Naxçıvanda könüllü yanğınsöndürmə dəstələrinin hazırlığı diqqətdə saxlanılır - FOTOLAR
Yanğın təhlükəli və təhlükə potensiallı obyektlərdə yanğın təhlükəsizliyinin etibarlı təmin edilməsi məqsədilə muxtar respublikada tədbirlər diqqət mərkəzində saxlanılır. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu məqsədlə yaradılan könüllü və idarədənkənar yanğından mühafizə komandalarının döyüş və pеşə hazırlığının artırılması üçün tədbir keçirilib. Müvafiq vəzifəli şəxslərin iştirakı ilə keçirilən tədbirdə yanğın-xilasetmə hazırlığı üzrə normativlər qəbul olunub.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayında keçirilən tədbirdə Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin rəisi, daxili xidmət polkovniki Ehtiram Məmmədov muxtar respublikada yaradılan könüllü və idarədənkənar yanğından mühafizə komandalarının fəaliyyəti barədə məlumat verib.
Qeyd olunub ki, təhlükə potensiallı obyektlərdə yanğın təhlükəsizliyinin etibarlı təmin edilməsi və baş verə biləcək yanğınların vaxtında qarşısının alınması məqsədilə yaradılan könüllü və idarədənkənar yanğından mühafizə komandalarının şəxsi heyətinin döyüş və peşə hazırlığının artırılması diqqətdə saxlanılır. Şəxsi heyətin bilik və bacarıqlarının artırılması üçün təlimlər, məşğələlər və idman yarışları keçirilir, komandalar yanğınların söndürülməsinin metod və üslubları barədə məlumatlandırılır.
Diqqətə çatdırılıb ki, keçirilən tədbirin məqsədi obyektə baş verən yanğının söndürülməsində komandaların Dövlət Yanğın Təhlükəsizliyi şöbələri arasında qarşılıqlı fəaliyyətin təşkilinə nail olmaq, obyektlərdə işçi heyətin yanğınla mübarizəyə və xilasetmə tədbirlərinə hazırlıq vəziyyətini müəyyən etmək, çevik reaksiyanı və birgə komanda işini qiymətləndirmək, həmçinin təcrübəni artırmaqdan ibarətdir.
Fövqəladə Hallar Nazirliyinin bölmə rəisi, daxili xidmət mayoru Hasil Məmmədov qeyd edib ki, könüllü və idarədənkənar yanğından mühafizə komandalarının istifadəsində olan yanğınsöndürmə avtomobilləri və inventarlar daim saz və döyüşə hazır vəziyyətdə saxlanılmalı, onlara vaxtlı-vaxtında texniki qulluq göstərilməlidir.
Tədbirdə yanğınsöndürmə аvtоmоbillərinin tаktiki-tехniki хüsusiyyətləri, invеntаr və аvаdаnlıqlаrdan istifadə, həmçinin avtоmоbildən suyun və köpüyün vеrilməsi qaydaları ətraflı izah edilib.
Tədbirə cəlb olunan könüllü və idarədənkənar yanğından mühafizə komandalarından yanğın-xilasetmə hazırlığı, yanğın avtomobilindən tam döyüş açılışı üzrə normativlər də qəbul olunub.
Sonda qalib komandalara Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin fəxri fərmanları təqdim olunub.
Qeyd edək ki, muxtar respublikada fəaliyyət göstərən müəssisə, idarə və təşkilatlarda yanğınların qarşısının alınması və söndürülməsinin təşkili tədbirlərini həyata keçirmək məqsədilə əməkdaşlar sırasından könüllü yanğınsöndürmə komandaları yaradılır. Həmin komandalar yanğının və ya qəzanın nəticələrinin aradan qaldırılmasında, yanğınsöndürmə üzrə profilaktika tədbirlərinin keçirilməsində iştirak edirlər.
Röyal Kərimov