Uşaqlarda hepatit hallarının baş verməsinə səbəb adenovirus infeksiyası ola bilər

A- A A+

Böyük Britaniya Səhiyyə Təhlükəsizliyi Təşkilatı (UKHSA) ailələri uşaqlarda sarılıq əlamətlərinə diqqət yetirməyi tövsiyə edib. Səhiyyə rəsmiləri son günlər bir çox ölkədə bəzi azyaşlı uşaqlarda müşahidə edilən hepatit hadisələrinin cəmiyyətdə yayılmış virus növü olan adenovirusun səbəb ola biləcəyini açıqlayıb. Bu günə kimi 169 yoluxma faktı aşkarlanıb, bir uşaq həyatını itirib. İngiltərədə virusun aşkarlandığı 114 uşaqdan 10-nun qaraciyər transplantasiyasına ehtiyacı var. Britaniya Sağlamlıq Təhlükəsizliyi Təşkilatı əsasən adenovirusun F41 ştamından şübhələndiyini bildirib.

NUHÇIXAN İnformasiya Agentliyi Böyük Britaniyanın Səhiyyə Təhlükəsizliyi Təşkilatına istinadla bildirir ki, hepatitin əlamətləri aşkarlanan uşaqların əksəriyyəti beş yaşından kiçik olanlardır. Uşaqlarda simptomlar arasında ishal, ürəkbulanma və dərinin saralması halları müşahidə edilir. UKHSA-nın professoru Meera Chand virusun yayılmasının digər mümkün səbəblərini araşdırmağa davam etdiklərini bildirib.

Mütəxəssislərin sözlərinə görə, bu virusa yoluxan uşaqların əksəriyyətində ciddi bir xəstəlik yoxdur, lakin qaraciyərin çox cüzi bir hissəsində hepatit kimi tanınan iltihablaşma baş verir.

Liverpul Universitetinin yoluxucu xəstəliklər üzrə professoru Calum Semple bildirib ki, COVID-19 pandemiyası zamanı tətbiq edilən tədbirlərə əsasən adenorivus demək olar ki, tamamilə yox oldu və indi onun yeni bir dalğası başlayıb.

İngiltərədə təsdiqlənmiş hepatit hallarının heç birində uşaqlara koronavirus infeksiyasına qarşı peyvənd vurulmayıb.

Mütəxəssislər virusun simptomlarını daşıyan uşaqların 48 saat ərzində məktəbə getməməyi tövsiyə edib, əlyuma kimi gigiyena tədbirlərinin virusların yayılmasının qarşısını almağa kömək etdiyini xatırladıb.

Azərbaycan Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin yaydığı birgə məlumata əsasən indiyə qədər Azərbaycanda uşaqlarda mənşəyi məlum olmayan hepatit virusuna yoluxma halı aşkarlanmayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: