Təhsil televiziyası və radiosunun yeni internet saytının və studiyasının təqdimatı olub - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, aprelin 27-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Televiziya və Radio Verilişləri Redaksiyasında bu münasibətlə tədbir keçirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Ülvi Hüseynli çıxış edərək bildirib ki, bu gün muxtar respublikanın təhsil televiziyası və radiosunun internet saytının və yeni studiyasının təqdimatı keçirilir. Muxtar respublikanın kütləvi informasiya vasitələri müasir maddi-texniki bazaya, o cümlədən yayım və çap avadanlıqlarına malikdir. İlk dəfə ölkəmizdə rəqəmsal və yüksək keyfiyyətli yayıma muxtar respublikada keçilməsi, İP televiziyanın tətbiqi, informasiya agentliyinin yaradılması, media orqanlarının internet saytlarının fəaliyyətə başlaması, bütün yaşayış məntəqələrində televiziya yayımının təşkil olunması və sürətli internetə çıxış imkanının yaradılması informasiya-məlumatlandırma işinin günün tələbləri səviyyəsində qurulmasına şərait yaradıb. Həmçinin Naxçıvan Dövlət Universitetində jurnalistika ixtisasının açılması, həmin ixtisasın media orqanlarına hamiliyə verilməsi bu sahədə kadr hazırlığı işinə mühüm töhfə verib.

Bildirilib ki, Ali Məclis Sədrinin müvafiq Sərəncamı ilə 2020-ci ilin 18 dekabrından etibarən Televiziya və Radio Verilişləri Redaksiyası Təhsil Nazirliyinin tabeliyinə verilib, muxtar respublikada ilk dəfə təhsil televiziyası və radiosu fəaliyyətə başlayıb. Kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının gücləndirilməsi sahəsində görülən işlər teleradionu da əhatə edib. Ötən dövrdə Televiziya və Radio Verilişləri Redaksiyasının fəaliyyəti daim diqqətdə saxlanılıb, redaksiyanın yubileyləri qeyd olunub, əməkdaşlar təltif edilib, əməkhaqları artırılıb.  Bu gün yeni internet saytının və studiyanın istifadəyə verilməsi də bu sahədə görülən işlərin davamıdır.

Diqqətə çatdırılıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fəaliyyətlə bağlı müəyyənləşdirdiyi vəzifələrin icrası təhsil teleradiosunun kollektivi tərəfindən bundan sonra da diqqət mərkəzində saxlanılmalıdır.

Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov deyib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 18 dekabr tarixli Sərəncamı ilə muxtar respublikada təhsillə bağlı teleradio proqramlarının hazırlanması və yayımını təmin etmək, eləcə də sistemli maarifçilik işinin aparılması məqsədilə Televiziya və Radio Verilişləri Redaksiyası Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyinə verilib. Bu, muxtar respublikada təhsilə göstərilən dövlət qayğısının növbəti bariz nümunəsi olmaqla, təhsilin informasiyalaşdırılmasında yeni bir mərhələnin başlanğıcı olub. 2021-ci il yanvarın 1-dən etibarən “Kanal 35” televiziyası və “Naxçıvanın səsi” radiosu təhsillə bağlı televiziya və radio proqramlarını hazırlayan və yayımını həyata keçirən teleradio yayımçısı kimi fəaliyyətini davam etdirməklə muxtar respublikanın təhsil müəssisələri ilə qarşılıqlı fəaliyyət göstərir. Ötən dövrdə redaksiya tərəfində 800-dən artıq videomaterial hazırlanaraq yayımı təşkil olunub.

Qeyd olunub ki, Televiziya və Radio Verilişləri Redaksiyası Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə əhatə olunub. 2021-ci ilin may ayından redaksiyanın efir vaxtı və fəaliyyətinin gücləndirilməsi məqsədilə ştat sayı artırılaraq 24-ə çatdırılıb. Sədərək və Duzdağ Radio-Televiziya Ötürücü stansiyalarının müasir standartlara cavab verən avtomatik köklənmə sistemi ilə təchiz olunması isə sərhədyanı ərazilərdə də “Naxçıvanın səsi” radiosunun daha keyfiyyətlə yayımlanmasını təmin edib. Həmçinin redaksiyanın maddi-texniki bazasınının gücləndirilməsi də diqqətdə saxlanılıb, redaksiyaya müasir montaj kompüterləri, kameralar, mikrofonlar olmaqla, ümumilikdə, 17 adda 37 yeni televiziya avadanlıqları alınıb. “Kanal 35” televiziyasının çəkiliş studiyası da müasir dizaynda yenidən qurulub, artıq burada teledərslərin də hazırlanmasına başlanılıb. Redaksiyanın yeni kanal35.az internet saytı və onun mobil tətbiqi də hazırlanıb. Sayt ümumi dizaynı, məzmunu, istifadəçi rahatlığı, texniki imkanları baxımından müasir standartlara tam cavab verir. Saytın istifadəyə verilməsi ilə televiziya və radionun tamaşaçı və dinləyiciləri veriliş və proqramlar haqqında məlumatları daha operativ şəkildə əldə edə biləcəklər. Rəhman Məmmədov yaradılan şəraitə görə redaksiyasının kollektivi və Təhsil Nazirliyi adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıq edib.

“Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Sahil Tahirli, Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının sədri Rauf Əliyev, “Şərq qapısı” qəzetinin baş redaktoru Mehriban Sultanova çıxış edərək yeni studiyanın və internet saytının istifadəyə verilməsi ilə kollektivin yaradıcılıq imkanlarının genişlənəcəyini, muxtar respublika jurnalistikasının inkişafına öz töhfəsini verəcəyini bildirib, bunu Ali Məclis Sədrinin medianın və təhsilin inkişafına qayğısı kimi dəyərləndiriblər.

Sonra kanal35.az saytının təqdimatı olub. Təqdimat zamanı Televiziya və Radio Verilişləri Redaksiyasının baş redaktoru Ramal Məmişov məlumat verib ki, sayt radio və televiziya olmaqla, 1 əsas və 2 yan bölmə olaraq 56 alt bölmədən ibarətdir. Əsas menyuda “Haqqımızda”, “Təhsil”, “Verilişlər”, “Filmlər”, “Proqram” bölmələri yerləşdirilib. Saytın əsas səhifəsində müasir formada slayder bölməsi hazırlanıb. Həmin bölmə verilişlərin təqdimatı barədə qısa informasiyaları əks etdirir. Əsas səhifədə “Canlı dinlə” və “Canlı izlə” bölmələri mövcuddur. “Canlı dinlə” bölməsinə klikləməklə birbaşa “Naxçıvanın səsi” radiosunun səhifəsinə keçid edərək radionun efir studiyasını canlı izləmək və radio proqramlarını dinləmək imkanı yaradılıb. “Təhsil” bölməsində 5 alt qrupda təhsil pillələrinə uyğun olaraq teledərslər yerləşdirilib. “Təhsildə bu gün” alt bölməsində isə gün ərzində təhsillə bağlı materiallar operativ olaraq yenilənir. Saytın üstün cəhətlərindən biri də “Xəbər lenti” bölümündə ölkədə, muxtar respublikada, eləcə də dünyada baş verən operativ və mühüm xəbərlər yer alır. Sayt davamlı olaraq foto və video-xəbərlərlə zənginləşdirilir. Həmçinin yeni saytın mobil telefonlar üçün interfeysi də müasir dizaynda hazırlanaraq bütün növ əməliyyat sistemləri və brauzerlərə uyğunlaşdırılmışdır. Sayt “SSL” təhlükəsizlik sertifkatına sahibdir və “firewall” təhlükəsizlik sistemi ilə qorunur.

Televiziya və Radio Verilişləri Redaksiyasının baş redaktoru çıxışının sonunda yaradılan müasir şəraitə, göstərilən dövlət qayğısına görə muxtar respublika rəhbərinə minnətdarlıq edib, redaksiya kollektivinin tədrisyönümlü televiziya və radio kimi qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün əzmkarlıq və səylə çalışacağını vurğulayıb.

“Kanal 35” televiziyasının yenidən qurulan çəkiliş studiyasına baxış zamanı məlumat verilib ki, müasir dizaynda hazırlanan studiya yeni veriliş və proqramların hazırlanmasına imkan yaradır. İstifadəyə verilən yeni studiyada veriliş və proqramlarla bərabər teledərslərin də hazırlanması nəzərdə tutulur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: