Muxtar respublikamızın təbiəti bir çox faydalı bitkilərlə zəngindir. İstər təbii yolla, istərsə də əkilib çoxaldılaraq istifadə olunan bu bitkilər insan orqanizmi üçün çox faydalı hesab olunur. Erkən yazda bitən bitkilərdən şomu, qazayağı, mərəçöyüd, quşəppəyi və digərlərinin adlarını çəkə bilərik. Hansı ki, həmin bitkilər “yaz mətbəxi”mizdə əsas yer tutur.
Erkən yazın ləzzətli bitkisi olan şomunun faydaları saymaqla bitməz. İspanağın yabanı növü hesab edilən şomu min bir dərdin dərmanı hesab edilir. Kəngərli rayonu ərazisində, xüsusilə Xıncab və Böyükdüz kəndlərində daha çox rast gəlinən bitkinin tərkibi faydalı minerallar və maddələrlə zəngindir. Şomu bitkisi immuniteti artıraraq bu səbəbdən yaranan yorğunluğu aradan qaldırır. Qan azlığına faydası ilə yanaşı, xərçəng, ürək-damar xəstəlikləri zamanı çiy qəbulu çox faydalıdır. Yüksək təzyiq, yaşlılıqla bağlı görmənin və yaddaşın zəifləməsinin yaxşılaşdırması məqsədilə geniş istifadə olunur. Şomunun sümüklərin və dişlərin bərkiməsində, o cümlədən dişlərdə çürümənin qarşısının alınmasında da mühüm rolu vardır. Bu bitkidən kətə, qatıqaşı hazırlamaq üçün istifadə olunur. Qovrulmuş şomu yazda süfrələrin bəzəyidir.
Tərkibi efir yağları, flavonoidlər, kumarinlər, o cümlədən Vitamin C, karotin və başqa minerallarla zəngin olan qazayağı bitkisi müxtəlif supların, borşların hazırlanmasında, dərman preparatlarının hazırlanmasında geniş istifadə olunur.
Onun orqanizmə ən böyük faydası isə yerüstü hissələrindən hazırlanmış dəmləmə və cövhərindən böyrək xəstəlikləri və soyuqdəymələr zamanı istifadə edilməsidir.
Müxtəlif bölgələrdə fərqli adlarla (mərəçüyüd, quşqonmaz, qulançar və sair) tanınan mərəçöyüdün Azərbaycanda 9 növü vardır. Bəzən Azərbaycan florasında mərəçöyüdə quşüzümü də deyirlər. Naxçıvan Muxtar Respublikasında isə bu bitki daha çox “mərəçöyüd”, “mərəvçə” kimi tanınır. Mərəçöyüdün kökü, təzə-tər zoğları, gövdəsi, iynə və ya sapşəkilli yarpaqları və toxumları müxtəlif xəstəliklərin – qan təzyiqi, vərəm, ürək ağrıları, şəkər və sair xəstəliklərin müalicəsində istifadə edilir. Misal üçün deyə bilərik ki, sınaqdan keçirilmiş təcrübələrə görə vena qan damarına mərəçöyüd cövhəri vurulduqda qan təzyiqini aşağı salır. Böyrəklərdə ağrılar, iltihabi proseslər, sancılar zamanı mərəçöyüdün dəmlənmiş çayını içmək çox faydalı hesab edilir. Mərəçöyüdün tərkibi maqnezium, fosfor, selenium, sink, natrium, dəmir, mis, kalsium kimi minerallar və A, C, B6, K vitaminləri ilə zəngindir.
Geniş yayılan faydalı bitkilərdən biri də quşəppəyidir. Bu bitkinin elmi cəhətdən faydası sübut olunduqdan sonra ondan dərman preparatlarının hazırlanmasında geniş istifadə olunmağa başlanıb. Quşəppəyinin bizə məlum olan ən böyük faydası qanaxmanı yerindəcə dayandırmasıdır. Belə ki, ağciyər, böyrək, mədə-bağırsaq qanaxmaları zamanı quşəppəyinin yarpaq və toxumlarından qankəsici vasitə kimi geniş istifadə olunur. Qankəsici xüsusiyyəti quşəppəyinin tərkibində olan K vitamini ilə əlaqədardır. Quşəppəyi dəmir, kalsium, potasium, fosfor, B, C vitaminləri ilə də zəngindir. Belə ki, 100 qram quşəppəyinin yarpaqlarında 300 milliqram C vitamini var. Həmçinin quşəppəyinin tərkibində efir yağı, askorbin turşusu, xolin, tiramin və başqa maddələr də mövcuddur. Onu da qeyd etmək lazımdır ki, quşəppəyi toxumlarının tərkibində 20 faizədək bitki yağı olur. Buna görə də mətbəxlərdə müxtəlif salatların hazırlanmasında bu bitkidən istifadə olunur.
Ana təbiət öz qoynundan bizə min bir faydalı və ləzzətli nemət bəxş edib. Yaz aylarında bu nemətlərdən bol istifadə edək və sağlam olaq.
Fərizə Nağdəliyeva
“Yeni həyat” qəzeti