İctimaiyyətlə əlaqələr fenomeni

A- A A+

İctimaiyyətlə əlaqələr XX əsrin fenomeni olsa da, alimlər yaxın keçmişdə yaranmış bir sıra fəaliyyət növləri kimi ictimaiyyətlə əlaqələr fəaliyyətinin də köklərini uzaq keçmişdə axtarmağa çalışırlar. Onlar Qədim Şərqdə, Yunanıstanda, Romada, Çində baş vermiş bir sıra ideoloji və dini hərəkatların ardıcıllarını, məsələn, xristianlığı yayan apostolları, Maninin, Məzdəkin ardıcıllarını, sufiləri az qala ilk ictimaiyyətlə əlaqələr mütəxəssisləri adlandırırlar.

XIX əsrin əvvəllərində Britaniya hökumətində təmsil olunmuş mətbuat katibləri ictimaiyyətlə əlaqələr sahəsində ilk funksionerlər hesab edilir. 70-80-ci illərdə özündə sosial psixologiyanın, məntiqin, informatikanın, marketinqin müxtəlif sahələrini birləşdirən bu fəaliyyət növü qərb ölkələrində bir çox dövlət və özəl qurumların, kommersiya və qeyri-kommersiya təşkilatlarının əlində ictimai fikrə təsir etmək üçün güclü bir vasitəyə çevrildi.

PR (ingilis dilində: public relations) və ya ictimaiyyətlə əlaqələr təşkilatın məqsədləri istiqamətində hər hansı mal, insan, şirkət, hadisə, ictimai hərəkat, partiya, qeyri-hökumət təşkilatı və s haqqında ictimai rəyin formalaşması, ictimai informasiyanın verilməsi və onunla əməkdaşlığa əsaslanan kompleks tədbirlərdir.

 Bu gün texnologiyanın inkişafı sayəsində informasiya axımı son dərəcə sürətlidir. Bu sürətli inkişaf içərisində ictimaiyyətlə əlaqələr bütün informasiya elementləri ilə əməkdaşlıq edir.

Mətbuat xidmətinin öncədən iki başlıca funksiyası olub: maraqlarını qoruduğu təşkilatın mətbuatla və mətbuat vasitəsilə cəmiyyətlə əlaqələrini təmin etmək, onun fəaliyyəti haqqında ictimaiyyəti məlumatlandırmaq və həmin təşkilatın rəhbərliyini müxtəlif sahələr üzrə mətbuatda gedən informasiya ilə, habelə ictimai rəylə tanış etmək. Son dövrlər mətbuat xidmətlərinə üçüncü bir funksiya da aid edilməyə başlayıb: imic yaratmaq, pablik rileyşnz (PR) sahəsində tədbirlər həyata keçirmək.

Nəzərdə saxlamaq lazımdır ki, mətbuat xidməti də prinsipcə kütləvi informasiya vasitəsidir: onun öz efiri yoxdur, amma ağıllı tərpənsə, eyni vaxtda bir neçə kanalla efirə çıxa bilər; onun qəzeti yoxdur, lakin işini düzgün qursa, bir gündə bütün aparıcı nəşrlərin birinci səhifəsini tuta bilər. Sadəcə olaraq o, konkret maraqlara xidmət edir və mətbuat xidmətinin hazırladığı məhsul tamam başqa - spesifik bir prosesin nəticəsidir.

Media ilə qarşılıqlı əlaqələr

Mesajın hədəf kütləyə ən geniş şəkildə çatdırılması media vasitəsilə olur. Qurumun planının tətbiqində ən böyük köməkçisi hər zaman üçün mediadır. Mediada yer ala bilmək və dolayısı ilə qurum üçün üstünlük gətirəcək mesajları ictimaiyyətə çatdırmaq üçün doğru media quruluşlarını və doğru mesajları seçmək gərəkdir. Bunun üçün mətbuat xidməti yazılı medianın, radio və televiziya quruluşlarının özəlliklərini, güclü və zəif yönlərini yaxşı bilməlidir.

Media ilə qurulan bütün münasibətlər bir fürsət olaraq dəyərləndirilməlidir. Bu fürsətlər hər kəs üçün fərqlidir. Media ilə münasibət qurarkən gərəkən bir xüsus, internet də daxil olmaqla, bütün kommunikasiya vasitələrinin eyni dərəcədə önəmli olduğudur.  Media ilə əlaqələrin təməl daşını məlumat formalaşdırır. Bir işi uğurlu icra etməyimiz, o iş haqqında nə qədər məlumat sahibi olmağımızla bağlıdır.

Elektron kütləvi informasiya vasitələri hər hansı yeniliyi milyonlarla insana eyni zamanda çatdırmaq gücünə malikdir. Radio və televiziya - olduqca dinamik kütləvi informasiya vasitələridir və bu, onların ən üstün cəhətidir. Mətbuat xidmətləri həmişə bunu nəzərdə saxlamalı və efirdə yayımlanması üçün hazırladıqları materialların yığcam olmasının qayğısına qalmalıdırlar. Efir vaxtı ciddi şəkildə məhdudlaşdırılır. Buna görə də televiziyada və radioda yeniliklər mümkün qədər sürətlə təqdim olunmalı, təqdimat üçün seçilmiş janrın tələblərinə tam riayət edilməlidir.

Daha bir cəhət mətbuat xidmətini efir vaxtına xüsusi ehtiyatla yanaşmağa vadar edir: televiziya tamaşaçılarının və radio dinləyicilərinin bir düyməni basmaqla kanalı çevirmək və sizin materialınızdan birdəfəlik imtina etmək imkanı vardır. Bu səbəbdən də təqdim etdiyiniz mətn və süjetlər auditoriyanı daim cəlb edə biləcək səviyyədə maraqlı olmalıdır.

Efir üçün çıxışa hazırlaşarkən mətbuat xidməti özünün və ya təşkilatın hər hansı digər nümayəndəsinin mövzu üzrə bütün mümkün suallara hazır olduğuna əmin olmalıdır. Amma unutmamalıdır ki , jurnalist istədiyi sualı vermək hüququnu özündə saxlayır. Bu suallar  efirdən əvvəl aparılmış söhbətdə toxunulmamış mövzularla da bağlı ola bilər.

İctimaiyyətlə əlaqə üzrə məsləhətçilər elektron kütləvi informasiya vasitələri ilə necə işləməyin qaydalarını xüsusilə bilməli və həmin qaydalara xüsusi əhəmiyyət verməlidirlər. Çünki maraqlı layihələrin və ideyaların ictimaiyyətə çatdırılmasında bu növ KİV-in rolu durmadan artır və təşkilat onlarla əməkdaşlığa nə qədər yaxşı hazırlaşarsa, özünə bir o qədər yüksək ictimai nüfuz qazana bilər.

Nəşrlər – bülletenlər, broşüralar, kataloqlar və s. ictimaiyyətlə əlaqənin həyata keçirilməsi üçün olduqca səmərəli vasitədir.  Nəşrlərin öz üstünlükləri var. Siz hər şeyi məhz özünüz istədiyiniz kimi hazırlaya bilərsiniz. Həmçinin siz materialı istədiyiniz qədər genişləndirə bilərsiniz ki, oxucular müxtəlif aspektlərin dərinliyinə varsınlar. Belə nəşrlər daha uzunömürlü olur, həm də əldən-ələ ötürülə bilir. Bir sözlə, siz hər şeyi idarə edirsiniz.

İnandırıcı olmaq

İctimaiyyətlə əlaqələr işinin əsas prinsiplərindən biri də mesajların təqdimatında inandırıcı olmaqdır. Verilən mesajların bir neçə dəfə təkrar edilməsinin vacibliyi və önəmi danılmazdır. Hədəf kütlənin diqqətini mövzuya çəkmək və onun üzərində durulub danışılmasını təmin etmək, ancaq bu halda mümkündür. İnsanlar bir dəfə eşidib gördükləri hadisə və yaxud mövzu haqqında çox danışmazlar. Mesajın onların yaddaşında qalması və unudulmaması üçün bu prinsip mütləq tətbiq edilməlidir.

Bundan başqa, dili rahat şəkildə və diqqətlə istifadə edə bilən şəxsin inandırıcı olma şansı daha çoxdur. Dili ən incə xüsusiyyətlərinə qədər öyrənmək, hər bir ictimaiyyətlə əlaqələr mütəxəssisinin peşəkarlığını artıran amildir.

Dövlət idarəçiliyində ictimaiyyətlə əlaqələr

İctimaiyyətlə əlaqələrin əsas hədəflərindən biri dialoq rejimində effektiv ikitərəfli və çoxtərəfli kommunikasiyanın yaradılması və dəstəklənməsidir. Bu kommunikasiyalar dövlətə və ya şirkətə öz mövqeyini, məqsədlərini, məramlarını tez və effektiv bir şəkildə onu maraqlandıran auditoriyaya çatdırmaq və eyni operativliklə auditoriyadakıların fikrini öyrənmək imkanı verir.

İctimaiyyətlə əlaqələr mütəxəssislərinin dövlət siyasəti sahəsində vəzifələrinə aşağıdakılar daxildir:

Dövlət qurumlarının fəaliyyəti haqqında vətəndaşların məlumatlandırılması;

Dövlət proqramlarının həyata keçirilməsində vətəndaşların fəal iştirakının təmin olunması.

Buraya bir vəzifəni də əlavə etmək olar. Bu da dövlət strukturunun müsbət imicinin yaradılmasıdır.

Qurumların ictimaiyyətlə doğru qurulmuş əlaqələri nəticəsində dövlətin apardığı sosial-iqtisadi siyasətin yerlərdə vətəndaşlara təbliğatı yaxşı şəkildə aparılır, dövlət ilə vətəndaşlar arasında informasiya qıtlığı minimum səviyyədə olur, vətəndaşların müraciətlərinin dövlət orqanları tərəfindən dinlənilməsi, yönləndirilməsi və həlli sahəsində iş aparılır, vətəndaşlarla görüşlər təkcə dövlət orqanlarında deyil, yerlərdə səyyar şəkildə də aparılır.

Bu gün dövlət idarəçiliyini daha çox vətəndaşlarla yaxınlaşdıran, vətəndaşların ehtiyaclarını və tələblərini daha yaxşı qarşılayan elektron xidmətlərin göstərilməsidir. Dövlət orqanlarında ictimaiyyətlə əlaqələrin təşkilində texnologiya mühüm rol oynamaqdadır. Belə ki, məlumatların vətəndaşlara ötürülməsi, eyni zamanda vətəndaşların idarəetmədə iştirakı texnoloji yeniliklər vasitəsilə reallaşmaqdadır.

Naxçıvan modeli

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2005-ci il 18 may tarixli müvafiq Sərəncamı ilə dövlət orqanlarında “mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçi” ştatı təsis olunub, orqanların mətbuat və ictimaiyyətlə əlaqələr üzrə fəaliyyətlərinin təşkili bu sahələr üzrə məsul əməkdaşlara həvalə edilib. Bununla yanaşı, ictimaiyyətin vaxtında və düzgün məlumatlandırılması işi də diqqətdə saxlanılaraq, dövlət orqanlarının rəsmi internet saytları yaradılıb ki, bu da işin daha səmərəli təşkilinə şərait yaradır. Muxtar respublikada iqtisadiyyatın bütün sahələrində yeni texnologiyaların tətbiqi və sürətli internetə çıxış imkanlarının yaradılması informasiya-məlumatlandırma işini müasir dövrün tələblərinə uyğun təşkil etməyə imkan verir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun tapşırığına uyğun olaraq muxtar respublikada dövlət orqanlarının mətbuat xidmətlərinin əməkdaşları ilə kütləvi informasiya vasitələri nümayəndələrinin görüşlərinin keçirilməsi bu sahədə fəaliyyətin gücləndirilməsi və qarşılıqlı əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Dövlət orqanlarının mətbuat xidmətlərinin öz işini Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi ilə uzlaşdırması görülən işlərin daha effektiv və səmərəli olmasına şərait yaradır.

Onu da qeyd etmək lazımdır ki, Naxçıvan Muxtar Respublikasının dövlət orqanlarında mətbuat xidmətlərinin fəaliyyətlərinin təşkili və qarşıda duran vəzifələrlə bağlı keçirilən tədbirdə qarşıya qoyulan vəzifələrin icrasını təmin etmək məqsədilə Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət orqanlarının mətbuat və ictimaiyyətlə əlaqələr üzrə məsul əməkdaşlarının attestasiyası keçirilib. Bu isə mətbuat xidmətlərinin işinə diqqətin daha da artırılmasına və mətbuat xidməti əməkdaşlarının öz işinə daha diqqətli yanaşmalarına, işlərini günün tələbləri səviyyəsində qurmalarına imkan vermiş olur.

Dövlət orqanlarında mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçi vəzifəsinə işə qəbul üçün esse imtahanının keçirilməsi daha peşəkar kadrların seçilməsinə imkan yaradır. Yazılan esseyə əsasən namizədlər ixtisas bacarığı, mövzunun əhatə olunması və faktlara istinad, üslub, orfoqrafik qaydalara riayət və yaradıcılıq qabiliyyəti baxımından qiymətləndirilir.

İşə qəbul olmaq istəyənlərin iddia etdikləri vəzifələrə uyğunluğu müəyyən edilərkən, eyni zamanda onların bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü də yoxlanılır. Namizədin emosional sabitliyi, məsuliyyətliliyi, məqsədyönlülüyü, dürüstlüyü, özünütənqid, nüfuzetmə, təhliletmə, ünsiyyətqurma bacarıqları vəzifə üçün zəruri keyfiyyətlər kimi müəyyənləşdirilir.

Təşkilatın siması olmaq asandırmı?

Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis həm də təşkilatın simasıdır. KİV ilə formalaşmış kontaktlar, bilik və səriştə, yüksək intellekt və səlis danışıq qabiliyyətinə malik olmaq onun əsas xüsusiyyətlərindən olmalıdır.

Digər adı ilə “PR menecer”in nə ilə məşğul olduğu elə onun peşəsinin adından görünür, o təşkilatla cəmiyyət arasında dialoq qurur. İctimaiyyətlə əlaqələr mütəxəssisinin vəzifələrini bu cür qruplaşdırmaq olar:

İnformasiya materiallarının yayılması üçün ən əlverişli kütləvi informasiya vasitələrinin seçilməsi və onlarla əlaqələrin qurulması;

Mətbuatın monitorinqi;

Əsas əlaqələr, informasiya kanalları və s. üzrə məlumat banklarının yaradılması;

Press-relizlərin hazırlanması;

Dövlət strukturları və mühüm ictimai institutlarla münasibətlərin qurulması.

İctimaiyyətlə əlaqələr üzrə məsləhətçinin işə qəbul edilməsi üçün işəgötürənlərin də tələbləri var. Bunun üçün ictimai əlaqələr, jurnalistika və ya filologiya sahəsində təhsil, iş təcrübəsi, savadlı şifahi və yazılı nitq, əla kommunikasiya bacarıqları, məhdud zaman çərçivəsində əla nəticə göstərmək qabiliyyəti, analitik düşüncə tərzi, böyük həcmlərdə informasiyanı qəbul etmək və qavramaq bacarığı və s. şərtləri ödəmək tələb olunur.

İctimaiyyətlə əlaqələr üzrə mütəxəssis diqqət etməlidir

Mətbuat xidmətləri fəaliyyətlərini kütləvi informasiya vasitələri ilə qarşılıqlı əməkdaşlıq şəraitində qurmalıdırlar. Dövlət qurumlarının mətbuat xidmətləri tərəfindən qəzet və televiziyalara peşəkar arayış və hesabatlar təqdim edilməli, müsahibələr verilməli, həmin əməkdaşlar təşkilatın fəaliyyəti barədə veriliş və məqalələrin hazırlanmasında yaxından iştirak etməlidirlər.

Mətbuatla əlaqələr üzrə məsul şəxslər mövcud qanunvericiliyi öyrənməli və fəaliyyətlərini bu istiqamətdə qurmağa çalışmalıdırlar. Kütləvi informasiya vasitələrinə məlumatlar təqdim edilərkən dövlət orqanlarının fəaliyyət istiqamətinə uyğun açıq informasiyaların verilməsi əsas götürülməli, Azərbaycan Respublikasının qanunvericiliyi ilə məhdudlaşdırılan və ya dövlət sirri hesab edilən informasiyaların ictimailəşdirilməsinin qarşısı alınmalıdır.

Müasir cəmiyyətdə informasiya siyasətinin düzgün qurulmasına yalnız qarşılıqlı əməkdaşlığın səmərəli təşkili ilə nail olmaq mümkündür. Mərkəzi icra hakimiyyəti orqanları ilə kütləvi informasiya vasitələri arasında informasiya – məlumatlandırma işinin təşkili düzgün qurulmalı, kütləvi informasiya vasitələri ilə dövlət orqanlarının mətbuat xidmətlərinin qarşılıqlı əməkdaşlığına nail olunmalıdır.

Mətbuat xidmətləri dövlət proqramlarının icra vəziyyəti barədə məqalələr işləməli, kütləvi informasiya vasitələrindən daxil olan sorğuları operativ formada araşdırmalı və qanunvericiliyin tələblərinə uyğun olaraq qısa müddətdə cavablandırmalıdırlar.

Teleradio və qəzetlərin əməkdaşları araşdırma apardıqları mövzu ilə bağlı sorğuları aydın, əhatəli və peşəkar formada təqdim etməli, həmin informasiyalar yayılarkən mətbuat xidmətlərinə istinad olunmalıdır.

PS. Bu günlərdə mətbuat xidmətləri həm də qurumun internet-sosial məkanlardakı obrazını formalaşdırmağa çalışırlar, bu zaman PR və internet marketinqin vəzifələri bir-birinə qarışır. Onlar sosial şəbəkələrdəki forumlarda iştirak edir, qurumun səhifəsini yaradır və onun məzmununa nəzarət edir, digər səhifələrdə qurum haqqında gedən söhbətlərdə onun nüfuzunu və maraqlarını qorumağa çalışır. Bir növ sosial şəbəkələr vasitəsilə ictimaiyyətlə əlaqələr yaradır. Bütün bunlar isə mətbuat xidməti əməkdaşlarından öz işini günün tələbləri səviyyəsində qurmağı, çalışdıqları qurumun müsbət imicinin yaradılması, obyektiv məlumatın kütləvi informasiya vasitələrinə zamanında, aydın şəkildə çatdırılması üçün səy göstərməyi və daima öz üzərində çalışmağı tələb edir. Çünki böyük bir auditoriya bir qurumu bəzən məhz mətbuat xidmətinin simasında tanıyır.

 

Məmməd Babayev

Dövlət İmtahan Mərkəzinin

mətbuat və ictimaiyyətlə əlaqələr üzrə

baş məsləhətçisi

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: