Akademik Zərifə Əliyeva - 99 mövzusunda tədbirlər keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu gün muxtar respublikada görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 99-cu ildönümü münasibətilə konfrans və tədbirlər keçirilib.                

 “Naxçıvan” Universitetində keçirilən konfransda universitetin rektoru Nurlana Əliyeva görkəmli oftalmoloq-alimin zəngin və çoxşaxəli fəaliyyətindən bəhs edərək bildirib ki, Zərifə xanım Əliyeva Azərbaycan tibb elminin əsl fədaisi olmaqla yanaşı, həm də onun simasında nəcib Azərbaycan qadını, vəfalı ömür-gün yoldaşı, fədakar ana obrazı görürük. Vətənə məhəbbət və xeyirxahlıq kimi keyfiyyətlər də Zərifə xanımın portretini tamamlayan əsas cizgilərdir.

Rektor vurğulayıb ki, Azərbaycan oftalmologiyasının bugünkü inkişafı həm klinik, həm elmi baxımdan Zərifə xanımın adı ilə bağlıdır. Görkəmli oftalmoloq alimin zəngin irsi, tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifələridir. Onun nəşr olunan 200-dən artıq elmi işi oftalmologiya sahəsində bir sıra yeniliklərin, o cümlədən bir sıra peşə xəstəliklərinə qarşı effektiv müalicə metodlarının tətbiqinə böyük töhfələr verib.

Zərifə xanım Əliyevanın pedaqoji fəaliyyətindən də söz açan rektor qeyd edib ki, görkəmli alim keçmiş sovet məkanında böyük laboratoriya yaratmışdı ki, burada həm xəstələr müalicə olunur, həm də elmi tədqiqatlar aparılırdı. Onun elmi və pedaqoji fəaliyyətlərinin istiqamətləri bu gün də aktuallığını itirməyib.

Konfransda Təbiət elmləri kafedrasının müəllimləri Aynurə Qulamova, dosent Həmidə Seyidova və universitetin “Kimya biologiya müəllimliyi” ixtisası üzrə IV kurs tələbəsi Sənan Düniyevin akademik Zərifə Əliyevanın mənalı ömür yolu və zəngin elmi fəaliyyəti ilə bağlı çıxışları dinlənilib.

Konfransda görkəmli oftalmoloq alimin həyat və fəaliyyətini əks etdirən videoçarx izlənilib, “Akademik Zərifə Əliyeva – 99” adlı sərgiyə baxış olub.

Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasında keçirilən tədbirin iştirakçıları əvvəlcə görkəmli oftalmoloq alimin poliklinikanın foyesindəki büstü önünə gül dəstələri qoyub, onun xatirəsinə həsr olunmuş guşədə alimin həyat və fəaliyyətini əks etdirən foto və kitablarla, eləcə də tanınmış şəxsiyyətlərin görkəmli oftalmoloq-alim haqqında fikirləri ilə tanış olublar. 

Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini Samrat Gəncəyeva qeyd edib ki, Naxçıvan Şəhər Poliklinikası 1990-cı ildən akademik Zərifə xanım Əliyevanın adını daşıyır. Ümummilli lider Heydər Əliyev 1990-cı və 1999-cu illərdə poliklinikada olub. 2012-ci ilin mayında ölkə Prezidenti İlham Əliyev Zərifə xanım Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasının yeni binasının açılışında iştirak edib.                          

Naxçıvan    Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aytən Məmmədova “Akademik Zərifə xanım Əliyeva fədakar insan, əsl Azərbaycan qadını kimi”, Naxçıvan Şəhər Poliklinikasının baş həkimi Səadət İbrahimova “Zərifə xanım Əliyeva insanlara nur bəxş edən ləyaqət simvolu kimi” və Naxçıvan Muxtar Respublika Xəstəxanası Göz xəstəlikləri şöbəsinin bölmə müdiri Kəmalə Əliyeva “Zərifə xanım Əliyevanın ictimai fəaliyyəti və Azərbaycan səhiyyəsinə verdiyi töhfələr” mövzularında məruzələr ediblər.

Vurğulanıb ki, ömrünü tibb elminə həsr edən görkəmli alim Zərifə xanım Əliyeva 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 160-a yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. Onun zəngin pedaqoji və elmi təcrübəsi “Oftalmologiyanın aktual məsələləri” monoqrafiyasında öz əksini tapıb.

Tədbirdə Naxçıvan  Qızlar Liseyinin  şagirdləri görkəmli alimə həsr olunmuş şeirlərdən bədii qiraət edib və Zərifə Əliyeva şəxsiyyətinə həsr olunmuş sənədli filmə baxış olub.

 

Adilə Səfərova

Aynur Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: