Amerika politoloqlarının "Sovet gerçəkliyinin canlı əfsanəsi" adlandırdıqları Heydər Əliyev 1992-ci ilin bu günündə - sentyabrın 15-də Naxçıvan Muxtar Respublikası ərazisində ilk milli ordu qurumu - 705 saylı əlahiddə gücləndirilmiş motoatıcı briqadanı yaratdı. Hələ Sovet hakimiyyətinin mənəm-mənəm deyən vaxtlarında bir müsəlman və türk oğlu kimi öz gərgin zəhməti və peşəkarlığı sayəsində general hərbi rütbəsinə qədər yüksələn ulu öndər bununla da müasir müstəqil Azərbaycan Respublikasının tarixində ilk milli ordu quruculuğunun əsasını qoydu.
1990-1993-cü illərdə yenicə müstəqilliyini əldə etmiş, bəzi daxili və xarici qüvvələrin açıq və gizli şəkildə "parçalamaq" planları ilə üzə-üzə dayanmış bir ölkənin - "ərazicə kiçik, mənəviyyatca böyük torpağı"nda - ilk hərbi quruculuq prosesinə başlanılması son dərəcə vacib və xüsusi əhəmiyyət kəsb edən hadisədir.
1992-ci ilin oktyabr ayında Naxçıvan şəhərində ilk yaradılan bu hərbi birləşmənin paradı keçirildi. Ümummilli lider o zaman özü şəxsən bu paradı qəbul etdi və maraqlı fakt odur ki, Naxçıvan şəhərindəki meydandan keçən bu hərbi dəstələr öz texnikaları ilə bir başa ön cəbhəyə, döyüş mövqelərinə gedirdilər. Keçmiş Sovet Ordusundan qalma silahlar və döyüş texnikası da məhz Ulu Öndərin səyi və təşəbbüsü ilə Naxçıvanda saxlanılmışdı. Əks halda Ermənistan tərəfindən davamlı təzyiqlərə, hücumlara məruz qalan Naxçıvanın taleyi sual altında qala bilərdi. Bu döyüş texnikası və silahlar öz zamanı üçün o qədər də müasir olmasa da, ən əsası xalq və ordu dahi sərkərdəyə, Heydər Əliyevə inanırdı.
Böyük sərkərdənin Vətənimizin parlaq gələcəyinə hesablanmış planları, həyata keçməsi üçün uzun zamana ehtiyacı olan iri layihələri artıq bu gün reallaşır. Mənfur erməni hərbi birləşmələri tərəfindən işğal olunmuş əzəli Azərbaycan torpaqlarının geri qaytarılması naminə gündən-günə gücləndirilən Azərbaycan ordusu və onun hal-hazırda müasir texnikalarla təchiz edilmiş Naxçıvandakı hərbi birləşmələri yüksək nizam-intizama və döyüş qabiliyyətinə malikdir. Ali Baş Komandan İlham Əliyevin Naxçıvan Muxtar Respublikasının müdafiə qabiliyyətinin möhkəmləndirilməsi məqsədilə 2013-cü il 18 dekabr tarixli Fərmanına əsasən Naxçıvanda 5-ci Ordu Korpusunun əsasında Əlahiddə Ümumqoşun Ordusunun yaradılması əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş Naxçıvanın etibarlı müdafiəsi ilə bağlı görülən tədbirlərin davamı kimi qiymətləndirilməlidir.
Bu gün Əlahiddə Ümumqoşun Ordunun maddi-texniki təminatı davamlı olaraq möhkəmləndirilir, şəxsi heyətin döyüş qabiliyyəti, mənəvi-psixoloji hazırlığı artırılır. Son 26 il ərzində muxtar respublikanın etibarlı müdafiə təminatı ilə bağlı məqsədyönlü tədbirlər həyata keçirilib, müxtəlif hərbi təyinatlı 200-dən çox obyekt istifadəyə verilib.
Bütün bu görülən tədbirlərin nəticəsidir ki, 2017-cil 18 oktyabr tarixində Naxçıvanda Azərbaycan Respublikasının ilk hərbi hissəsinin yaranmasının 25-ci ildönümü və milli müstəqillik gününə həsr olunmuş böyük və təntənəli hərbi parad keçirildi. Hərbi parada 2 000 əsgər, 160-dan çox zirehli texnika, raket və silah sistemləri, o cümlədən 10-dan çox helikopter və təyyarənin cəlb edilməsi Azərbaycan ordusunun gücünü bütün dünyaya nümayiş etdirdi.
Beləliklə, göstərilən yüksək dövlət qayğısını öz peşəkar fəaliyyətləri ilə doğruldan Azərbaycan hərbiçiləri - Əlahiddə Ümumqoşun Ordunun peşəkar zabitləri 2018-ci ilin may ayında tarix səhifəsinə yeni bir qəhrəmanlıq dastanı yazdılar. Onlar döyüş postlarını Şərur rayonunun 26 ildən artıq erməni hərbi birləşmələrinin nəzarətində olan Günnüt kəndi və ətrafındakı mühüm strateji əhəmiyyəti olan yüksəkliklərdə qurdular. Bununla da ordumuz daha əlverişli mövqeləri, bir neçə yüksəklikdə və ən əsası İrəvan-Xankəndi yolunun üzərində strateji yüksəklik olan "Qızılqaya" dağında mövqe tutaraq Dərələyəz mahalının bir hissəsinə nəzarəti ələ keçirdilər. Bununla da 30 ildir ki, qaçqın və məcburi köçkün həyatı yaşamaq məcburiyyətində qalmış insanlarda və bütövlükdə Azərbaycan xalqında tarixi torpaqlarımızın işğaldan azad ediləcəyinə inam hissini gücləndirdi. Bütövlükdə isə bu gün işğaldan azad edilən yüksəkliklərdə dalğalanan üçrəngli Azərbaycan bayrağı dahi lider, siyasət dünyasının nəhəngi Heydər Əliyevin və onun davam edən siyasətinin zəfərini bütün dünyaya nümayiş etdirdi. Ulu öndərin "Nə qədər ki, Azərbaycan var, mən də var olacağam" fikrini bir daha sübut etdi. Müstəqilliyin əbədi olsun, Vətən torpağı və zəfərlərlə dolu yolun davamlı olsun, Azərbaycan əsgəri!
SÜSƏNBƏR AĞAMALIYEVA
Filologiya üzrə fəlsəfə doktoru