Hava limanında taktiki-xüsusi təlim keçirilib - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Beynəlxalq Hava Limanında “Obyektdə baş verən yanğının söndürülməsi, bununla bağlı xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması” mövzusunda taktiki-xüsusi təlim keçirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, təlimə Naxçıvan Beynəlxalq Hava Limanı və Fövqəladə Hallar Nazirliyindən ümumilikdə 140 nəfərlik şəxsi heyət, 6 yanğınsöndürmə avtomobili, 14 xüsusi təyinatlı texnika, idarəetmə və rabitə vasitələri cəlb edilib. Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki müdаfiə işinin təşkili şöbəsinin bölmə rəisi, mayor Vüqar Məmmədov tədris nöqtələri barədə məlumat verdikdən sonra ilk növbədə hava limanının yanğın təhlükəsizliyi komandasına yanğının olması barədə məlumat verilib.
Yanacaq-Sürtkü Materialları anbarında baş verən şərti yanğının təhlükəli obyekt olduğu nəzərə alınaraq yanğının söndürülməsinə Naxçıvan Beynəlxalq Hava Limanı və Fövqəladə Hallar Nazirliyinin hər birindən 3 müasir tipli yanğınsöndürmə texnikası və şəxsi heyət cəlb olunub. Yanğınsöndürənlərin qarşılıqlı, cəld və çevik fəaliyyəti nəticəsində yanğının qarşısı vaxtında alınıb, yanğının qonşu çənlərə keçməməsi üçün çənlərin soyudulması təmin edilib. Yanğın ocağında xəsarət alanlara hava limanının səhiyyə məntəqəsi tərəfindən ilk tibbi yardım göstərilib və onların xəstəxanaya təxliyəsi təmin olunub.
Təlimdə təhlükəsizlik qaydalarına əməl edilib və qarşıya qoyulan məqsədlərə nail olunub.
Təlimin keçirilməsində məqsəd hava limanında qəza şəraiti yarandığı halda Naxçıvan Beynəlxalq Hava Limanı ilə Fövqəladə Hallar Nazirliyi arasında qarşılıqlı fəaliyyətin təmin olunmasından ibarətdir.
Qeyd edək ki, şəxsi heyətin döyüş, peşə və fiziki hazırlığının artırılması baxımından gələcəkdə muxtar respublikanın bütün strateji əhəmiyyətli obyektlərində belə təlimlərin keçirilməsi davam etdiriləcək, müəssisələrin fövqəladə hallara hazırlığı diqqət mərkəzində saxlanılacaqdır.
Röyal Kərimov