Çağırışçı gənclər ordu sıralarına yola salınıblar - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu gün Naxçıvan şəhərində və Babək rayonunda da çağırışçıların yola salınması mərasimləri keçirilib.
Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər və Babək Rayon idarələrində təşkil olunan mərasimlərdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Mərasimlərdə 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfərin əhəmiyyəti vurğulanaraq bildirilib ki, ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu strategiyası ölkəmizdə və onun Naxçıvan Muxtar Respublikasında uğurla davam etdirilir. Bu gün Silahlı Qüvvələrin bütün qoşun növləri ən müasir maddi-texniki baza və silah arsenalı ilə təmin edilib. Hərbi hissələrimizdə olan birlik, vətənpərvərlik və yüksək döyüş əhval-ruhiyyəsi torpaqlarımızın etibarlı müdafiəsinə və toxunulmazlığına tam təminat verir.
Çıxış edənlər bu gündən Azərbaycan əsgəri adını daşıyan bütün çağırışçılara bu məsuliyyətli və şərəfli yolda müvəffəqiyyətlər arzu ediblər.
Çağırışçılar adından çıxış edənlər ordu sıralarında xidmət edəcəkləri üçün qürur hissi keçirdiklərini bildirib və tədbir iştirakçılarını əmin ediblər ki, vətənə ləyaqətlə xidmət edəcək, hərbi xidməti daşıdıqları ada layiq şəkildə başa vuracaqlar.
Mahmud Hüseynov