Bu gün küçə və yollarımızda avtomobillərlə yanaşı kifayət qədər velosiped, moped və motosiklet idarə edənlərə də rast gəlirik, çox vaxt da azyaşlı uşaqların küçə və yollarda velosiped və moped idarəetmələrinin şahidi oluruq ki, bütün bunlar da bəzi hallarda yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olur.
Məlumat üçün qeyd edək ki, velosiped- əlil arabaları istisna olmaqla, idarə edən şəxsin əzələ enerjisi ilə, xüsusən, pedalların və ya dəstəklərin köməyilə hərəkətə gətirilən hər hansı nəqliyyat vasitəsidir. Yollarda idarə etmək hüququ 14 yaşdan sonra yaranır.
Moped- iş həcmi 50 kub santimetrdən çox olmayan, mühərriklə hərəkətə gətirilən və maksimum konstruksiya sürəti saatda 50 kilometrdən yüksək olmayan iki və ya üç təkərli nəqliyyat vasitəsidir. Yollarda idarə etmək hüququ 16 yaşdan sonra yaranır.
Motosiklet- mühərriki olan ikitəkərli, arabalı və ya arabasız mexaniki nəqliyyat vasitəsidir. Yollarda idarə etmək hüququ 18 yaşdan sonra yaranır.
Belə nəqliyyat vasitələrini idarə edən sürücülər ümumi yol hərəkəti qaydaları ilə yanaşı qanunvericilikdə nəzərdə tutulan digər xüsusi qaydalara əməl etməlidirlər. Belə ki, velosipedçilər xüsusi velosiped zolaqları ilə, bunlar olmadıqda isə yolun, küçənin hərəkət hissəsinin kənarı və ya yol çiyinləri ilə hərəkət etməklə yanaşı, texniki cəhətdən saz və lazımınca təchiz olunmuş velosipedlərdən istifadə etməli və velosipedi idarə etməyə maneə olan yük və ya sərnişin daşımamalıdırlar. Motosiklet və moped sürücüləri isə sutkanın işıqlı vaxtında belə hərəkət edərkən nəqliyyat vasitəsini göstərmək məqsədilə faranın yaxın işıqlarını yandırmalıdırlar. Həmçinin belə nəqliyyat vasitələrini idarə edənlər mütləq təhlükəsizlik vasitələrindən istifadə etməlidirlər. Əgər avtomobillərdə təhlükəsizlik vasitəsi kimi kəmərlər nəzərdə tutulubsa, velosipedçilərin, həmçinin motosiklet və moped sürücülərinin təhlükəsizliyi üçün də motodəbilqələr nəzərdə tutulub. Yəni təhlükəsizlik baxımından motodəbilqədən belə nəqliyyat vasitələrinin sürücüləri və sərnişinləri mütləq istifadə etməlidirlər.
Unutmayaq ki, hansı növ nəqliyyat vasitələrini idarə etməyimizdən asılı olmayaraq yol hərəkəti qaydalarını bilməli və onlara əməl etməliyik.
Ayaz İsmayılov
Polis kapitanı
DİN-in DYPİ-nin Təbliğat üzrə baş inspektoru