Sosial qayğıya ehtiyacı olan 15 ailəyə aktivlər verilib - FOTOLAR
Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsi, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Banklar Assosiasiyası arasında bağlanan Memorandum çərçivəsində sosial qayğıya ehtiyacı olan 15 ailə müvafiq aktivlərlə təmin olunub.
Bu barədə Naxçıvan Muxtar Respublikası Əməkvə Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə məlumat verilib. Bildirilib ki, aktivlərin sənədlərinin təqdim olunması məqsədilə keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Nicat Babayev muxtar respublikada sosial qayğıya ehtiyacı olan ailələrə göstərilən dövlət qayğısı, onların məşğulluğunun təmin olunması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb.
Azərbaycan Respublikasının Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri Elçin Əliyev isə çıxışında qeyd edib ki, Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsi, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Banklar Assosiasiyası arasında həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdaşlığa dair imzalanmış memoranduma əsasən, muxtar respublikanın bank sektorunun da sosial layihələrin reallaşdırılmasında iştirak etmək imkanı əldə etdiyini deyib, bu sahədə görülən işlər və qarşıya qoyulan vəzifələrdən bəhs edib.
Tədbirdə ötən dövr ərzində proqramın icrası çərçivəsində əldə olunan nəticələrdən də danışılıb.
Daha sonra yeni aktiv verilmiş ailələrin üzvlərinə müvafiq sənədlər təqdim olunub. Bu mərhələdə, 1 nəfərə avtoçilingər, 2 nəfərə avtomobil şinlərinin təmiri, 2 nəfərə kiçik dülgər sexi, 1 nəfərə telefon təmiri, 1 nəfərə kiçik foto-atelye zərfi üzrə avadanlıqlar, 1 nəfərə bərbər-manikürçü, 3 nəfərə dərzi avadanlıqları və ləvazimatları, 1 nəfərə mini yerşumlayan aqreqat və qoşqu, 3 nəfərə isə heyvandarlıq sahəsi üzrə canlı aktivlər verilib. Özünüməşğulluğu təmin edilmiş ailələrin üzvlərindən 6 nəfərini əlilliyi olan şəxslər, 1 nəfərini müharibə veteranı, 3 nəfərini şəhid ailəsi üzvü, 1 nəfərini cəzaçəkmədən azad olunan, 1 nəfərini ailə başçısını itirən, 1 nəfərini isə nikahı pozulanlar təşkil edib.
Aktivlərlə təmin olunan vətəndaşlar göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirib, verilmiş aktivlərdən səmərəli istifadə etməyə çalışacaqlarını qeyd ediblər.
Qeyd edək ki, belə tədbirlərin davamlılığını təmin etmək məqsədilə digər özəl kommersiya təşkilatları ilə də birgə layihələrin icrası gözlənilir. İlkin mərhələdə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və “Nəqşicahan Holdinq” Şirkətlər Qrupunun birgə layihəsi əsasında 10 sosial qayğıya ehtiyacı olan ailənin özünüməşğulluq proqramına cəlb olunması nəzərdə tutulub.