkilib və həmin istiqamətdə xətlərin çəkilişi davam etdirilir. Gilançay yatağından gətirilərək kəndə veriləcək içməli suyun hər birinin tutumu 1000 kubmetr olan 2 su anbarına yığılaraq əhalinin istifadəsinə verilməsi nəzərdə tutulub. Layihəyə əsasən kənddə 138,5 kilometr daxili su şəbəkəsi çəkiləcək və 1950 evə su verilərək sayğac quraşdırılacaqdır. Hazırda 1412 evə 13,3 kilometr su boru xətləri çəkilib. Digər evlərə də xətlərin çəkilişi qısa zamanda başa çatacaq. Bununla da Yaycı kəndində hər bir mənzilə 2-5 bar arasında təzyiqlə içməli su veriləcək, kənd sakinləri fasiləsiz olaraq beynəlxalq standartlara cavab verən içməli su ilə təmin olunacaqlar.
“Arazın səsi” qəzeti