Dövlət qurumlarında informasiya təhlükəsizliyi ilə bağlı seminar keçirilib - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin və Dövlət İmtahan Mərkəzinin birgə təşkilatçılığı ilə muxtar respublikada fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarda işləyən aid əməkdaşlar üçün “Naxçıvan Muxtar Respublikasının dövlət qurumlarında informasiya təhlükəsizliyi” mövzusunda seminar keçirilib.
Bu barədə Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə məlumat verilib. Bildirlib ki, seminarda Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzinin sədri İsmayıl Qəribli dövlət qurumlarında müasir texnologiyaların tətbiqinin geniş vüsət aldığını, internet resurslarından istifadənin müsbət tərəfləri ilə yanaşı təhlükəli məqamlarının da olduğunu bildirib, bu mövzuda keçirilən seminar və təlimlərin əhəmiyyətli uğurların qazanılmasına şərait yaradacağına əminliyini ifadə edib.
Naxçıvan Muxtar Respublikası rabitə və yeni texnologiyalar naziri Vüsal Sevdimaliyev rabitə və yeni texnologiyalar sahəsinə göstərilən dövlət qayğısından bəhs edib. Vurğulanıb ki, Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən ixtisaslı kadrların hazırlanması, işçilərin zəruri peşə istiqaməti üzrə biliklərinin artırılması, habelə müvafiq peşə ixtisasına yiyələnmələri istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Bu məqsədlə onlayn kurslar təşkil olunur, təlim və seminarlar keçirilir, müvafiq peşə ixtisasına malik olmayan əməkdaşlar ixtisasartırma kurslarına cəlb edilir.
Daha sonra Nazirliyin əməkdaşı İnci Şirzadova slayd vasitəsilə Nümunəvi Təlimat barəsində ətraflı məlumat verib.
Qeyd edilib ki, Nümunəvi Təlimatda nəzərdə tutulmuş informasiya təhlükəsizliyinin təminatı barədə tələblərin pozulmasına yol vermiş hər bir əməkdaş qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.
Seminarda dövlət orqanlarının informasiya texnologiyaları və təhlükəsizliyi sahəsinə cavabdeh əlliyə yaxın nümayəndəsi iştirak edib.
Seminarın sonunda dövlət qurumlarının əməkdaşlarını maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2022-ci il 6 aprel tarixli 93 nömrəli Qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının dövlət qurumlarında informasiya təhlükəsizliyinin təminatı üzrə Nümunəvi Təlimat”da dövlət qurumlarında informasiya təhlükəsizliyinin təmin edilməsi, o cümlədən korporativ informasiya məkanında potensial təhdidlərə qarşı qabaqlayıcı tədbirlər öz əksini tapıb. Bununla yanaşı təlimatda dövlət qurumlarında informasiya təhlükəsizliyinin təşkili və təmini qaydaları, habelə struktur bölmələr və əməkdaşlar üçün informasiya təhlükəsizliyi sahəsində məcburi tələblər müəyyənləşdirilib.