Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 25 iyun tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamının icrası ilə əlaqədar Naxçıvan Dövlət Universitetinin Hüquqşünaslıq ixtisası üzrə 4-cü kurs tələbələri bir ay ərzində Naxçıvan Şəhər Prokurorluğunda təcrübədə olublar.
Naxçıvan Şəhər Prokurorluğundan NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, təcrübə müddətində tələbələrə maddi sübutların saxlanması, mühafizəsi və uçotunun aparılması qaydaları, hadisə yerinə baxış zamanı əl-barmaq izlərinin, mikrohissəciklərin aşkar edilməsinin, fiksasiyasının və götürülməsinin xüsusiyyətləri, istintaq hərəkətləri zamanı foto və video çəkilişlərlə bağlı praktiki məşğələlər keçirilib.
Naxçıvan şəhər prokurorunun köməkçisi II dərəcəli hüquqşünas Aygül Əsədova cinayət işinin istintaqı zamanı aparılan istintaq hərəkətləri, o cümlədən cinayət işinin başlanması, təqsirləndirilən şəxs qismində cəlbetmə, ittihamı elan etmə qaydaları, dindirmə və üzləşdirmə məsələləri, ittihamın müdafiəsi və istintaq hərəkətlərinin sənədləşdirilməsi haqqında tələbələrə məlumat verib. Təcrübə müddətində qanunvericiliyin digər istiqamətləri ilə bağlı tələbələri maraqlandıran suallar da ətraflı cavablandırılıb.