Kəngərli və Sədərəkdə gənclər hərbi xidmətə yola salınıb - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Kəngərli və Sədərək rayonlarında çağırışçı gənclərin ordu sıralarına yola salınması mərasimləri keçirilib.
Gənclərin müddətli həqiqi hərbi xidmətə yola salınması mərasimləri Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Mərasimlərdə çıxış edənlər bu münasibətlə çağırışçıları və onların valideynlərini təbrik ediblər.
Qeyd olunub ki, bu gün Azərbaycan Ordusu Cənubi Qafqaz regionunda maddi-texniki bazasına, hərbi potensialına, döyüş imkanlarına, kadr hazırlığına və digər hərbi göstəricilərinə görə ilk sırada dayanır. Vətən müharibəsində düşməni məhv edərək torpaqlarımızın 30 illik işğalına son qoyan müzəffər ordumuz bunu bir daha sübut etdi. Azərbaycan Silahlı Qüvvələri döyüşkənliyi, igidliyi ilə bütün dünyaya sübut etdi ki, əyilməzdir, mübarizdir, haqq-ədalətin təminatçısıdır. Vurğulanıb ki, bu gün də gənclərimiz böyük ruh yüksəkliyi ilə hərbi xidmətə yola düşür və onlar vətənimizi qorumaq kimi müqəddəs borcu şərəflə yerinə yetirirlər.
Çağırışçılar adından çıxış edənlər Vətənə xidmətə yollandıqlarına görə qürur duyduqlarını bildirib, Qarabağda tarix yazan qəhrəmanlarımızın yolunu qürurla davam etdirəcəklərinə, komandirlərin əmr və tapşırıqlarını vaxtında və dəqiq yerinə yetirəcəklərinə söz veriblər.
Mahmud Hüseynov