Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, torpaq mülkiyyətçiləri, bələdiyyələr və sahibkarların iştirak etdiyi tədbirdə Kəngərli Rayon İcra Hakimiyyətinin şöbə müdiri Ağa Seyidov rayonun muxtar respublikada kənd təsərrüfatı sahəsindəki rolundan, qazanılmış nailiyyətlərdən, eləcə də keçirilən tədbirin əhəmiyyətindən danışıb.
Daşınmaz Əmlak və Torpaq Məsələləri Üzrə Dövlət Xidmətinin sektor müdiri Oqtay Məmmədov bildirib ki, kənd təsərrüfatı məhsulları istehsalının artırılmasının mühüm şərtlərindən biri torpağın münbitliyinin təmin edilməsidir. Muxtar respublika ərazisində müəyyən səbəblərdən əkin dövriyyəsindən kənarda qalmış torpaq sahələri müəyyən edilib, xəritələşdirilib və təhlil materialları hazırlanıb.
Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Xaliq Abbasov torpağın münbitliyinin bərpa edilməsində üzvi və mineral gübrələrin norma və nisbətlərinin tətbiqindən, şoranlaşmaya meyilli torpaqlarda pestisid yükünün minimum səviyyəyə endirilməsi, şoran, eləcə də fiziki-kimyəvi cəhətdən əlverişli olmayan torpaqların yuyulması və yararlı vəziyyətə gətirilməsindən, kənd təsərrüfatında innovativ texnologiyaların və mütərəqqi əkin üsullarının tətbiqindən bəhs edib.
Tədbirdə, həmçinin torpağın münbitliyinin bərpası məqsədilə yay və qış otlaqlarında, kəndətrafı örüş sahələrində eroziyanın və səhralaşmanın, habelə ərazilərin mal-qara ilə normadan artıq yüklənməsinin qarşısının alınması, bitki örtüyü zəif inkişaf etmiş ərazilərin təsərrüfat dövriyyəsindən müvəqqəti çıxarılmasından və münbitliyin artırılması sahəsində həyata keçirilən tədbirlərdən danışılıb. Həmçinin qrunt sularının səviyyəsinin yüksək olduğu ərazilərdə yeni drenaj-kollektor şəbəkələrinin tikintisinin aparılması, mövcud kanallarda su sızmalarının qarşısının alınması, təsərrüfatdaxili arxların təmizlənməsi, yüksək dərəcədə şoranlaşmış torpaqlardan tezliklə istifadəsi üçün səmərəli şəkildə yuyulmasının vacibliyi qeyd edilib.
Mövzu ətrafında aparılan müzakirələrdə iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb və bukletlər təqdim olunub.
Tədbir Rayon İcra Hakimiyyətinin, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin, Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər Nazirliklərinin, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin birgə təşkilatçılığı ilə baş tutub.