Oruc tutmaq orqanizm üçün çox faydalıdır. Bəzi xroniki xəstəliklər də oruc tutmaqla müalicə edilir. Lakin müəyyən qrup xəstələr var ki, onlara ac və susuz qalmaq tövsiyə edilmir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, həmin qrupa mənsub olanlar barədə həkim-infeksionist Əminə İsmixanova məlumat verərək deyib: ”İnsulindən asılı şəkərli diabet, yüksək arterial hipertenziyası olan, ürək, böyrək çatışmazlığı, epilepsiya, Parkinson xəstələrinin və psixoloji vəziyyəti qaydasında olmayanların oruc tutmasına icazə verilmir”.
Mütəxəssislər qan-damar xəstələrinin də bu məsələdə ehtiyatlı davranmalı olduğu barədə xəbərdarlıq edirlər. İlahiyyatçılar da oruc tutmağın yalnız tam şəkildə sağlam olanlara tövsiyə edildiyini bildirirlər.
Bundan başqa immuniteti aşağı olanlara və yaşlılara da oruc tutmaq məsləhət görülmür. Hətta oruc tutmazdan əvvəl tibbi müayinədən keçib həkim tövsiyəsi ilə oruca başlamaq daha məsləhətlidir.